Dövlət büdcəsindən cəmi 8 rayona vəsait ayrılacaq

58 rayon və şəhər gələn il yerli gəlir və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək

  "2023-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il dövlət büdcəsindən cəmi 8 rayona vəsait ayrılacaq". 
  Bu sözləri "Şərq"ə açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, 58 rayon və şəhər gələn il yerli gəlir və xərcləri tənizmləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək: "Dövlət büdcəsindən bu il 14 rayon vəsait alır. Gələn il həmin rayonlardan altısı özünü maliyyələşdirmə prinsipi ilə işləməli olacaqlar. Layihəyə əsasən, dövlət büdcəsindən rayonlara gələn il cəmi 12 milyon 306 min manat vəsait ayrılacaq. Ağdam, Balakən, Goranboy, Qax, Oğuz və Zərdab bu il dövlət büdcəsindən vəsait alsalar da belə 2023-də bu rayonlara pulun verilməsi nəzərdə tutulmayıb. Gələn il büdcədən vəsait alacaq 8 rayonun altısı Qarabağ və Şərqi Zəngəzurda yerləşir. Özünü maliyyələşdirəcək rayonların sayının artması dövlət büdcəsindən asılılığın aradan qaldırılması baxımdan vacibdir. Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, həmin rayonlara daha çox sərmayə cəlbinin təşviq edilməsi çox vacibdir".