Qərb ölkələrində sosial iğtişaş, enerji böhranı gözlənilir

Pərviz Heydərov: "Böyük həcmdə rus qazından asılı olan Avropa ölkələri üçün qarşıdan gələn qışın hansı mənfi nəticələr doğuracağını dəqiq proqnozlaşdırmaq qeyri-mümkündür"

  NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, qarşıdan gələn qış Kiyevi dəstəkləyən Qərb ölkələri və Ukrayna üçün çətin keçəcək. Stoltenberq bu barədə Böyük Britaniyanın "Financial Times" qəzetində dərc olunan məqaləsində yazıb. Onun sözlərinə görə, Avropa əhalisi və müəssisələr elektrik enerjisi qiymətlərinin sürətlə artmasından əziyyət çəkməyə davam etdikcə blokun birlik və həmrəyliyi ciddi sınaqdan keçəcək. Şimali Atlantika alyansının rəhbəri Qərb ölkələrində “sosial iğtişaşlar” və enerji təchizatında fasilələrin ola biləcəyini də istisna etməyib. Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Qərb buna cavab olaraq Moskvaya qarşı sanksiyaları gücləndirib, həmçinin Kiyevə milyardlarla dollar həcmində silah və hərbi texnika verib.

  İqtisadçı Pərviz Heydərov "Şərq"ə deyib ki, Qərb ölkələri üçün enerji daşıyıcıları sahəsində yaranmış böhran çox ciddi mənfi təsirlərə və təzyiqlərə yol açmaqdadır. Ekspertin sözlərinə görə, görünən odur ki, enerji daşıyıcıları sahəsində böhranlı vəziyyət daha da pisləşməyə doğru gedir: 

"Pandemiyadan çıxandan sonra enerji bazarında stabil vəziyyət bərpa olunmamış Rusiya-Ukrayna arasında müharibə başladı. Nəticədə Avropa Birliyi ilə Rusiya arasında enerji daşıyıcılarının idxalı və alış-satışı ilə əlaqədar ciddi problemlər meydana çıxdı. Əvvəl Qərb ölkələri Rusiyadan neft məhsullarının alışını məhdudlaşdırdı və müxtəlif sanksiyalar tətbiq etdi. Sonra isə Rusiya cavab olaraq enerji daşıyıcılarını, xüsusən neft və qazı Avropaya rublla satacağını bəyan etdi. Hazırda Rusiya ümumiyyətlə Avropaya verdiyi qazı dayandırmış vəziyyətdədir. Bu o deməkdir ki, böyük həcmdə rus qazından asılı olan Avropa ölkələri üçün qarşıdan gələn qışın hansı mənfi nəticələr doğuracağını dəqiq proqnozlaşdırmaq qeyri-mümkündür. Yəni qarşıdan gələn qış fəsli Avropa ölkələri üçün ən dəhşətli günlər ola bilər".

  P.Heydərov vurğulayıb ki, enerji böhranı Avropa iqtisadiyyatına böyük zərbə vurmaqdadır:

 "Bunun nəticəsidir ki, Avropa ölkələrinin iqtisadiyyatları tənəzzül dövrünü yaşayır. Qitənin pul vahidi olan "avro" sürətlə dəyər itirməkdədir. Hazırda 1 avro bir dollardan ucuz satılır. Digər sahələrdə yaşanan problemlərin də kökündə bilavasitə enerji böhranı dayanır. Bu məqam zəncirvari digər sektorlara da mənfi təsirini göstərir. Taxıl böhranının bir ucu da enerji böhranı ilə əlaqədardır. Bunu qısa müddətdə yoluna qoymaq əsla mümkün deyil. Sabah Rusiya-Ukrayna müharibəsi dayansa belə qlobal iqtisadiyyata dəymiş ziyanı aradan qaldırmaq uzun illər tələb edəcək. Vəziyyət kifayət qədər qeyri-müəyyəndir".