Sosial islahatların növbəti mərhələsində yaşa görə pensiyanın orta aylıq məbləğini 500 manata və ondan da yüksəyə qaldıra biləcəyik.
Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov nazirliyin son 5 ildə gördüyü işlərə dair keçirilən mətbuat konfransında deyib. O bildirib ki, hazırda yaşa görə pensiyanın orta aylıq məbləği 465 manatdır.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Fuad İbrahimov "Sherg.az"a bildirib ki, A.Kərimovun çıxışında tarix bildirilmir:
"Lakin növbəti dəfə, hər an artım baş verə bilər deməkdir. Əslində bizim maliyyə dayanıqlılığımız bu prosesi indi də həyata keçirməyə imkan verir. Yəni maliyyə dayanıqlılığımız və fondda yığılan vəsaitlərlə hər an pensiyalarda artım etmək olar. Digər tərəfdən mərhələli şəkildə şəffaflığa doğru gedən mexanizmlər də öz işini görür".
Ekspert qeyd edib ki, pensiya təminatı sahəsində günümüzdə müəyyən saxtakarlıqlar aradan qaldırılıb:
"Hətta fondun vəsaitinin təyinatı üzrə istifadə edilməməsinin qarşısı alınıb və son zamanlarda saxta yollarla müavinət alanlar ifşa edilib. Yəni bu istiqamətdə iş görülür. Artım barəsində isə aidiyyatı dövlət nəzarət orqanlarının hesabatları verildikdən sonra pensiyalarda artım qərarının veriləcəyini düşünürəm".