Bu il kənd təsərrüfatı ciddi sınaq qarşısındadır

  Bir neçə gün əvvəl müşahidə olunan güclü yağış və dolu Cəlilabad rayonunda çiyələk sahələrinə zərər vurub.
  Yerli sahibkarların məlumatuna görə, havanın qeyri-sabit keçməsi çiyələk kollarını və meyvələrini zədələyib. Buna görə də çiyələk sahələrini sığorta etdirməyən bəzi sahibkarlar çətin duruma düşüblər. Fermerlər bildiriblər ki, güclü külək və dolu nəticəsində artıq sahələrdə meyvələr sürətlə çürüməyə başlayıb.
  Qeyd edilib ki, təbiət hadisəsi nəticəsində kolların üzərində həm yetişmiş, həm də kal meyvələr məhv olublar. İndiyədək mövsüm zamanı əlverişsiz hava şəraiti ilə qarşılaşmadıqlarını söyləyən sahibkarlar əkin sahələrini sığorta etdirmədiklərini bildiriblər. Ona görə də bu mövsümün zərərlə başa çatacağı ehtimal edilir.
  Məsələ ilə bağlı Cəlilabad Rayon Dövlət Aqrar Mərkəzindən bildirilib ki, baş verən qasırğa və yağan dolu çiyələk təsərrüfatına ciddi ziyan verib.
  Qeyd edilib ki, yetişmiş məhsul kol üzərində çürüyərək yerə tökülür. Məlumatda bunun çiyələyin qiymətinə təsir göstərəcəyi vurğulanıb.
Maraqlıdır, qeyri-sabit hava şəraiti kənd təsərrüfatının ayrı-ayrı sahələrinə necə təsir göstərir?

  Kənd Təsərrüfatı üzrə ekspert, iqtisadçı Cəfər İbrahimli  “Sherg.az”a açıqlamasında deyib ki, kənd təsərrüfatının inkişafı bir növ  iqlimdən asılıdır. Bu səbəbdən intensiv yağışlar, xüsusən də dolu mövsümi  məhsulların keyfiyyətinə, həm də istehsal həcminə mənfi təsir edəcək. Əslində təbiət hadisələrinin kənd təsərrüfatına ziyanı həmişə olub. Ən inkişaf etmiş ölkələrdə də bu hallar olur. Xüsusən də ölkəmizdə  hər ilin bu dövrü, yəni aprel-may aylarında intensiv yağışlar və dolu yağır. Əgər yağışlar uzunmüddətli intensiv xarakter daşıyarsa, bu hal bəzi bitkilərə zərər verə bilər.
  Lakin bu dövrdə yağan yağışın bir çox kənd təsərrüfatı bitkilərinə xeyri var. Belə yağışların yağması torpaqda rütubəti artırır və nəticədə əkinçilik məhsulları yaxşı inkişaf edir: “Hazırda yazın əkinlərinin mövsümüdür. Qarğıdalı, günəbaxan, pambıq kimi bitkilər üçün indiki yağışlar xeyirlidir. Taxılçılıq üçün də bu yağışlar əhəmiyyətli dərəcədə xeyirlidir.  Bağçılıq təsərrüfatlarında erkən oyanma mərhələsində olan meyvələr üçün intensiv yağışlar zərərlidir. Mayalanma prosesində yağan yağış məhsuldarlığın aşağı düşməsinə səbəb olur”.
  Ekspertin sözlərinə görə, kənd təsərrüfatı üçün ən riskli faktor dolu yağmasıdır və bu təbiət hadisəsi çox təhlükəlidir.  Cəlilabadda çiyələk sahələrinə ziyan dəyməsi də birbaşa dolu ilə  əlaqədardır. Dolu bütün bitkilər üçün təhlükəli təbiət hadisəsidir.  Amma nəzərə alaq ki,  Azərbaycanın bir çox ərazilərində çiyələk sahələri var və dağlıq ərazilərdə  daha gec yetişir. Ona görə də çiyələklə bağlı bir qıtlıq yaranacağını güman etmirəm. Cəlilabadda məhsuldarlıq aşağı düşsə də, digər ərazilərdəki məhsuldarlıq bu ziyanı kompensasiya edə bilər”.
  “Qiymət artımına gəldikdə isə indiki mövsüm elədir ki, hələ kənd təsərrüfatı məhsullarının kütləvi istehsalı başlamayıb və onlar bazara çıxmayıb. Sadəcə   satıcılar yaranmış vəziyyətdən istifadə edirlər”,- deyə ekspert əlavə edib.