"Yumurtanın qiymətinin artmasını zaman-zaman müşahidə edirik".
Bu sözləri "Sherg.az"a iqtisadçı Natiq Cəfərli yumurta qiymətlərinin bahalaşmasından danışarkən söyləyib. Onun sözlərinə görə, məhsula tələbat artan kimi qiymətlər də yüksəlir:
"Bayramqabağı yumurta daha çox istehlak edilir. Düzdür, yumurta, quş əti istehsalçıları dərman preparatlarının, yemin bahalaşmasını əsas səbəb hesab edirlər. Təbii ki, bunların da təsirləri var. Amma əsl məsələ odur ki, yerli istehsal istehlakın həcmini tam ödəmir. Nəticə etibarilə tələb artan kimi qiymətlərin də yüksəlməsinin şahidi oluruq".
Qeyd edək ki, son günlər hamının “ferma yumurtası” dediyi broyler yumurtasının qiyməti 18-19 qəpikdən 25 qəpiyə qalxıb. Kənd yumurtasının topdansatış qiyməti 30-35 qəpik, pərakəndə satışı isə 40 qəpikdir.