Bu il avqustun 1-nə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 2022-ci ilin analoji dövrü ilə müqayisədə 20 % artaraq 15 milyonu ötüb.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Bakıda keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunda deyib.
Bununla bağlı "Sherg.az"a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, nağdsız ödənişlərin həcminin artması müsbət haldır, vətəndaşların rahatlığını təmin edir:
"Vətəndaşların üstlərində artıq pul gəzdirmirlər. Pulların oğurlanma, korlanma təhlükəsi də olmur. Sadəcə Azərbaycanda bankların xidmət keyfiyyətinin zəif olması problemdir. Bəzən kartlardan vəsait oğurlanır, itir. Banklar da buna görə məsuliyyətdən yayınır. Bəzi hallarda isə belə problemlər vətəndaşların öz günahından baş verir, kartın nömrəsini başqasına göndərirlər. Bu kimi problemlər həll olunmalıdır. Bankların kifayət qədər etibarlı və effektli ödəniş sistemləri, informasiya təhlükəsizliyi sistemləri yaradılmalıdır. Dünyanın hər yerində kağız pullar hələ də istifadə olunur".