Azərbaycanın mülki vətəndaşları da atəşə tutulur

Təəssüf ki, hələ də bir sıra beynəlxalq qurumlar və ölkələr Ermənistanın feyk xəbərlərinə istinad edirlər

  Sentyabrın 12-si gecə saatlarında sərhəddə genişmiqyaslı təxribat törədən Ermənistan silahlı qüvvələri iki mülki şəxsi də yaralayıblar. Erməni silahlıları tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Asim Musayev və Qaraçinar kəndində yaşayan İman Orucov oğlu yaralanıblar. Hazırda Asim Musayev Gəncə şəhəri A.Səhhət adına 1 nömrəli xəstəxanada müalicə alır, onun vəziyyəti orta-ağır qiymətləndirilir.

İ.Orucova isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Ermənilərin mülki əhaliyə hücumları Xocalıdakı dinc insanlara qarşı soyqırımı aktından sonra təbii ki, təəccüblü deyil. 

Xatırladaq ki, 2011-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən açılan atəş nəticəsində 9 yaşlı Fariz Bədəlov öz həyətlərində oynayarkən snayper gülləsi ilə vurulmuşdu. Həmin ilin iyulun 14-də Əlibəyli kəndində ermənilərin təxribat qruplarının qurduğu partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Aygün Şahmalıyeva şəhid olmuşdu.

 Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini, dinc insanları hədəf alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Azərbaycanlı mülki əhalinin hədəf alınması düşmənin iç üzünü bir daha açıq-aşkar göstərir. Düşmən qəhrəman Azərbaycan əsgəri ilə üz-üzə gəlməkdən qorxur, ona görə də mülki şəxsləri hədəf alır. Ancaq əfsuslar olsun ki, beynəlxalq qurumlar atəşə məruz qalmış Azərbaycanın mülki vətəndaşlarının durumunu görməzdən gəlirlər. Bunun əksinə, Ermənistanın yalanlarına aldanaraq, erməni hərbçilərinin ölülərini "mülki şəxs" kimi təqdim edir, düşmənin lehinə təbliğat aparırlar. 

  Millət vəkili Vüqar Bayramov xatırladıb ki, Ermənistanın raket və bombaları Vətən müharibəsində yüz mülki vətəndaşımızın həyatını itirməsinə və 416 nəfərin yaralanmasına səbəb olmuşdu:

 "Ermənistanın raketlərlə Bərdə şəhərini vurması nəticəsində 1 gündə 21 vətəndaşımız həyatını itirmişdi. Əfsuslar olsun ki, o zaman bu hadisələri əksər aparıcı xarici media qurumları işıqlandırmadı. İndi bəzi ölkələrin rəsmilləri belə feyk bəyanatlar verməkdə sanki yarışa çıxıblar. 

Savaş zamanı mülki vətəndaşların təhlükəsizliyinin qorunması Azərbaycan üçün hər zaman proritet olub. Təəssüf ki, hələ də bir sıra beynəlxalq qurumlar və ölkələr Ermənistanın feyk xəbərlərinə istinad edərək Azərbaycanı ittiham etməkdə davam edirlər.

 İkinci Qarabağ müharibəsi zamanı nəinki təmas xəttində, hətta döyüş bölgələrindən uzaqda yerləşən Gəncə, Bərdə kimi şəhərlərimizi raket atəşinə tutan Ermənistanı bir dəfə də olsun ittiham etməyənlər indi döyüşdə məhv edilən erməni hərbiçilərini "günahsız mülki sakinlər" kimi təqdim etməkdən belə çəkinmirlər. Azərbaycanın işi haqq işidir. 

Münaqişənin həlli isə əsassız ittihamlarla deyil, ölkələrin bir-birilərinin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan sülh müqaviləsi ilə mümkündür".