Regionlarda turizmin inkişafı əngəllənir

Bayram günlərində hotellərdə qiymətlər 3 dəfə baha olacaq

"Regionlarda turizmin inkişafı vacibdir və bu, valyutanın ölkədə qalması baxımından da prioritetdir”

  "Novruz bayramı günləri üçün regionlarımızda yerləşən istirahət mərkəzləri yenidən yüksək qiymətlər təklif etməyə başlayıblar". Bu barədə millət vəkili Vüqar Bayramov deyib. İqtisadçı-deputat vurğulayıb ki, qiymət monitorinqləri göstərir ki, bayram günlərində hotellərdə qiymətlər adi günlər ilə müqayisədə orta hesabla 3 dəfə baha olacaq: 

"Regionlarda turizmin inkişafı vacibdir və bu valyutanın ölkədə qalması baxımdan da prioritetdir. Amma turizm xidmətlərinin və eləcə də hotel qiymətlərinin əlçatan olması olduqca əhəmiyyətlidir. Yüksək qiymətlər bayram günlərində turizmin əlçatanlığını kəskin azaldır. 

Turizmdə qiymətlərin yüksək olmasının əsas səbəblərindən biri 1, 2 və ya ulduzsuz hotellərin sayının az və bu sahədə rəqabətin zəif olmasıdır. Bu baxımdan, çoxulduzlu hotellərlə bərabər, 1 və 2-ulduzlu hotellərin tikilməsi olduqca vacibdir. Belə hotellərin qiyməti daha aşağı olur və daha çox turistlər cəlb edir". 

  Parlament üzvü təəssüflə deyib ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5-ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər: 

"Buna görə də az ulduzlu hotellərin inşaatının sürətləndirilməsi bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır.

 Bu, sahibkarların stimullaşdırılması baxımından vacibdir. Bütövlükdə, bu sahədə qiymətlərin optimallaşdırılması üçün rəqabətin daha da gücləndirilməsi önəmlidir".