Ən yaxşı variant qızıl alıb saxlamaqdır

Banklara qoyulan pul rentabelli deyil

Azərbaycanda “pul pul gətirməlidir” prinsipi işləmir

  Əhalinin banklardakı əmanətlərinin həcmində uzun müddətdən sonra azalma müşahidə olunub. Ekspertlər bu amili depozitlərə tətbiq edilən vergi qərarı ilə əsaslandırırlar. Bəzi depozit sahiblərində belə bir yanaşma formalaşıb ki, vergi depozit məbləğinə tətbiq olunur. Ekspertlər hesab edir ki, banklar tərəfindən məlumatlandırma düzgün qurulsaydı, depozit məbləğində azalmalar müşahidə olunmazdı.
  Qeyd edək ki, insanlar həmişə əllərindəki pulu yatırıma yönəldərək daha çox gəlir əldə etməkdə maraqlıdırlar. Lakin  Azərbaycanda “pul pul gətirər” anlayışı bir o qədər  də  real deyil. Bu səbəbdən pulu olan şəxslər daima “nəyə yatırsam daha çox gəlir əldə edə bilərəm?" kimi suallar ətrafında var-gəl edir. Mütəxəssislər isə tövsiyə edir ki, vətəndaşlar yığdıqları vəsaitin  “yatmaması” üçün maliyyə bazarlarındakı trendləri izləməli, yəni investisiya imkanlarını araşdırmalı, özü üçün risk və gəlirliliyin nə olduğunu aydınlaşdırmalı, özünün necə investor olduğunu müəyyənləşdirməlidir. Hər  kəs özünün  hansı risk kateqoriyasına daxil olduğunu təyin etməli, risk sevən, yoxsa riskdən qaçan investor olduğunu bilməlidir.

  İqtisadçı-ekspert Rauf Qarayev isə “Şərq”ə açıqlamasınsda deyib ki, Azərbaycanda “pul-pul gətirməlidir” prinsipi işləmir. Onun fikrincə, hazırda ölkəmizdə daşınmaz əmlak və banka qoyulan pul rentabelli deyil: “Əmlak satılan zaman və icarəyə verilən zaman vergi verməlisən və gəlir burada cüzi faizidir. Bundan əlavə, mənzil  plana düşəndə bazar qiymətindən aşağı qiymət təklif olunur və vətəndaşlar  istədikləri pulu ala bilmir.  Banklara qoyulan depozitlərin etibarlılığı təmin edilsə, bu variant daha gəlirlidir. Bu zaman pullar həm inflyasiya baxımından sığortalanmış olur, həm də üzərinə əlavə gəlir gətirir. 
  Lakin son qeydlər onu göstərir ki, banklara ümid artsa da, bağlanan banklardan qoyulan vəsaiti almaq üçün məhkəmələrdə illərini itirməlisən. Vaxt itkisindən sonra qoyduğun vəsaitin tam həcmində geri qaytarılmasına təminat yoxdur. Müəyyən hallarda isə depozitə qoyulan pul ümumilikdə itirilir. Bu baxımdan ümid qalır əlində olan vəsaiti xarici ölkə banklarına qoymaq və ya qızıl almaq. Qızılı heç olmasa, son anda lom kimi satmaq olur. Amma bu da  passiv yatırım hesab olunur. Bu, vəsaiti inflyasiyadan və digər bazar sarsıntılarından qorumağa imkan verəcək. Lakin  heç bir gəlir gətirməyərək əldə olunmuş dəyərli əşyaların timsalında passiv kimi qalacaq. Xaricdə isə banklara etibar var. Bu baxımdan vətəndaş bəzi hallarda oranı seçir. Beləliklə ölkə bankları depozitə vəsait cəlb edə bilmir. Bu isə yaxşı hal deyil.
  Lakin ölkədən çıxan valyuta  ehtiyatları dövlət orqanları tərəfindən qeydə alındığından hər adam xarici banklara pul yatıra bilmir. Rentabellik baxımından ən yaxşı variant qızıl alıb saxlamaqdır”. 

  R.Qarayevin sözlərinə görə, ölkə daxilində edilən yatırımların sərfəli  olması üçün qanunvericilikdə müəyyən sərtləşdirmə olmalıdır.
 Ekspert həmçinin qeyd edib ki, elmə yönələn vəsait də  heç vaxt itmir: “Məsləhət görərdim, insanlar özünün şəxsi inkişafına xeyli vəsait xərcləsinlər, texnoloji biliklərə sahiblənsinlər.  Daha çox yığımı olan şəxslər texnoloji mərkəzlər açaraq xaricdən mütəxsis cəlb etməklə kibernetika sahəsində kadrların hazırlanmasına nail ola bilər. Bu həm onun gəlirlərini artırar, həm də ölkədə İKT üzrə kadr  çatışmazlığına müsbət töhfə olar”.  

  İqtisadçı-ekspert Cəfər İbrahimli  isə deyib ki, biz insanların qısamüddətli vəsaitlərini həm daxili, həm xarici bazarda səhmlərə, dövlət və özəl sektor istiqrazlarına investisiya etməsində maraqlıyıq: “Bu gün faiz gəliri əldə etmək istəyənlər üçün faiz baxımından istiqrazlar daha avantajlıdır. Çünki Azərbaycanda əmanətlərlə müqayisədə istiqrazlar vergidən azaddır (xüsusilə fiziki şəxslər üçün). Həm də özəl sektor istiqrazların faizi özəl sektor əmanətlərinin faizindən daha yüksəkdir.  Digər uzunmüddətli və likvid olmayan alət kimi daşınmaz əmlak ön plandadır. Buna insanların marağı da çoxdur. Daşınmaz əmlaka daha uzunmüddətli investisiya edilir. Yəni uzunmüddətli yatırım etmək istəyənlər bundan istifadə edə bilərlər".

  Ekspertin sözlərinə görə, qızıl hər zaman güvənli maliyyə aləti hesab olunur: "Dünyada proseslər mənfi məcrada hərəkət edəndə və qlobal risklər artanda qızılın qiymətinin artdığını müşahidə edirik. Bu istiqamətdə qızıl daha uzunmüddətli və daha güvənli alət olduğu üçün investorların bura yönəlməsində maraqlı olduqlarını düşünürük".