Qüdrət Həsənquliyev: "Avtomobil istehsal etmiriksə, güzəşt nəyə lazımdır"

  "Azərbaycanda avtomobil istehsal olunmur, avtomobillər xarici ölkədən gətirilib, burada yığılır". Bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib. Parlament üzvü bildirib ki, yerli avtomobil istehsalı demək üçün ehtiyat hissələrinin, heç olmasa, 30 faizi bu ölkədə istehsal olunmalıdır: “Yoxsa avtomobilin salonu, mühərriki, təkəri gətirilir, qapıları bağlanır, bu da olur avtomobil istehsalı. Ona görə ki, ehtiyat hissələri gətirilib burada yığılanda sahibkara ucuz başa gəlir və böyük pullar qazanılır. Bu qanunun əsaslandırılması, əslində, belə olmalıdır ki, qanun proteksionizm xarakteri daşıyır və həmin sahə ilə məşğul olanlara əlavə pul qazanmaq məqsədi güdülür. Məsələn, Azərbaycanda idxal, onsuz da ildən-ilə artır. Tutaq ki, soyuducu, kondisioner, yaxud digər sənaye məhsulunun istehsalı avtomobil istehsalından az əhəmiyyətlidir? Ona görə də ayrılıqda götürülmüş bu sahə üçün bu cür güzəştin nəzərdə tutulmasını doğru hesab etmirəm. Əlbəttə, müdafiə sənayesində hansısa məhsulların istehsalına görə belə güzəştlər nəzərdə tutularsa, bu, başadüşülən olar. Mən istəyərdim ki, biz Azərbaycanda avtomobilləri yığmayaq, həqiqətən də, avtomobil istehsal edək. Ona görə də mən, vaxtilə də təklif etmişdim ki, Naxçıvan Muxtar Respublikasını minik avtomobilləri, Gəncəni isə yük və kənd təsərrüfatı maşınları, traktorlar istehsal edən mərkəzə çevirməliyik. Amma bunun üçün dünyanın inkişaf etmiş ölkələri ilə müqavilələr bağlamaq lazım idi. Biz isə Neftçalada İranla birlikdə bir müəssisə açdıq. Mən o vaxt da söyləmişdim ki, axı İranda bu sahə inkişaf etməyib. Onun istehsal etdiyi avtomobillərin keyfiyyəti olduqca aşağıdır. Bəzi dövlət müəssisələrini məcbur edirlər ki, oradan avtomobil alsınlar. Onlar da alıb gətirirlər, qısa müddətdən sonra həmin avtomobillər sıradan çıxır. Beləliklə də, dövlət vəsaiti səmərəsiz istifadə edilmiş olur". 
  Q.Həsənquliyevin sözlərinə görə, ümumiyyətlə, Azərbaycanda sənaye məhsulları istehsal edən, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan müəssisələr 5 il müddətinə vergilərdən azad olunmalıdır: "Bu, investisiya cəlbinə töhfə vermiş olar, insanlar da vəsaitlərini xaricə çıxarmaz, ölkəyə yatırarlar. Xarici investorlar da Azərbaycana gələr. Hesab edirəm ki, avtomobil ehtiyat hissələrini gətirib burada yığan adamlara belə güzəştlərin nəzərdə tutulması yolverilməzdir. Həm də o mənada yolverilməzdir ki, bundan böyük pullar qazanırlar. Bizim isə hazırda vəsaitə ehtiyacımız var. Qarabağ bərpa olunur, Azərbaycanda bir çox problemlərin həlli üçün dövlətin vəsaitə ehtiyacı var”.