Məhkəmələrdə ən çox işlər alimentlərlə bağlıdır


Müraciət edən qadınların əksəriyyəti uşağa verilən pulun azlığından şikayət edirlər

  Məhkəmələrə gedən ən çox işlərdən biri alimentlə bağlı iddialardır. Xüsusən də  də alimentin artırılması ilə bağlı iddialar son zamanlar artıb. Hüquqşünas, mediator Fərhad Mehdiyev “Şərq”ə açıqlamasında daha çox Ailə Məcəlləsinin 78-ci maddəsi ilə təyin olunan alimentin (sabit məbləğdə ödənilməsi) ödənməsində problem yaşandığını deyir. 
Bizə müraciət edən qadınlar uşağa pulun çatmadığından şikayət edir, kişilər isə işsizlikdən. Alimentin artırılması üçün müraciət edən qadınlarla söhbət zamanı məlum olur ki, qarşı tərəf heç əvvəlki məbləği də ödəyə bilmir. Müraciətin səbəbini soruşanda isə  “ödəməsə də, qoy,  borcu yığılsın” deyə cavab verirlər. Sonda isə  alimentdən yayınan ata inzibati həbs olunur və  nəticədə hər iki tərəf itirir. 

  Vəkilin sözlərinə görə, alimentdən yayınmaq istəyən atalar  220 manat əvəzinə 100-120 manat verməklə məhkəmənin qərarını icra etmiş olur: “Qarşı tərəf şikayət edəndə isə qazancının bu qədərinə imkan verdiyini iddia edərək məsuliyyətdən boyun qaçırır. Əslində  burada kişiləri də qınamaq olmur. Bəzən 600 manat maaş  alan şəxsə qarşı iddia qaldırırlar ki, 3 uşağa görə 220 manat ödəsin. Halbuki qanunvericiliyin tələbinə görə, 220 manat hər iki valideyn tərəfindən qarşılanmalı olan bir məbləğdir. Aliment qadına xidmət haqqı deyil ki!? 

  Aliment, uşağın saxlanılması üçün ödənilən puldur. Bura uşağın zəruri xərcləri - yaşayış minimumu xərcləri daxildir. Bura qədər bu hissə mübahisə olunmur. Aliment uşağa baxmağın pulu deyil, o ayrıdır, uşaq 3 yaşını doldurana qədər anaya ödənilən puldur. Uşaq 3 yaşını doldurduqdan sonra həmin pul kəsilir, düşünülür ki, uşağı pulsuz (!) dövlət bağçasına gedə bilər, ana da işləyər. 
  Bu səbəblə, uşağın saxlanılması üçün ödənilən aliment, pul qazanan valideyndən alınmalıdır, valideynin hər ikisi işlədikdə, hər ikisindən alınmalıdır. Başqa bir sözlə bugünkü 220 manat aliment (maaş aşağı olduqda bu yola gedilir) hər iki valideyn işlədiyi halda hər iki tərəfdən bərabər həcmdə kəsilməlidir. 
  Ailə Məcəlləsinin 76-cı maddəsində bunla bağlı problem yoxdur, orda "valideynlərindən" sözündən istifadə olunub. AM-nin 78-ci maddəsi sabit məbləğdə ödənişi bir valideynin üstünə qoysa da, AM-nin 75-ci maddəsinə görə, hər iki valideyn uşağın saxlanılması öhdəliyini daşıyır. Odur ki Məcəlləni dəyişməyə belə ehtiyac yoxdur, məhkəmə praktikası bu şəkildə dəyişdirilməlidir.
  Təbii ki,  ölkə şərtlərində dolanmq çətindir, 220 manat belə bir uşağın xərclərinə kifayət etmir. Amma bütün bunlar o demək deyil ki, 600 manat alan ata 3 uşağa görə 660 manat ödəməlidir. Axı bu adam özü də yaşamalıdır! Belə hallarda mütləq şəkildə həmin məbləğ hər iki valideyn arasında  bölünməlidir. 600 manat gəliri olan adam dərisini soyub 660 manat çıxardası deyil ki.  Avropada  ata alimenti ödəyə bilmirsə, dövlət həmin ailələrə maddi yardım edir. Amma bizdə bu təcrübənin tətbiqi real deyil. Əgər hökumət belə bir qərar versə, rəsmi iş yeri olmayan əksər şəxslər də süni şəkildə boşanacaq ki, uşağa görə aliment ala bilsinlər. Məncə, bu da xoşagələn hal deyil və alimentin pis ödənilməsindən daha zərərli nəticələri olar".

  F.Mehdiyev deyib ki, əgər aliment hər iki valideyn arasında bərabər bölüşdürülsə, boşanma sayı azalacaq: “Bu gün üçün boşanmaqla bağlı iddiaları qaldıranlar əksər hallarda qadınlardır. Bu hal onların həm boşanmaya getmədə motivlərini, həm də uşaqların hamısının öz yanında saxlamasının motivini azaldacaq. Dargəlirli, işləməyən boşanmış ataların yükü zəifləyəcək. Hazırda inzibati həbs yatanların ciddi hissəsi aliment borcu olanlardır. Düşünmürəm ki, kimsə onların həbsdə qalmasından xüsusi zövq alır. Bununla belə kəskin qiymət artımı fonunda, yanında uşağı olan və alimenti ala bilməyən boşanmış valideynə, dövlətin əlavə yardımları necə təqdim edəcəyi müzakirə olunmalıdır”.