Mərkəzi Bank məsələyə aydınlıq gətirəcək
İran bankının Azərbaycandakı filialı "Bank Milli İran Baku" bütün əməliyyatları dayandırıb. "Bank Milli İran Baku"dan verilən məlumata görə, artıq təxminən bir aya yaxındır ki, banka əmanət qoyuluşu və kredit verilişi dayandırılıb.
Bildirilib ki, buna səbəb kimi Mərkəzi Bankın bankda yoxlamaların aparılması göstərilib. Azərbaycan Mərkəzi Bankından isə bildirilib ki, məsələ ilə bağlı qısa zamanda açıqlama veriləcək.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Sherg.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bank “Bank Milli İran Baku"da əməliyyatların hansı səbəbdən dayandırılması ilə bağlı mütləq rəsmi açıqlama yaymalıdır:
“ İran bankının fəaliyyətinə niyə məhdudiyyət qoyulması bilinməlidir. Əks halda bu, qanun pozuntusudur. Ancaq onu deyə bilərəm ki, bankın fəaliyyətinin məhdudlaşdırılması o deməkdir ki, çox yaxın zamanda biz ümumiyyətlə filialın fəaliyyətinin dayandırılmasına şahid olacağıq. Əgər banka əmanət qoyuluşu və kredit verilişi dayandırılıbsa, artıq o bankdakı digər fəaliyyətlərin heç bir əhəmiyyəti qalmır”.