Hərbi xərclərin artırılması dövlət başçısının nəzarətindədir

Samir Şərifov: "Ehtiyac yaranarsa, vəziyyətə uyğun olaraq həmin sahəyə əlavə vəsait ayrılması məsələsinə baxıla bilər"

  Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub. İclasda Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, Dövlət Gömrük Komitəsi sədrinin sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov, Dövlət Neft Fondunun departament direktoru Müşfiq Bayramov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, nazir müavinləri, parlamentdə təmsil olunan siyasi partiyaların sədrləri iştirak ediblər. 

  Maliyyə naziri Samir Şərifov deyib ki, bir sıra ölkələrdə yanacağın qiyməti sürətlə artıb, Azərbaycanda isə sabit qalıb. Nazir bildirib ki, bu da Tarif (Qiymət) Şurasının siyasəti ilə bağlıdır: “İnflyasiyaya təsir edən amillərin bəziləri dövlət tərəfindən tənzimlənir. Məsələn, başqa ölkələrdə yanacağın qiyməti ilə bağlı inflyasiya təzyiqi daha da kəskinləşib. Azərbaycanda isə dövlət tərəfindən aparılan siyasət nəticəsində qiymət sabit saxlanılır ki, bu da təsirli amillərdəndir”.

"Gələn il Dövlət Neft Fondunun gəlirləri 9 mlrd. manata yaxın olacaq"

  Samir Şərifov bildirib ki, gələn il Dövlət Neft Fondunun gəlirləri 8 mlrd. 991 mln. manat olacaq. Fondun xərcləri isə 2023-cü ildə 11 mlrd. 355 mln. manat təşkil edəcək: “Hərbi xərclərin artırılması, ümumiyyətlə, bu sahənin inkişafı dövlət başçısının daim nəzarətindədir. Ehtiyac yaranarsa, vəziyyətə uyğun olaraq həmin sahəyə əlavə vəsait ayrılması məsələsinə baxıla bilər. Amma bu gün kifayət qədər artım dinamikası müşahidə olunmaqdadır. Sərbəst qalıq məsələsi burada qaldırıldı. Hələ il başa çatmayıb. Bu günə kimi əvvəlki ilin təcrübəsi sərbəst qalığın çox qalmasının müsbət olduğunu göstərir. Ötən il olduqca müsbət işlərin nəticəsində dövlət büdcəsinin gəlirləri daha yüksək olub və büdcə kəsirinin qarşılanmasına yönəldilmişdi. Cari ildə də oxşar vəziyyət müşahidə edilməkdədir. Eyni zamanda dünya bazarlarında bu gün bizim əsas ixrac məhsullarımız olan neft və qaz üçün kifayət qədər münbit şərait mövcuddur. Bunun nəticəsində də dürüstləşmə aparıldıqdan sonra çox daxilolmalar müşahidə edilməkdədir. Bu ilin sonuna sərbəst qalığın istifadəsi nəzərdə tutulmur. Məzənnə sabitliyinin olması üçün Maliyyə Nazirliyi və Mərkəzi Bank arasında çox sıx koordinasiyalı iş aparılır. Biz maraqlıyıq ki, bu sabitliyə hər hansı xələl gətirilməsin”.

"Azərbaycanda xaricdən taxıl asılılığının azaldılması üçün proqram hazırlanacaq"

  Maliyyə naziri vurğulayıb ki, ölkəmizin idxal olunan ərzaqlardan asılılığının azaldılması istiqamətində Prezident tərəfindən müvafiq tapşırıq var: "Taxılla əlaqədar asılılığın azaldılması üçün müvafiq proqram hazırlanacaq. Bu istiqamətdə müvafiq addımların atılması nəzərdə tutulub. Bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitdə 20,5 faiz artım var. Aqrar sahədə subsidiyaların nə qədər düzgün verilməsinə baxmaq lazımdır. Subsidiyalar dövlət büdcəsində nəzərdə tutulub. Bu sahəyə dəstək verilməsi hökumət tərəfindən vacib sayılır. Dünya miqyasında ərzağın qiymətinin artması bizə də mənfi təsir göstərir, eyni zamanda bu, inflyasiyanın artmasına təsir göstərir. Onu da qeyd etməliyəm ki, inflyasiya təkcə Azərbaycana aid deyil. Dünyanın istisnasız bütün dövlətlərində hazırda olduqca böyük inflyasiya təzyiqləri yaşanır. İnkişaf etmiş ölkələrdə son 4 ildə görünməyən inflyasiya səviyyələri qeydə alınır. Bu gün həmin ölkələrdə həyata keçirilən tədbirlərə baxmayaraq, bu səviyyə dəyişmir. Azərbaycanda isə inflyasiyaya qarşı dövlət tərəfindən tədbirlər görülür. Azərbaycanda inflyasiyanı cilovlayan kifayət qədər təsirli addımlar atılır. Digər tərəfdən, Azərbaycanda manatın məzənnəsi sabitdir. Digər ölkələrdə məzənnələrdə xeyli dəyişikliklər baş verir. Dövlət tərəfindən bu sahədə də tədbirlər görülməklə sabit məzənnənin saxlanması üzrə konsensus var”.

"Son 5 ildə Azərbaycanın cari xərcləri 11 milyard manat artıb"

  Samir Şərifov deyib ki, qeyri-neft gəlirlərində azalma olması fikri ilə razı deyil. Nazir bildirib ki, cari xərclər artıb: “Bu da düzgündür. Reallıq budur və biz də bunu görürük. Bizim 2017-ci illə müqayisədə cari xərclərimiz 11 milyard manat səviyyəsində artıb. Eyni zamanda həmin bu müddət ərzində baş verən dəyişiklikləri də nəzərə almalıyıq. 2019-cu ildə biz sosial xərclərin əhəmiyyətli dərəcədə artımına getmişik. 

Bunlar hamısı həmin xərclərin artımına bilavasitə təsir göstərib. Həmin artımların böyük hissəsi - 5 milyard manatdan çox - əməyin ödənişi və digər sosial xərclərə aiddir. 

Təkcə səhiyyə xərcləri sahəsində xərclərimiz 2,2 dəfə artıb. Çünki hər zaman burada bizim səhiyyə xərclərimizin aşağı olduğu deyilirdi. Buna görə də dövlət tərəfindən səhiyyə sahəsində xərclərin artırılmasına gedilir. Bu gün də dövlət tərəfindən sığortalanan əhalini hər il indeksləşdiririk. Hökumətin cari xərclər siyasəti əksər hallarda sosial faktorlarla bağlıdır”.

“Qarşıdakı dövr üçün büdcə zərfində məlumatların artırılmasına ehtiyac var”

  Hesablama Palatasının (HP) sədri Vüqar Gülməmmədov deyib ki, qarşıdakı dövr üçün büdcə zərfində məlumatların artırılmasına ehtiyac var. Bunun üçün qanunvericiliyə dəyişiklik edilməlidir: “Büdcə Zərfinə təbii qazın qiyməti barədə məlumatların da daxil edilməsini təklif edirik. Təbii qazın dünya bazarında qiymətinin artması bunu şərtləndirir”. 

  Vüqar Gülməmmədov deyib ki, subsidiyaların verilməsində əsas problem torpaqların sənədləri ilə bağlıdır. Palata sədri bildirib ki, subsidiyaların verilməsində bu, çox ciddi məsələlərdən biridir: “Prezident İlham Əliyevin bu problemin aradan qaldırılması ilə bağlı tapşırığı var”.

"9 ayda manatın nominal kredit məzənnəsi 5 faiz bahalaşıb"

  Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, yeni pul siyasəti alətlərinin tətbiqi, pul bazarı infrastrukturunun dəqiqləşməsinin müsbət nəticələri var: "Cari ildə valyuta bazarında tarazlıq qorunub. 9 ayda manatın nominal kredit məzənnəsi 5 faiz bahalaşıb”. T.Kazımovun sözlərinə görə, Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti və nəzarət tədbirləri maliyyə sektorunda stabil fəaliyyətə və ödənişlərin fasiləsizliyinə yönəldilib, bank sektorunun dayanıqlığı bütövlükdə diqqətdə saxlanılıb.

“Sentyabrda yeni pul siyasəti alətlərinin tətbiqinə başlanılıb, pul bazarının infrastrukturu dəqiqləşdirilib”

  Mərkəzi Bankın sədri deyib ki, sentyabrda yeni pul siyasəti alətlərinin tətbiqinə başlanılıb, pul bazarının infrastrukturu dəqiqləşdirilib. Məqsəd uçot dərəcəsinin kredit faizlərinə və inflyasiyaya təsirini gücləndirməkdir: "Artıq ilkin müsbət nəticələr var. Bu, banklararası bazarda aktivliyin artmasında, bu seqmentdə faizlərin Mərkəzi Bankın faizlərinə reaksiyasında özünü göstərib”.

"Bu ilin 10 ayında büdcədə 3,8 mlrd. manatlıq profisit olub"

  Taleh Kazımov bildirib ki, "2022-ci ilin ötən dövründə büdcənin profisitli icrasını dəyərləndiririk. Belə ki, 2022-ci il üzrə dəqiqləşdirilmiş dövlət büdcəsi layihəsində 3,1 mlrd. manat kəsir nəzərdə tutulsa da, 10 ayda 3,8 mlrd. manatlıq profisit olub".
  “İnanırıq ki, 2023-cü ildə də gəlirlərin proqnozu üstələməsi hesabına kəsir planlaşdırıldığı kimi - 2,6 mlrd. manat az olacaq”. 

"İnflyasiyanın 85-90 faizi birbaşa və dolayı yolla xarici amillərlə bağlıdır"

  Mərkəzi bank rəhbəri hesab edir ki, inflyasiyanın 85-90 faizi birbaşa və dolayı yolla xarici amillərlə bağlıdır. O bildirib ki, Mərkəzi Bankın əsas işi məzənnə siyasəti, makroiqtisadi sabitliyin təmin edilməsidir: “Məzənnə rejimi bizim pul siyasətimizin bir hissəsidir. Mərkəzi Bank və hökumət düşünür ki, məzənnənin sabit rejimi ən əlverişli rejimdir. Növbəti ildə büdcədə də Mərkəzi Bank sabit məzənnə rejiminin qorunmasına çalışacaq, bunun üçün əlindən gələni edəcək”.

"Banklararası köçürmələrdə komissiyaların tutulması məsələsinə baxılacaq"

  Taleh Kazımov qeyd edib ki, kənd təsərrüfatı sahəsində kreditlər ən problemli portfellərdən biridir. O bildirib ki, girovsuz 50 min manata qədər kredit verilməsi problem yarada bilər: “Amma balanslaşdırma aparılması mümkündür. Banklararası köçürmələrdə komissiyaların tutulması məsələsinə də baxılacaq. Bu komissiyaların hesabına banklar nağdsız əməliyyatları təşviq edir. Yəni bunun hesabına istehlakçılara “cash back” verirlər. Bu gün Azərbaycan bu sahə üzrə regionda ən yüksək göstəricilərə sahibdir”.

"İnvestisiya fondlarının yaradılmasına ehtiyac var"

  MB sədri bildirib ki, banklarda faiz dərəcələri onun cəlb etdiyi vəsaitlərin dəyərindən formalaşır. O deyib ki, 9 ayın nəticəsinə uyğun ilk olaraq orta kredit faizləri 14,3 faizdir: “Marja böyükdür. Bu gün bank sektorunda 5 milyard manatdan çox sərbəst pul var. Biz burada fundamental məsələlərə baxmalıyıq. Kreditə tələbatın yaradılmasını düşünməliyik. Kreditlərə tələbatın artırılması istiqamətində stimullaşdırıcı amilləri nəzərə almalıyıq. İnvestisiya fondları ilə bağlı düzgün qeydlər oldu. Növbəti ildən qanunların təkmilləşdirilməsini düşünürük, investisiya fondlarının yaradılmasına ehtiyac var. 

Biz investisiya fondları yarada bilərik. Girovlarla bağlı çətinliklərin olduğu ilə də razıyam. Bu sahədə görüşlər, müzakirələr aparacağıq”.