Tikinti bumu səngiyib

Yaxın gələcəkdə tikinti şirkətləri köhnə binaları sökmək istəməyəcək

“Çünki bir neçə sakinin binadan çıxmaması səbəbindən tikinti şirkətləri mənzil satdıqları şəxslər qarşısındakı öhdəliklərini yerinə yetirə bilmir”

Öhdəliyi rəsmi dövlət qurumları öz üzərinə götürməlidir, belə olarsa vətəndaşlar da köhnə evlərinin sökülüb yenisi ilə əvəzlənməsinə bu qədər əngəl yaratmaz

  “Fəxr ediləsi haldır ki, ölkəmizdə tikinti işləri yüksək səviyyədə davam edir. Lakin təəssüf ki, hələ də fırıldaqçılıqla məşğul olan tikinti şirkətləri var. Vətəndaşlardan pulu alıb, onları aldadaraq yubadırlar”.
  Bu sözləri  Milli Məclisin deputatı Rüfət Quliyev Parlamentin plenar iclasında deyib. Onun sözlərinə görə, bu şirkətlərdən biri də məhz “Bakı İnşaat” MMC-dir: “Həmin şirkətlə bağlı bizə rəsmi məktublar daxil olur. İnsanların pulunu alıb 4-5 aydır ki, yubadırlar. Köməkçim dəfələrlə həmin şirkətin rəhbəri ilə əlaqə saxlamaq istəsə də, zənglərə cavab verilmir, söhbətdən qaçırlar. Belə şirkətlərə qarşı müvafiq tədbirlər görülməlidir”.

  Əmlak eksperti Elnur Fərzəliyev isə  “Şərq”ə açıqlamasında deyib ki, tikintinin yubanmasının tək günahkarı MTK-lar deyil, bəzən vətəndaşlar da tikintinin dayanmasına səbəb olur: 

 “Bilirsiniz ki, Bakıda istismar müddətini başa vurmuş binaların sökülməsi daha əvvəlki kimi pilot layihə üzərindən aparılmır. İndi bu işi özəl şirkətlər həyata keçirir. Tikinti şirkəti sökdüyü mənzilə görə artıq sahə və təmirli mənzil verir. Bina sökülərkən bina tam hazır olanadək sakinlərin kirayə haqqını da tikintini həyata keçirən şirkət ödəyir.  Köçmə xərci də tikinti şirkətinin üzərinə düşür. Lakin bir çox hallarda binada yaşayan bir neçə sakin əlavə  kvadrat və ya mənzilin bazar qiymətindən daha yüksək məbləğ tələb edir. Bu zaman tikinti şirkəti ilə vətəndaşlar arasında yaşanan mübahisə aylarla uzanır, bəzi hallarda isə iş məhkəməlik olduğundan yeni binanın tikintisi yarımçıq qalır. 

  MTK ayrıca torpaq sahəsi alıb bina tikəndə bu cür problemlər yaşanmadığı üçün heç bir yubanma olmur. Amma köhnə binaları söküb yenisi ilə əvəzləyən şirkətlərlə bağlı bu cür problem çox yaşanır. Bu isə mənzil almaq istəyən insanların tikinti şirkətlərinə inamını azaldıb.  Təsəvvür edin ki, hansısa bir vətəndaş  bankdan kredit götürəndə bank özünü sığortalayır və vətəndaşdan həm zamin, həm də girov tələb edir. Amma tikinti şirkətləri mənzil alan vətəndaşların ödədikləri məbləği sığortalamır. Hətta  mənzil sahiblərinə heç bir rəsmi qurum sökülən evinin yenidən müəyyən vaxta tikilib təhvil veriləcəyinə dair  zəmanət vermir. Hər hansı səbəbdən bina tikən şirkətin binanı təhvil verə bilməməsi zamanı sakinlərin taleyinin necə olacağına zəmanət verən yoxdur. Buna görə müəyyən məsələlərdə dövriyyəyə dövlət orqanları girməlidir. Çünki bu gün Bakıda sakinlərin bir hissəsi köçürülmüş, digər hissəsi mənzilindən çıxmayan binalar var. Bu isə tikinti şirkətlərini artıq xərcə salmaqla yanaşı, tikinti işlərini yubadır”. 

  Ekspertin sözlərinə görə, problemin həlli üçün dövlət tikinti şirkətlərinə şərait yaratmalı və onlara bir sıra güzəştlər etməlidir.  Mənzillərin satışı isə MTK-lar tərəfindən deyil, rəsmi qurumlar tərəfindən həyata keçirilməlidir:

 “ Öhdəliyi rəsmi dövlət qurumları  öz üzərinə götürsə, vətəndaşlar da köhnə evlərinin sökülüb yenisi ilə əvəzlənməsinə bu qədər əngəl yaratmaz. Bu da tikinti sahəsinin inkişafına zəmin yaradar ki, bu da son nəticədə qəzalı binalar probleminin həlli deməkdir.  Əks halda yaranmış vəziyyət səbəbindən  yaxın gələcəkdə tikinti şirkətləri köhnə binaları sökmək istəməyəcək. Çünki bir neçə sakinin binadan çıxmaması səbəbindən tikinti şirkətləri mənzil satdıqları şəxslər qarşısındakı öhdəliklərini yerinə yetirə bilmir. Üstəlik, bina sakinlərinin əvəzinə kirayə pulu ödəyir və bu qədər xərcə rəğmən binanı da tikib təhvil verə bilmir.  

  Tikinti şirkətlərinin vətəndaşları  aldatmasının səbəbi bu sahədəki nəzarətsizlikdir. 20 il əvvəl alqı-satqı prosesi hansı formada gedirdisə, bu gün  də eyni formada qalıb. MTK tərəfindən vətəndaşlara verilən alqı-satqı müqaviləsi və maliyyə arayışının isə heç bir hüquqi hökmü yoxdur”.