Maşın bazarı canlanır

İnsanlar köhnə avtomobillərdən daha bərk yapışacaqlar

Yeni məhdudiyyət əslində avtomobilləşmə prosesini bir az ləngidəcək, idxal edilən avtomobillərin sayı azalacaq

  May ayının 1-dən istehsal ili 10 ildən yuxarı olan avtomobillərin ölkə ərazisinə gətirilməsi qadağan edilir. 
  Qərar ictimaiyyətdə ciddi narahatlıq yaradıb.  Əsas təşviş isə bu qərar verilənədək xaricdən sifariş edilən avtomobillərin taleyi ilə bağlıdır. Belə ki, hazırda həmin maşınların ödənişi edilsə də, 2-3 aya çatdırılmalıdır. Bəs, xaricdən avtomobil sifariş edən və avtomobili yolda olan şəxslərə istisna güzəşt ediləcəkmi?
Digər bir ehtimal isə qərarın avtomobil bazarında  bahalaşmaya səbəb olacağıdır. 
Mütəxəssislər isə Nazirlər Kabinetinin bu qərarının Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirirlər.

  Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun “Şərq”ə açıqlamasına görə, Nazirlər Kabinetinin müvafiq qərarı avtomobil sıxlığının aradan qaldırılmasına, avtomobil parkının yenilənməsinə və ekosistemin yaxşılaşdırılmasına hesablanıb: 

“Avtomobil bazarında yaşı 10 ildən artıq olan minik avtomobillərinin payı həddindən artıq. Xüsusən də son illər Gürcüstandan istismar müddəti bitmiş metallom avtomobillərin idxalı artmışdı. Bu baxımdan, yeni qərar istehsal tarixi 10 ildən çox olan avtomobil idxalının məhdudlaşdırılması ekoloji təmiz olan hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsini stimullaşdıracaq. Eyni zamanda  yararsız avtomobillərin dövriyyədən çıxarılması ilə avtomobil parkı yenilənəcək, yol-nəqliyyat hadisələrinə səbəb olan hallar azalacaq. Bu qərar Azərbaycanın “Avro-5” ekoloji standartlara keçidini də tezləşdirəcək. Hazırda  ölkəmizdə "Avro-4" standartları tətbiq edilir. Ola bilsin ki, bu qərardan sonra “Avro-5”ə keçidlə bağlı da qərar veriləcək”. 
  Qərarın 30 gün sonra qüvvəyə minəcəyini xatırladan ekspert  deyib ki, xaricdən avtomobil sifariş edən və avtomobili yolda olan minlərlə  şəxs narahatdır. Xüsusən də  Yaponiya, Cənubi Koreya, Amerikadan  avtomobillərin gəmi vasitəsilə gətirilməsi ən azı 2 -3 ay çəkir: “Avtomobil idxalçıları idxal etdikləri nəqliyyat vasitəsinin qaimə və digər sənədlərini düzgün təqdim edərlərsə, hansısa problemin yaranmasından söhbət gedə bilməz.
  Qərarda da qeyd olunub ki, mart ayının 29-dək (29 mart da daxil olmaqla), yəni məlum qərar elan edilən günədək pulu ödənilərək sifariş edilmiş avtomobillərin ölkəyə daxil olmasına icazə veriləcək. Yəni məsələn, şəxsin martın 29-dək sifariş etdiyi, pulunu ödədiyi avtomobil 2-3 aydan sonra ölkəyə gələndə, ona hər hansı məhdudiyyət tətbiq olunmayacaq. Əks halda ölkəyə gətirilən maşınların limanlarda qalması  vətəndaşlarımıza külli miqdarda ziyan vura bilər". 
  E.Cəfərovun sözlərinə görə, gələn aydan ikinci əl avtomobil bazarında köhnə maşınların qiyməti 2-3 faizə qədər yüksələcək: "Sonrakı dövrlərdə isə qiymət artımı ölkədəki qərarlardan asılı olacaq. Ola bilər ki, gömrük rüsumları bir qədər endirilsin.  Bu qərardan sonra yeni avtomobillərin isə qiymətlərində kəskin artım gözləmirəm”.
  Hüquqşünas, nəqliyyat üzrə ekspert  Ərşad Hüseynov isə “Şərq”ə açıqlamasında 10 ildən artıq olan işlənmiş avtomobillərin idxalına tətbiq ediləcək yeni məhdudiyyəti əslində ölkəmizdə avtomobilləşmə prosesini yavaşıtmağa yönələn addım kimi qiymətləndirib. Ekspertin sözlərinə görə, bu qərar avtomobilləşmə prosesini bir az ləngidəcək, idxal edilən avtomobillərin sayı azalacaq. Amma qərarın hədəfləndiyi ictimai faydalı nəticələrin gözlənilən səviyyədə olması inandırıcı deyil. Hətta əksinə, bəzi məqamlarda yeni suallar çıxacağı mümkündür: “Ötən ilin sentyabr ayından başlayaraq Bakı küçələrində tıxaclar daha kəskin  xarakter almışdı. ETSN-in keçirdiyi monitorinqlərin nəticəsi kimi havada dəm qazının, azot oksidlərinin və bəzi başqa zərərli maddələrin normadan xeyli çox olduğu barədə məlumatlar da hamının yadındadır. Bu zərərli maddələrin əsas mənbəyinin nəqliyyat vasitələri olduğu da ETSN tərəfindən vurğulanır. NK isə özünün 29.03.2023 tarixli, 94 saylı Qərarını şərh edərkən əsas hədəfin göstərilən problemi həll etmək olduğunu vurğulayıb.
  Lakin bu məsələdə ciddi bir səhvə yol verilir. Bizim ölkəmizdə əhali sayına nisbətdə avtomobillərin sayı çox deyil (təxminən hər 100 nəfərə 14 avtomobil düşür).  Bizdə əsas problem fərdi avtomobillərdən istifadə səviyyəsinin yüksək olmasıdır.  Bunun səbəbi isə ictimai nəqliyyatın bərbad olması, fərdi mobillik üsullarından (velosiped və ona bərabər yerdəyişmə vasitələrindən) çox az istifadə edilməsidir. Ona görə də son qərarın ölkəmizdə ekoloji təhlükəsizliyi əhəmiyyətli dərəcədə artıracağını, yol hərəkəti təhlükəsizliyinə ciddi töhfə verəcəyini, yollarda tıxacları azaldacağını düşünmək doğru deyil”.
  Ə.Hüseynovun sözlərinə görə, bu qərardan sonra insanlarımız ölkəmizdə hazırda istismar edilən köhnə avtomobillərdən  daha bərk yapışacaqlar, çünki onları yeniləmək şansı xeyli azaldı.  Nəqliyyat ehtiyaclarını qarşılayan başqa variant da yoxdur.  Bu isə köhnə avtomobillərin daha uzun müddət istismar edilməsini stimullaşdıracaq: “Əgər bu qərar səmərəli və əlverişli utilizasiya proqramı ilə eyni vaxtda verilsə və icra edilsəydi, köhnə avtomobillərin azalması ehtimalı real olardı. İndiki şəraitdə isə daxili avtoparkda köhnə avtomobillərə ehtiyacın artacağını düşünmək olar. Hətta bu qərar köhnə avtomobillərin bazarda bahalaşmasına da stimul verəcək (bazardakılar belə məsələlərə çox həssas yanaşırlar).
  Bundan başqa, mobilliyini ictimai nəqliyyat hesabına təmin edə bilməyən insanlar xaricdən nisbətən az istifadə edilən (yaşı 10-dan az olan) avtomobil gətirməyə meyillənəcəklər. Onlar isə daha bahadır. Nəticədə ölkəmizdən xaricə avtomobil alışı üçün valyuta axını arta bilər. Qısası, ölkədə avtomobillərin ekoloji zərərli təsirini azaltmağın, yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırmağın, yollarımızda tıxacları azaltmağın və aradan qaldırmağın yeganə yolu ictimai nəqliyyatı inkişaf etdirməkdir.  Bütün sərmayələr ilk olaraq buna yönəldilməlidir.  Buna paralel olaraq əhali üçün cəlbedici və səmərəli utilizasiya da həyata keçirilsə, insanlar köhnə avtomobillərdən inzibati qərarlarla deyil, hətta könüllü olaraq  imtina edərlər”.
  Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə 1,4 milyondan çox minik avtomobili mövcuddur. Bunun 1,3 milyondan çoxu şəxsi minik avtomobillərinin payına düşür.
Azərbaycanda minik avtomobillərinin yaş strukturu belədir:
- 2 ilə qədər olan minik avtomobilləri 2 faiz;
- 2 ildən 5 ilə qədər olan minik avtomobilləri 3 faiz;
- 5 ildən 10 ilə qədər olan minik avtomobilləri 11,9 faiz.
Beləliklə, yaşı 10 ildən artıq olan minik avtomobillərinin payı 80 faizdən çoxdur.
İstehsal tarixi 10 ildən çox olan avtomobil idxalının məhdudlaşdırılmasının yaradacağı imkanlar:
- Ekoloji təmiz olan hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsini stimullaşdıracaq;
- Yararsız avtomobillərin dövriyyədən çıxarılması ilə avtomobil parkı yenilənəcək, yol-nəqliyyat hadisələrinə səbəb olan hallar azalacaq;
- Ekoloji təmiz avtomobillərin sayının artması karbon emissiyasının azalmasına və daha sağlam ətraf mühitin olmasına səbəb olmaqla, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in icrasını sürətləndirəcək;
- İnsanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına gətirib çıxaracaq;
- Ölkəmizdə avtomobil istehsalının stimullaşdırılmasına səbəb olacaq;
- Avtomobil istehsalı sahəsi üzrə ixtisaslı kadrların artmasına imkan yaradacaq.
  Xatırladaq ki, elektrik mühərriki ilə işləyən avtomobillərin 2019-cu il yanvarın 1-dən etibarən ölkə ərazisinə idxalı əlavə dəyər vergisindən azad edilib. 2022-ci il yanvarın 1-dən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib.
Nazirlər Kabinetinin 94 №-li qərarı dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.