Azərbaycan “Həmrəylik Halqası”na möhürünü vurdu 

Bu anlaşma Azərbaycan ilə Avropa arasında yeni əməkdaşlıq səhifəsidir

Bakının regional geosiyasi və geoiqtisadi mövqeyi möhkəmlənməkdədir


  Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan və Azərbaycan arasında “Həmrəylik Halqası”yla Azərbaycan qazının tədarükünə dair memorandum imzalanıb. Memorandumun imzalanma mərasimində dövlət başçısı İlham Əliyev də iştirak edib. Prezident İlham Əliyev bildirib ki, imzalanan memorandum Azərbaycana Avropaya daha çox qaz tədarük etmək imkanı verəcək. Dövlət başçısı qeyd edib ki, Azərbaycan təkcə enerji sektorunda deyil, digər sahələrdə də Avropanın mühüm və sınaqdan çıxmış tərəfdaşıdır: "Azərbaycan enerji təchizatı coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə çatdıracaq". Ölkə rəhbəri xatırladıb ki, ötən ilin iyul ayında imzalanmış Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu Azərbaycandan Avropaya qaz tədarükünü artırmağa imkan verəcək: "Bu ilin sonuna qədər bütün interkonnektorlar birləşdirilərsə, biz Macarıstan və Slovakiyaya tədarüklərə başlamağı planlaşdırırıq. Azərbaycan enerji təchizatı coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə çatdıracaq ". 

Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan tərəfdaşlarının etibarlı və dayanıqlı şəkildə qaz təminatı prosesində strateji rol oynayır. Onun sözlərinə görə, Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində iki ildən artıq öz tərəfdaşlarının etibarlı və dayanıqlı qaz tədarükünü təmin edir. Nazir onu da qeyd edib ki, imzalanan memorandum həmrəylik təşəbbüslərinə doğru böyük bir addımdır. Təşəbbüs təkcə iştirakçı tərəflər arasında qaz tədarükünün artırılması demək deyil, həm də daha çox Avropa ölkələrinə qazın tranzitinin təmin edilməsi deməkdir. Çıxış zamanı Pərviz Şahbazov hazırkı reallıqları nəzərə alaraq Avropanın dayanıqlı və alternativ mənbələrdən qazın tədarükü üçün infrastruktur layihələrinin inkişafının vacibliyini də qeyd edib. Bolqarıstan energetika naziri Rosen Xristov deyib ki, enerji təhlükəsizliyi istiqamətində ən önəmli addımlardan biri atıldı: “Mən çox şadam ki, Bolqarıstan bu layihənin təşəbbüskarıdır. İlk müzakirələrdən sadəcə bir neçə ay keçir və indi addımlar atılır. Mən bizi stabil platforma ilə təmin edən prezidentlərə siyasi dəstəklərinə görə təşəkkür edirəm”. 

  Rumıniyanın energetika naziri Vircil Daniyel Popesku bildirib ki, Azərbaycan bu təşəbbüsdə əsas oyunçudur və həm Bolqarıstanın, həm də Rumıniyanın strateji tərəfdaşıdır: "Bizim bu ölkə ilə uzunmüddətli əlaqələrimiz var. Azərbaycan etibarlı tərəfdaşdır. Azərbaycan regionumuzun enerji təchizatının təhlükəsizliyində vacib rol oynayır". 

Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson bəyan edib ki, 2022-ci il enerji təhlükəsizliyi baxımından Avropa üçün mürəkkəb bir il oldu. O bildirib ki, Avropa İttifaqı blokun enerji təchizatının təhlükəsizliyi üçün plan qəbul edib: “Qəbul etdiyimiz plan və atdığımız addımlar enerji təchizatında əhəmiyyətli dəyişiklik yaratdı. Rusiya qazından asılılıq aradan qalxdı və enerji təchizatında diversifikasiyaya nail olmaq mümkün oldu. 2023-cü ilin başlanğıcından bəri bizim qaz kəmərləri 10 faizdən az Rusiya qazı idxal edir. Bu il ərzində Aİ həm də təhlükəsiz təchizatı gücləndirib. Qaz təchizatı üçün vacib infrastrukturlar qurulub və qurulur, xüsusilə də Mərkəzi və Cənub-Şərqi Avropada bu infrastrukturlar yaradılır. Qaz vacib enerji mənbələrindən biri olaraq qalır. Buna görə də bizim qaz infrastrukturuna investisiya qoymağımız vacibdir, xüsusilə də qeyri-Rusiya mənbələrindən Avropaya qazın ötürülməsi üçün. Bu, xüsusilə də Mərkəzi və Şərqi Avropa üçün vacibdir. Nəzərə alsaq ki, onlar uzun illər Rusiya qazından asılı olub”. Simson qeyd edib ki, Ukraynadakı müharibə başlayan zaman bu ölkələrin Rusiya qazından imtinası onlar üçün ciddi çətinliklər yaradıb və Avropa İttifaqı bunun fərqindədir və Avropa Komissiyası bu çətinliklərin öhdəsindən gəlmək üçün həll yolları üzərində işləyib: “Buna görə də Slovakiya, Macarıstan, Bolqarıstan, Rumıniya və Azərbaycanın liderlərinin bu istiqamətdə əməkdaşlığı, imzalanan Anlaşma Memorandumu vacibdir. Bu, regionun effektiv şəkildə qaz təchizatına töhfə verəcək. Azərbaycan Avropa İttifaqının bu sahədə etibarlı tərəfdaşıdır. Bu ilin qışında Azərbaycandan idxal olunan qaz enerji təchizatında ciddi rol oynayıb və Avropa Komissiyası bu səyləri yüksək qiymətləndirir”. O vurğulayıb ki, Avropa Komissiyası region ölkələrinin və Azərbaycanın bu şaxələndirmədə təşəbbüslərini dəstəkləyir.

  Millət vəkili Vüqar Bayramov deyib ki, Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Deputatın sözlərinə görə, əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək: 

"Bu anlaşma Azərbaycan ilə Avropa arasında yeni əməkdaşlıq səhifəsidir. Azərbaycanın regional geosiyasi və geoiqtisadi mövqeyi möhkəmlənməkdədir. Qeyd edim ki, Bolqarıstan Şərqi Avropada Azərbaycanın strateji tərəfdaşlarındadır. Deputatın sözlərinə görə, iki ölkə arasındakı ticarət dövriyyəsindəki artımlar münasibətlərin inkişafını bir daha təsdiq edir. 2022-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 325 milyon 391 min dollar olub. Bu o deməkdir ki, ötən il Azərbaycan ilə Bolqarıstan arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 4.5 dəfə artıb. 2022-ci ildən başlayaraq Azərbaycan Bolqarıstan ilə enerji əməkdaşlığını gücləndirib. Bolqarıstan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə Azərbaycan mavi qazını istehlak edir. Bu il Bolqarıstana 1 milyard kub metrdən çox qaz nəql ediləcək. İstər Cənub Qaz Dəhlizi, istər də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun reallaşması Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində mümkün oldu. Bunu Avropa rəsmilərinin etiraf etməsi də məhz ölkəmizin regional enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhfəsini bir daha təsdiq edir.

  İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrdək artırılması isə Bolqarıstan və Ruminiya ilə yanaşı Macarıstan, Slovakiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər".