“Qarabağın iqtisadi potensialı çox böyükdür”

“Təkcə sənaye deyil, həm də turizm, aqrar və digər sektorlarda sahibkarlar üçün sərmayə imkanları genişdir”

“Sadəcə, yerli iş adamları deyil, xarici biznesmenlər də bura investisiya qoyuluşunda maraqlıdır”

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

  Azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafı istiqamətində dövlət tərəfindən böyük islahatlar həyata keçirilib və hazırda sözügedən proses davam edir. Sahibkarlıq subyektlərinin sərbəst fəaliyyətini təmin etmək bu sahənin inkişafında mühüm rol oynayır. Aparılan işlərin bir qismi kimi həm institusional islahatları, həm də qanunvericiliyə edilən dəyişiklikləri qeyd etmək olar. Vergi Məcəlləsinə edilən 200-dən çox dəyişiklik vergi ödəmə sistemini daha da sadələşdirib. Hazırda sahibkarlar dövlətə vergi ödəməklə, heç bir müdaxilə olmadan və  tam sərbəst şəkildə öz fəaliyyətini qurmaq imkanı əldə edib. Son illər Azərbaycanda sahibkarların qeydiyyatdan keçməsi məsələsi xeyli sadələşdirilib. Bir pəncərə sistemi vasitəsilə qısa zaman kəsiyində hər bir şəxsin öz sahibkarlıq fəaliyyətini rəsmiləşdirmək imkanı var. 

Bütün bunlarla yanaşı Azərbaycanda sözügedən sahənin inkişafı istiqamətində dövlət proqramları həyata keçirilir. Sahibkarlığın İnkişafı Fondu yaradılıb. Bu fond vasitəsilə sahibkarlıq subyektlərinə güzəştli şərtlərlə kreditlər təqdim olunur. Həmçinin, onların sərbəst fəaliyyəti üçün bu günə kimi müəyyən ərazilərdə bir neçə sənaye zonaları, sənaye məhəllələri istifadəyə verilib. Həmin sənaye obyektlərində, istehsal sahələrinin qurulmasında sahibkarlara uzunmüddətli vergi güzəştləri tətbiq olunur. Həmçinin, bu zonalarda onlara səmərəli infrastruktur təqdim edilir. Sahibkarlıq subyektlərinin azad və sərbəst fəaliyyətinin təmin edilməsi üçün dövlət tərəfindən tətbiq edilən proqramları vurğulamaq yerinə düşər. Məsələn, aqrar sahənin inkişafı məqsədilə bu sektorda fəaliyyət göstərən hər bir sahibkar torpaq vergisi istisna olmaqla digər bütün vergilərdən azad olunub. Bütün bunlar sahibkarlığın daha şəffaf iqtisadiyyata inteqrasiya olunmasına və inkişafına öz töhfəsini verib. İşğaldan azad edilmiş ərazilərimizdə də sahibkarlığın inkişafı üçün "Böyük Qayıdış" öncəsi çox ciddi addımlar atılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi inkişafını təmin etmək üçün həm yeni layihələr hazırlanır, həm də iş adamları üçün güzəştlər tətbiq olunur. Mühüm məqamlardan biri də Qarabağ bölgəsinə daxili və xarici investorları cəlb etməkdir. 

  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib ki, Qarabağda biznes qurmaq üçün 1300-ə yaxın müraciət qeydə alınıb. Onun sözlərinə görə, müraciətlərin 460-dan çoxu xaricidir və 40-a yaxın ölkə daxil olmaqla geniş coğrafi dairəni əhatə edir:

 "Xarici müraciətlərin yarıdan çoxu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin payına düşür. Onların sırasında Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Macarıstan yer alır. Daxil olmuş layihələr əsasən ticarət, xidmət, inşaat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, təhsil, nəqliyyat, logistika və digər sahələri əhatə edir. 2020-ci ildə Vətən müharibəsi nəticəsində Ali Baş Komandan cənab İlham Əliyevin iradəsi və rəşadətli ordumuzun qəhrəmanlığı hesabına qazanılmış qələbə isə əlaqələrimizin daha da inkişaf etdirilməsi və şaxələndirilməsi üçün yeni perspektivlər yaratmış oldu. Bu həm Zəngəzur dəhlizi vasitəsilə ölkələrimiz arasında yeni kommunikasiyaların yaradılması, həm də zəngin təbii ehtiyatlara, əlverişli coğrafi mövqeyi və böyük potensiala malik Qarabağ bölgəsinin inkişafında iştirakla bağlıdır. KOBİA Azərbaycan dövlətinin Qarabağa dair inkişaf konsepsiyasına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşu və biznes layihələrinin reallaşdırılması ilə bağlı məsələləri qarşıdakı dövrdə strateji fəaliyyət gündəliyinin prioritet istiqamətlərindən birinə çevirib. Bu məqsədlə hazırda tərəfimizdən 3 istiqamətdə işlər aparılır. Bunlar Qarabağın investisiya potensialının geniş auditoriya kütləsinə tanıdılması, azad olunmuş ərazilərdə bizneslərin yaradılması ilə bağlı müraciətlərin qəbulu və ilkin biznes infrastrukturunun qurulmasına dəstək göstərilməsidir". 

  Qeyd olunub ki, agentlik tərəfindən qeyd edilən sahələrdə müvafiq tədbirlər həyata keçirilir. Hələ 2020-ci ilin noyabr ayında, Vətən müharibəsi başa çatdıqdan az müddət sonra “MUSİAD Expo 2020” sərgisində KOBİA-nın təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” stendi fəaliyyət göstərib. Qarabağın investisiya potensialı beynəlxalq səviyyədə KOBİA tərəfindən ilk dəfə məhz qardaş Türkiyədə nümayiş olunub. 

Eyni zamanda, 2021-ci ildə KOBİA-nın təşkilatçılığı ilə baş tutmuş İBF Beynəlxalq Biznes Forumu və Mədəniyyət və İnvestisiya Sammitində Azərbaycan ərazilərinin potensialı və investisiya qoyuluşu imkanları nümayiş edilib: "İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi və investisiya potensialı bu ərazilərdə yeni biznes layihələrinin həyata keçirilməsi və investisiyaların cəlb edilməsinə şərait yaradır. Qələbədən dərhal sonra KOBİA Qarabağda biznes qurmaq istəyən sahibkarların, o cümlədən xarici iş adamlarının biznes layihələrinin qəbuluna başlayıb. Müraciətlərin intensivliyi və həcmi yerli və xarici investorların Qarabağda biznes fəaliyyətinə marağının yüksək olduğunu göstərir". 

Bundan başqa KOBİA mandatı çərçivəsində Qarabağda zəruri biznes infrastrukturunun yaradılması məqsədilə əlaqələndirmə işləri aparır: 

"Azad edilmiş bölgələrimizdə zəruri ehtiyacların ödənilməsi ilə bağlı KOBİA-nın təşkilatçılığı ilə bir qrup sahibkarlarla Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Kəlbəcər və Laçın rayonlarına səfərlər təşkil edilib. Nəticə olaraq bir sıra ərazilərdə biznes və ictimai xidmət obyektləri istifadəyə verilib. Ümumilikdə, Qarabağ regionunda infrastrukturun yenidən qurulması, eləcə də biznes potensialının reallaşdırılması istiqamətində aparılan işlərə özəl sektorun və xarici investorların cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Özəl sektorun prosesdə iştirakı dövlət investisiya xərclərinin azaldılması, habelə alternativ və şaxələndirilmiş maliyyələşmə mexanizmləri vasitəsilə yerli və xarici sərmayələrin cəlb edilməsi baxımından faydalı ola bilər".
  Həmçinin, vurğulanıb ki, Ağdam və Cəbrayıldakı (“Araz Vadisi İqtisadi Zonası”) sənaye parklarında bəzi güzəştlər tətbiq tətbiq ediləcək. Sahibkarlara xüsusi güzəştli bank kreditlərinin verilməsi, kommunal xidmətlərin endirimli tariflə təklif edilməsi, sosial sığorta ödənişlərin subsidiyalaşdırılması, xammal idxalının gömrük və yaxud əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulub. Ağdam Sənaye Parkına rezidentlər 50 milyon manatdan çox investisiya yatırmağı, 1000-dən artıq iş yeri yaratmağı planlaşdırır. 

  İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bu il sahibkarlara verilən güzəştli kreditin həcmini açıqlayıb: "Özəl sektora dövlət dəstəyi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən 1732 sahibkara 72,1 milyon manat, o cümlədən 1725 kiçik və orta həcmli layihəyə 53,4 milyon manat güzəştli kredit verilib". Nazir qeyd edib ki, bu kreditlər hesabına 1.690 yeni iş yerinin açılması imkanı yaranıb: "Güzəştli kreditlərin 71,4 faizi aqrar sektorun, 28,6 faizi isə müxtəlif sənaye məhsullarının istehsalına payına düşür". 

  Millət vəkili Vüqar Bayramov "Şərq"ə bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya qoymaq istəyən sahibkarların sayında artımlar var. Deputat deyib ki, sadəcə, yerli iş adamları deyil, eyni zamanda xarici biznesmenlər də işğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşunda maraqlıdır:

"Bu istiqamətdə bir çox ölkədən təkliflər gəlməkdədir. Xüsusən, nəzərə almaq lazımdır ki, Qarabağın iqtisadi potensialı çox böyükdür. Təkcə sənaye deyil, həm də turizm, aqrar və digər sektorlarda sahibkarlar üçün sərmayə imkanları çoxdur. Ərazilərimiz investisiya qoyuluşu baxımından olduqca əlverişlidir. Bərpa və quruculuq işlərindən sonra həmin ərazilərə investisiya cəlb olunması imkanları daha geniş olacaq". 

  Parlament üzvü vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərimiz üçün xüsusi güzəştlərin tətbiq edilməsi ilə bağlı təkliflər hazırlanıb: "Bu layihənin hökumətdə müzakirə edildiyi deyilir. Bu da o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya qoyan sahibkarlar həm də fərqli güzəştlərdən, həmçinin kredit və subsidiyalardan faydalana biləcəklər. Bu, təbii ki, bölgəyə daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacaq".