Kredit portfelindən ən çox faydalanan ev təsərrüfatlarıdır


10 milyard 328 milyon manat kredit məhz bu istiqamətə ayrılıb

Mərkəzi Bankın məlumatına görə, bu ilin ilk 8 ayında cəmi kredit qoyuluşları 19 milyard 136 milyon manat olub. Vaxti keçmiş kreditlərin həcmi isə 659 milyon manatdır. Kredit portfelinin strukturunda diqqəti çəkən məqamlardan biri hələ də bankların strateji sahələri maliyyələşdirməkdə maraqlı olmamalarıdır. Banklar sənaye və istehsal sektoru üzrə 1 milyard 71 milyon manat ayırıblar ki, bu da ümumi kredit portfelinin cəmi 5.6 faizini təşkil edir. Bu o deməkdir ki, bankların verdiyi hər 100 manat kreditin hətta 6 manatdan azı sənaye və istehsal sektoruna yönəldilir.

  Millət vəkili Vüqar Bayramov vurğulayıb ki, kənd təsərrüfatı sektorunda çalışanların kredit payı aşağı olaraq qalmaqdadır. Deputat deyib ki, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna 598 milyon manat kredit yönəldilib: 

"Bu da ümumi kredit portfelinin cəmi 3.4 faizidir. Nəqliyyat və rabitə, inşaat və tikinti sektorları da ayrı-ayrılıqda ümumi kredit portfelində bir rəqəmli paya malikdirlər. Kredit portfelindən ən çox faydalanan ev təsərrüfatlarıdır. 10 milyard 328 milyon manat kredit məhz bu istiqamətə ayrılıb. Bu, ümumi kredit portfelinin 54 faizini təşkil edir. Bu istiqamətə yönəldilən vəsaitlərin əhəmiyyətli hissəsi istehlak kreditləridir. Bankların istehlak kreditləşməsinə daha çox meyillənməsi həm problemli kreditlərin həcminin optimallaşmaması, həm də real sektorun maliyyə tələblərinin tam ödənilməməsi baxımdan arzuolunan deyil".

  Parlament üzvü bildirib ki, istehlak kreditləşməsinə meyl bank sektorunda yeni çağrışlar yaradır: 

"Bu da sektorun dayanıqlığı baxımdan arzuolunan deyil. Mərkəzi Bank tərəfindən biznes kreditləşməsinin təşviq edilməsi və istehlak kreditlərinin həcminin optimallaşdırılması ilə bağlı daha sistemli fəaliyyətlərin həyata keçirilməsi məqsədəuyğun olardı. Stimullaşdırıcı metodlar ilə bankların biznes kreditləşməsinə marağının daha da artırılmasına ehtiyac var".