Rusiya dünyanı qaz sınağına çəkir

Artıq Avropanın kiçik şəhərlərində deyil, eləcə də paytaxtlarında soyuq qışa hazırlıq gedir

  “Şimal axını-1” vasitəsilə qaz tədarükü ilə bağlı problemlər Avropa boru kəmərinin işləməsinə mane olan sanksiyaları aradan qaldırana qədər davam edəcək. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, qazın kəmərə vurulmasında problemlər Almaniya və Böyük Britaniya da daxil olmaqla, Qərb dövlətlərinin Rusiyaya tətbiq etdiyi sanksiyalar səbəbindən yaranıb: "Qazın vurulması ilə bağlı problemləri yarada biləcək başqa səbəblər yoxdur”. Dmitri Peskovun sözlərinə görə, hazırda fəaliyyətdə olan bir aqreqat qalıb: "Sanksiyalar ucbatından boru kəmərinə texniki xidmətin göstərilməsi qeyri-mümkün olub. 

“Şimal axını-1”-in bütün işi sıradan çıxmağa yaxın olan bir aqreqat üzərində qurulub". 

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvanın xəbərdarlığına haqq qazandırıb. Ərdoğan deyib ki, Rusiyaya qarşı Avropanın mövqeyi, sanksiya tətbiq etməsi istər-istəməz Moskvanı da onlara qarşı addım atmağa sövq edib: 

"Putin əlindəki bütün imkan və alətləri istifadə edir. Bunlardan ən önəmlisi də təbii qazdır. Təəssüf ki, istəməzdik, amma belə bir durum Avropada formalaşıb. Avropa bu qışı çətinliklərlə keçirəcək. Ancaq bizim belə problemimiz yoxdur".

  Millət vəkili Vüqar Bayramov deyib ki, rəsmi Moskvanın qaz təchizatının bərpası üçün irəli sürdüyü şərt Qərbin sanksiyaları ləğv etməsidir. Deputatın sözlərinə görə, Rusiyaya qarşı 8-ci paket sanksiyaların müzakirə edildiyi bir zamanda Brüsselin Moskvanın bu şərti ilə razılaşacağı inandırıcı görünmür: "Bu isə o anlama gəlir ki, artıq Avropanın kiçik şəhərlərində deyil, eləcə də paytaxtlarında soyuq qışa hazırlıq gedir. Avropa İttifaqını gözləyən tutqun payız və buzlu qış fəsilləri qədim qitə üçün həm də iqtisadi təsirlər ilə müşahidə olunur. Avro tədavül tarixində dollar nisbətən ən ucuz məzənnə ilə təklif olunur. Avropa İttifaqında inflyasiya dərəcəsi avqust ayında 9.1 faizə yüksəlib. Bir ay öncə ittifaq ölkələrində orta qiymət artımları səviyyəsi 8.9 faiz idi. Ötən il isə bu rəqəm cəmi 2.2 faiz idi.

  Bununla yanaşı, Avropa İttifaqında iqtisadi artım faizi də azalmaqdadır. 2022-ci il üçün 3.7 faiz artım proqnozlaşdırılan avro zonada ÜDM-nin il ərzində 2.8 faiz böyüyəcəyi gözlənilir. Hətta bu göstəricinin də Avropa üçün “sonuncu dayanacaq” olmayacağını düşünənlər az deyil. İttifaq dövlətlərində illik orta iqtisadi artımın daha az olacağı gözlənilir".
  Parlament üzvünün fikrincə, qlobal sanksiyalar artıq Rusiyanın makro-iqtisadi göstəricilərinə təsir göstərməkdədir: "Şimal qonşumuzda bu ilin ikinci rübündə ÜDM 4.3 faiz azalıb. Rusiya Mərkəzi Bankının proqnozuna görə, üçüncü rübdə sanksiyalara məruz qalan iqtisadiyyat daha 7 faiz kiçiləcək. Bütövlükdə, 2022-ci ildə Rusiya iqtisadiyyatının 4-6 faiz intervalında azalacağı gözlənilir.

  Göründüyü kimi, hər iki tərəf “va-bank” gedişlərə üstünlük verir. Bu qarşıdurmadan itirən dünya iqtisadiyyatındakı yeni və daha ağır iqtisadi böhran isə artıq qapıları döyür".