Azərbaycanın potensialı kifayət qədər böyükdür

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

Ölkəmiz artıq Avropa bazarına həm də innovativ məhsullarla, enerji məhsulları ilə daxil olacaq
 
Bu da Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun kəskin artmasına gətirib çıxaracaq


  Azərbaycanda bərpaolunan enerjinin istehsalı üçün böyük potensialın olması bu sahədə mühüm layihələrin həyata keçirilməsinə zəmin yaradır. Təsadüfi deyil ki, “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsi də əhəmiyyətli yer alıb. Hədəf ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır. Bu istiqamətdə mühüm addımlar atılır. 

Azərbaycanın uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin edilməsi prosesinə xarici investorlar da həvəs və inamla qoşulublar. Bu ilin yanvar ayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının tikintisinə start verilib. Daha sonra, martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti “Qaradağ” Günəş-Elektrik Stansiyasının təməli qoyulub. Külək elektrik stansiyasının tikintisinin aparılacağı yerlərdə - Pirəkəşkül və Sitalçayda artıq 6 ədəd külək ölçü-müşahidə stansiyası quraşdırılıb. 

Layihənin ətraf mühitə və sosial sahəyə təsirlərinin qiymətləndirilməsi aparılır. Günəş-Elektrik Stansiyasının inşa olunacağı ərazidə də ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar davam etdirilir. Stansiyaların elektrik enerjisi şəbəkəsinə qoşulması üçün investorların 3 yeni yarımstansiya tikməsi planlaşdırılır. Bu stansiyalar hesabına ümumilikdə ildə təxminən 1,4 milyard kilovat-saat elektrik enerjisinin istehsalı, 300 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tona yaxın karbon qazı tullantısının azaldılması gözlənilir. Həmçinin Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri, 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan edib. Ölkə başçısının bununla bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. Dövlət başçısının 2021-ci ildə imzaladığı Sərəncamın icrası istiqamətində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılıb və müvafiq Konsepsiya sənədi hazırlanıb. Konsepsiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır. Bunun üçün müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanıb. Beləliklə, qeyd etmək olar ki, ötən ilin sonunda ölkədə alternativ enerji sahəsində yeni genişmiqyaslı kampaniyaya start verilib.

 Artıq yaxın illərdə ölkənin elektroenergetikasının əlavə güc və kilovatt qazanacağı faktı bir tərəfdən ölkənin artan elektrik enerjisi tələbatını ödəyəcəyinə, digər tərəfdən isə ixrac həcmini artıracağına şübhə yeri qoymur. Almaniyanın “Kaiserwetter Energy Asset Management” şirkəti də alternativ enerji mənbələri ilə işləmək və bərpa olunan enerjiyə keçid prosesindəki enerji sistemləri haqqında informasiyanın təqdim olunması üçün nəzərdə tutulan bulud servisləri əsasında yeni platformanın uğurla istifadəyə verildiyini elan edib. Beynəlxalq enerji şirkəti olan “Enel” bərpaolunan enerji sahəsində modernizasiya proqramını açıqlayıb. Təşəbbüs çərçivəsində şirkət rəqəmsal transformasiya və ağıllı enerji şəbəkələrin avtomatlaşdırılması ilə bağlı vəzifələrin həlli üçün 13 milyard dollardan çox vəsait ayıracaq. 

  Xatırladaq ki, ötən ay Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 1-ci iclasları keçirilib. İclas çərçivəsində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. İclasda enerji təchizatı və tranzit marşrutlarının şaxələndirilməsi üçün yaşıl enerji layihələrinin həyata keçirilməsinin strateji əhəmiyyət daşıdığı vurğulanıb. Mövcud bərpaolunan enerji potensialından istifadəni genişləndirmək və yaşıl elektrik enerjisi ticarətini inkişaf etdirmək məqsədilə dörd ölkə arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib. Yaşıl enerjinin Xəzər dənizindən Avropaya ötürülməsi ilə bağlı məsələlərin koordinasiyalı şəkildə yerinə yetirilməsi üçün İşçi qrupunun yaradılması razılaşdırılıb. Sonda iclasın yekunlarına dair Protokol imzalanıb. 

  Dünən Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda "yaşıl enerji" məsələsi gündəmə gətirilib. Dövlət başçısı İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan yaşıl hidrogen ixrac etməyi planlaşdırır. Beynəlxalq Maliyyə Korporasiyasının Xəzər dənizində külək potensialının yekun qiymətləndirməsini apardığını söyləyən dövlət başçısı bildirib ki, bu potensial 157 qiqavat təşkil edir. Azərbaycan Prezidenti qeyd edib ki, yaşıl enerjiyə keçid sürətlə gedir. Digər çıxış edən bəzi qonaqlar da yaşıl enerjinin əhəmiyyətindən danışıblar. 

  Millət vəkili Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan Avropa bazarına yalnız ənənəvi enerji məhsulları deyil, eyni zamanda "yaşıl enerji", yaxud alternativ mənbələrdən əldə edilən enerji ilə də çıxacaq. Deputat vurğulayıb ki, ötən il Avropa İttifaqı ilə bağlanmış anlaşmaya əsasən, Azərbaycan alternativ mənbələrdən əldə etdiyi enerjini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniya və Macarıstana ixrac edəcək:

 "Yalnız ənənəvi deyil, eyni zamanda bərpa olunan mənbələrdən enerji ixracatını həyata keçirməsi də ondan xəbər verir ki, Azərbaycan artıq Avropa bazarına həm də innovativ məhsullarla, enerji məhsulları ilə daxil olacaq. Bu da Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun kəskin artmasına gətirib çıxaracaq. Azərbaycan alternativ mənbələrdən əldə etdiyi enerji hesabına da Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verəcək. 

Azərbaycanın bu sahədə potensialı kifayət qədər böyükdür. Çünki həm külək, həm də günəş enerjidən, eləcə də hidro-enerjidən istifadə imkanları var. Bütün bunlar imkan verir ki, Azərbaycan həm daxili ehtiyacını ödəsin, həm də ixraca yönəlik daha çox istehsalı həyata keçirə bilsin. Növbəti illərdə alternativ mənbələrdən əldə edilən enerji istehsalının artması, həm də Azərbaycanın Avropa bazarına yeni məhsulların daxil olmasını müşahidə edəcəyik. 

Təbii ki, bu, ilk növbədə Azərbaycanın dövlət gəlirlərinin artmasına səbəb olacaq. Digər yandan, Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin daha da gücləndirilməsinə gətirib çıxaracaq".