Manatın taleyi Mərkəzi Bankdan asılıdır

FED-in kəskin artım qərarı birjaları silkələməkdə davam edir

  ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 75 baza bənd artıraraq 3,25 faizə yüksəldib. Bu 1994-cü ildən bəri ən yüksək artımdır. İnflyasiyanı tənzimləmək üçün FED uçot stavkasını yüksəltməkdə israrlı görünür. FED-in qərarı birjalara təsirsiz ötüşməyib. Avro 20 illik minimuma qədər ucuzlaşıb. Yaponiya valyutası son 25 ildə ən aşağı məzənnə ilə satılır. Böyük Britaniya funt sterlinqi isə 1985-ci ildən bəri ən aşağı kursla təklif olunur. Digər səbət valyutalar da dollara nisbətən ucuzlaşmaqdadır. Dollar birjalarda son 24 ildə ən yüksək məzənnə ilə alınıb-satılır.

  Millət vəkili Vüqar Bayramov deyib ki, FED-in kəskin artım qərarı birjaları silkələməkdə davam edir. Deputat vurğulayıb ki, anti-inflyasiya aləti kimi istifadə edilən uçot dərəcəsi ABŞ puluna dəyər gətirsə də, Amerika qiymət artımlarını hələ də optimallaşdıra bilməyib: "ABŞ-da illik inflyasiya 8.3 faizədək yüksəlib ki, bu da son 40 ildə ən pis göstəricidir. 

Azərbaycanda da dollar bahalaşa bilərmi? Əvvəllər də qeyd etdiyimiz kimi, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir. Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir. 

  Bütün bunlar ilə yanaşı, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankın qərarından asılıdır. 

Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".