Müsadirə olunmuş narkotik vasitələr bir neçə komissiya tərəfindən məhv ediləcək -FƏRMAN

Qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorları bir neçə komissiya tərəfindən məhv ediləcək.

Sherg.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorslarının dövriyyəsi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Başqa sözlə, qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi aşağıdakı komissiyalar tərəfindən həyata keçiriləcək:

- Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən formalaşdırılan külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya;

- Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən formalaşdırılan Naxçıvan Muxtar Respublikasının ərazisində külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Naxçıvan Muxtar Respublikasının Komissiyası;

-yerli icra hakimiyyəti orqanları tərəfindən formalaşdırılan az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə rayon (şəhər) komissiyaları.