Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda brifinq keçirilib. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov çıxışında suyun 1000 kubunun qiyməti dövlətə 70-80 manata başa gəldiyini vurğulayıb. O bildirib ki, lakin sudan istifadə birliklərinə 1000 kubu 50 qəpiyə satılır: “Onlar da xərclərinə uyğun olaraq müəyyən qədər vəsaiti üzərinə gəlməklə istifadəçilərə təqdim edirlər”.
“Azərsu ASC”nin sədr müavini Etibar Məmmədov isə içməli suyun əhaliyə maya dəyərindən aşağı satıldığını deyib: “Tariflər normal olsa, “Azərsu” ASC daha rentabelli fəaliyyət göstərə bilər. Tariflərin gələcəkdə artırılması üçün biz də təşəbbüslə çıxış etmək istəyirik. İnkişaf etmiş ölkələrin heç birində və postsovet ölkələrinin heç birində bu tariflə su satılmır. Suyun qiymətinin artması bizim istəyimizdən asılı deyil. Lakin dövlət nə qərar qəbul edəcəksə, ona uyğun addım atılacaq. Əldə olunan vəsait şəbəkələrin yenilənməsinə sərf olunur”.
İçməli suyun bahalaşma ehtimalı ilə bağlı "Sherg.az"a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, maya dəyərininin hesablama qaydaları elan olunmalıdır:
"Yaxın vaxtlarda içməli suyun qiyməti kəskin artmışdı. Azərbaycanda kommunal xidmətlərin rəhbərləri maya dəyəri haqqında danışanda vətəndaşlara hörmət edib, onları bilgiləndirməlidir. Yəni maya dəyərinin necə hesablandığına aydınlıq gətirməlidilər. Dövlət qurumu rəhbəri maya dəyərinin yüksək olduğunu deyir, fərqli ab-hava yaradır. Sonra da qiymətlər artırılır. Bəlkə, qiyməti artırmadan xərcləri azaltmaqla maya dəyərini aşağı salmaq mümkündür? Çünki iqtisadiyyatın qaydaları var".
İqtisadçının qənaətincə, müvafiq qurumlar iqtisadi qanunlardansa, öz maraqları çərçivəsində davranmağa üstünlük verirlər:
"Azərbaycanda nə içməli suyun, nə təbii qazın, nə elektrik enerjisinin qiymətinin yüksəldilməsi üçün lüzum var. Hər bir müvafiq qurum yaxşı işləsə, korrupsiyaya yol verməsə, qiymətlər də normal olar. Çünki qaz, neft Azərbaycanın daxili sərvətləridir. Su da Azərbaycana məxsus olduğuna görə ödənişsiz əldə edilir. Sadəcə yığılıb çatdırılması ilə bağlı xərclər mövcuddur. Xərcləri optimallaşdırmaqla maya dəyərini aşağı endirmək mümkündür".