Qaza və işığa tətbiq edilmiş limit ləğv olunur? - Hökumət ziyana düşməz!



Nəhayət, millət vəkillərinin də yadına düşdü

Təbii qaza tətbiq edilən limitlə bağlı dinləmələrin keçirilməsi təklif olunur

  Əhalini narahat edən problemlərdən biri – təbii qaza tətbiq edilən limit, nəhayət, millət vəkillərinin yadına düşdü. Milli Məclisdə qaz limiti ilə bağlı dinləmələrin keçirilməsi təklif edilib. Bu təkliflə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Nəsib Məhəməliyev çıxış edib. O qeyd edib ki, qaz limiti ilə bağlı çoxsaylı müraciətlər daxil olur: “Ya yaz sessiyası, ya da növbədənkənar sessiya çərçivəsində qaz istehsalçıları ilə fikir mübadiləsi aparmaq olar. Onlara əhalinin bu sahədəki problemini çatdırmalı, onlar da özləri üçün strateji plan müəyyən etməlidirlər ki, parlamentin bu sahədə mövqeyini bilsinlər”.

  Məlumdur ki, ölkədə əhali qrupu üçün 3 pilləli taarif sistemi tətbiq edilir. 1200 m3-dək olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, 1200-lük limit keçildikdə 2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik müəyyənləşib.

 Rəsmi qurum abonentlərin böyük hissəsinin 1200 kub.metrlik limiti keçmədiyini bildirir. Halbuki yaxın ətrafda, qonşuluqda yaşayanları dindirmək yetərlidir ki, əksəriyyət 1200-lük limiti qışın ilk aylarındaca keçdiyini bildirsin. Bu isə o deməkdir ki, ilin sonuna doğru abonentlərin çoxu artıq 2500 kub.metrlik limitdən istifadəyə başlayır, bu isə aztəminatlı ailələrin büdcəsinə kifayət qədər mənfi təsir edir. 

Hazırda tətbiq olunan qaz limitinə baxıldığında belə görünür ki, vətəndaşlara hər ay üçün 100 kub.metr qaz ayrılıb. Kubmetri 12 qəpikdən hesablanan limitlə vətəndaş 12 ayda yalnız 100 kub.metr qaz istifadə etməlidir. Yay aylarında qazdan istifadənin azalmasını əsas gətirərək guya ki, bunun hesabına qışa “ehtiyat” saxlamaq prinsipi də burada keçərli olmayacaq. Çünki təbii qaza tələbat daimidir. Yay mövsümündə, payızın xoş keçən havalarında istilik sobası yandırılmasa da, mətbəxdə istifadə edilir, hamam otağındakı suqızdırıcılar da işlək vəziyyətdə olur. İndi deyirsiz, adamlar ayda bir dəfə çimsin?!  Yoxsa yeməkləri elektrik plitəsində bişirsin? Bu da nəticə etibarilə elektrik enerjisinin yüksək sərfiyyatına gətirib çıxaracaq. 1200-lük limiti artırmaq barədə düşünülməlidir ki, heç olmasa, qış aylarında vətəndaşlar təbii qaz sarıdan korluq çəkməsin.

 Millət vəkilinin qaldırdığı məsələyə necə reaksiya veriləcəyi hələ məlum deyil. İqtisadçı isə çıxış yolunu göstərdi. İqtisadçı Natiq Cəfərli “Şərq”ə açıqlamasında qeyd etdi ki, həm təbii qaza, həm də elektrik enerjisinə tətbiq edilən limit birmənalı şəkildə qaldırılmalıdır: 

- Təbii qaz və elektrik enerjisinə limit tətbiq edilməsini qənaət rejimi ilə əsaslandırmağa çalışırdılar. Bu mənada ki, limitin tətbiqi əhalini daha qənaətcil olmağa təşviq edəcək, təbii qazı və elektrik enerjisini az istehlak etməyi və daha az ödəniş etməyi öyrənəcəklər. Bunlar absurd səslənir. Heç kim, hətta varlı, imkanlı şəxslər də boş-boşuna təbii qazı, yaxud elektrik enerjisini istifadə etməz. Kim qazı boş-boşuna açıq qoyar?! Aztəminatlı ailə maddi sıxıntı səbəbindən, varlılarsa boş yerə artıq ödəniş etməmək üçün qazdan istifadə bitən kimi cihazı bağlayırlar. İnsanlar qənaət rejiminə riayət etməyi zatən öyrəniblər, çünki təbii qazın da, elektrik enerjisinin qiyməti heç də aşağı deyil. Və bu xərclər kommunal ödəniş səbətində kifayət qədər böyük yer tutur. Lakin əhali qrupu xüsusən payız və qış mövsümündə mənzili isitmək üçün təbii qazdan lazım olduğu qədər istifadəyə etməyə məcburdur. Fərdi evləri, panel mənzilləri isitmək üçün təbii qaz istər-istəməz çox istehlak edilir.  Təbii qaza tətbiq edilən 12 qəpiklik limit cəmi 1200 kub.metri əhatə etdiyindən əhali qoyulan limiti qısa zamanda keçir, sonrakı mərhələdə isə artıq daha çox ödəniş etməyə məcbur qalır. Hesablamalara görə, abonentlərin 48-49 faizi 12 qəpiklik limiti yaz gəlməmiş keçir. Payız mövsümü  və qışın ilk ayında isə artıq təbii qazın hər kub.metrinə görə 25 qəpikdən ödəniş etməli olur. Bundan  aztəminatlı və çoxuşaqlı ailələr, eləcə də təqaüdçülər əziyyət çəkir.

  N.Cəfərli qeyd etdi ki, təbii qaza və elektrik enerjisinə tətbiq edilmiş limitin ləğvindən hökumət ziyana düşməyəcək: 

- Bundan dövlətə onsuz da ziyan dəyməz. Çünki təbii qazın da, elektrik enerjisi istehsalının da maya dəyəri aşağıdır. Qaz da, elektrik enerjisi də ölkədə istehsal olunur. Hesab edirəm ki, bu iki məhsulun satışından daha böyük qazanc gözləməkdənsə, əhalinin maraqlarını təmin etmək, əhalinin gəlir itkisinə yol verməmək daha məqsədəuyğundur.  Başqa variantlar da var. 12 qəpiklik limiti  artırmaq olar. Yaxud da təbii qaza limit mənzillərin kvardrat metrinə görə tətbiq edilsin. Hesab edilirsə ki, böyük yaşayış sahəsi olanlar daha varlıdırlar, o zaman yaşayış sahəsi 200 kvadrat.metrdən çox olan mənzillərə limit tətbiq edilsin və daha yüksək taarif təyin olunsun. Bu, daha differensial yanaşma olar.