"Azərbaycanda turizm xidmətlərinin qiymətləri yüksəkdir" - Deputat AÇIQLADI

Depuat: “Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür”
  Pandemiya elan olunandan bəri ilk dəfə Azərbaycana gələn turistlərin sayı 1 milyon nəfəri keçib. Bu ilin ilk 8 ayında ölkəyə 1 milyon 4 min turist gəlib. Lakin Azərbaycana gələn turistlərin sayı artsa da hələ də pandemiyadan əvvəlki dövr ilə müqayisədə xeyli azdır. 2019-cu ildə Azərbaycanı rekord səviyyədə - 3.2 milyon nəfər ziyarət etmişdi. Məlumat üçün bildirək ki, Azərbaycana gələnlərin 26 faizi Rusiya, 20 faizi Türkiyə, 11 faizi İranın payına düşüb. Digər ziyarətçi ölkələrdən gələnlərin ümumi payda çəkisi ayrı-ayrılıqda 2 faizdən azdır. Rəsmi statistika göstərir ki, gələnlərin 62 faizi quru sərhədlərimiz olan ölkələrdən gəlib. Bu isə o deməkdir ki, regionda pandemiyanın tam yumşalacağı halda quru sərhədlərimiz açılarsa, ölkəyə daha da çox turist gələcək.
  Millət vəkili Vüqar Bayramov "Şərq"ə bildirib ki, turizm sənayesi üçün ənənəvi olmayan ölkələrin - Pakistan və hindistanlı ziyarətçilərin sayında da hiss edilən artımlar var. Deputatın sözlərinə görə, bütövlükdə, bu müddətdə körfəz ölkələrindən, Avropa İttifaqı və MDB üzvü dövlətlərdən gələnlərin də sayı artıb: "Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. Monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür. 2022-ci ildə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq hədəflənməlidir".