İyuna doğru qiymətlər ucuzlaşacaq




Evinin altındakı marketdən məhsul alan vətəndaşların, əlbəttə ki, seçimi olmayacaq


  Hazırda bir sıra kənd təsərrüfatı məhsulları üzrə istehsal və tədarük mövsümü olsa da, qiymətlər yenə aşağı düşmür.  Görünür, keçən ilin əvvəlindən start götürən bahalaşma hələ də davam edir. Pomidorun bir kiloqramının qiyməti 2-3 manat arasında, xiyarın qiyməti isə 1-2 manat arasında dəyişməkdədir.
  Bahalaşmanı şərh edən  iqtisadçı-ekspert Fuad İbrahimlinin “Şərq”ə açıqlamasına görə, mövsümi meyvə və tərəvəzlərlə bağlı qiymətlər həmişə ilkin zamanlarda yüksək olur: “Ola bilər ki, 10-20 gündən sonra olmasa da, iyuna doğru qiymətlərdə ucuzlaşmanı hiss edək. Hələ mövsümi pomidor bazara çıxmayıb. Ölkədə həmişə yanvar, fevral, mart, aprel, hətta may aylarında mağazalarda satılan pomidorların bir qismi istixanalardan yığılır. Amma  yeni məhsulların bitməsinə az qalıb və qiymətlər aşağı enə bilər. Lakin bu il qiymətlər ötən ilə nisbətən daha baha olacaq.  Mövsümündə yaranan bolluq zamanı qiymətlər nə qədər ucuzlaşa da, bugünkü bazar qiymətləri insanların gəliri ilə tərs-mütənasibdir.
  F.İbrahimlinin sözlərinə görə, qiymətləri baha olan məhsullar adətən seçmə məhsullardır: “Dəymədüşər” alıcılar var ki, aldığı hər məhsulu seçir. Bu zaman da birinci və ikinci sort məhsul anlayışı meydana çıxır. Satıcılar da seçilmiş məhsulu baha satır ki, ikinci sortu da aşağı qiymətə satsın ki, məhsul zay olmasın. Əgər vətəndaşlar bir az əziyyət çəkib axtarış etsə, büdcəsinə uyğun məhsul tapa bilər. Evinin altındakı marketdən məhsul alan vətəndaşların, əlbəttə ki, seçimi olmayacaq və  meyvə-tərəvəzləri market neçəyə satsa alacaq. Ancaq keçmişdəki “bazarlıq” ənənəsini qoruyub saxlayan insanlar səhər 8-də durub gedib  bazarlıq edir və ucuz qiymətə yaxşı məhsullar ala bilirlər”.