Belə də qiymət olmaz: Şadlıq sarayları insanları “soyur”

İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı şadlıq saraylarına nəzarəti artırmalıdır


  Bahalaşma şadlıq sarayları və restoranlardan da yan keçməyib. Sözügedən xidmət sahələrində menyu qiymətlərinin bahalaşması ilə bağlı sosial şəbəkələrdə ciddi narazılıq var.  Restoran sahibləri də  bu il menyuların qiymətində təxminən 8-15 faiz arasında bahalaşma olduğunu deyir.  Vətəndaşlar isə  şadlıq saraylarında menyuların qiymətində 20-30 faiz artım olduğunu iddia edirlər. Belə ki, əvvəllər 130-140 manata təklif olunan bahalı menyuların qiyməti hazırda 170-190 manat arasında dəyişir. Bir neçə ay əvvəl 50 manata təklif olunan menyunun qiyməti isə 60 manata qədər artıb.

  İqtisadçı-ekspert Eyyub Kərimlinin “Şərq”ə açıqlamasına görə, ötən ilin böyük faizli inflyasiyasından sonra nəinki şadlıq evi və restoran, bütün xidmət sahələrində qiymətlər artıb. Onun fikrincə, ərzaq məhsullarının qiymətində müşahidə edilən 40 faizli artım ictimai sektordan təsirsiz ötüşməyib. Yəni ki, şadlıq saraylarında qiymətlərin artması  ərzaq məhsullarının bahalaşması ilə bağlıdır: 

“Mövsümlə əlaqədar kənd təsərrüfatı və ət məhsullarının qiymətində hələ də bahalaşma müşahidə olunur.  Bu isə o deməkdir ki, ictimai sektorda da  bahalaşma davam edəcək.  Şadlıq sarayının sahibləri kobud şəkildə istehlakçıların hüquqlarını pozurlar.  Şadlıq sarayları insanları öz büdcələrinə uyğun menyu seçməyə imkan vermirlər. Toy sahibinə standart menyu təqdim edir, masaya oxşar salat və isti yeməkləri düzməklə qiyməti şişirdirlər. Nəticədə isə toy edən vətəndaş qənaət edə bilmir və israfa yol verilir.  İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı şadlıq saraylarına nəzarəti artırmalıdır. Əks halda şadlıq sarayları insanları dolayı yolla soymağa davam edəcək. Əgər toy edən şəxslər öz büdcəsinə uyğun menyu tərtib edə bilsə, ciddi xərcə düşməz. Standart menyu o deməkdir ki, orada qeyd olunan bütün ərzaqlar süfrəyə qoyulacaq və toy sahibləri də həmin qidanı istəməsə də, ümumi  ödəniş etmək məcburiyyətində olacaq.  Onu da deyim ki, yay aylarında  kənd təsərrüfatı məhsullarının qiyməti ucuzlaşsa da, restoranlar yenə də indiki qiymətləri təklif edəcək ki, bu artıq süni qiymət artımı deməkdir”.