Manatı nə gözləyir?  - AÇIQLAMA

Gələn il milli valyutanın mübadilə məzənnəsi cari ildəki kimi sabit qalacaq.
Bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.
  Sənəddə qeyd edilib ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəkləyəcək. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2024-2027-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb. "Dünya valyutalarının hər  birinin məzənnəsini şərtləndirən bir sıra  amillər var". 
 Bu sözləri mövzu ilə bağlı “Sherg.az"a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib: 

“İqtisadi cəhətdən inkişaf etmiş və müəyyən bir inkişaf mərhələsinə çatmış ölkələrdə bu amillər əsasən eynilik təşkil edir. Son zamanlar bütün dünya valyutalarında dalğalanma halları müşahidə olunsa da, bu hal Azərbaycan manatına ciddi təsirlər göstərməyib. Artıq bir neçə ildir ki, Azərbaycan manatının dollara nisbəti 1,7 manat səviyyəsindədir. Təbii ki, bunun bir neçə səbəbi mövcuddur. Əsas səbəb Azərbaycanın maliyyə dayanıqlığının  kifayət qədər olmasıdır. Hazırda   dövlət borcları ÜDM səviyyəsinin 10 faizini təşkil edir. Bununla yanaşı, dünya bazarında neftin qiyməti Azərbaycan iqtisadiyyatını qaneedəcək vəziyyətdədir. Digər tərəfdən, ölkədə makroiqtisadi tarazlıq bərqərar olunub. Bu mənada rahat şəkildə deyə bilərik ki, Azərbaycan manatını hər hansı bir təhlükə gözləmir. Bütün bunlarla yanaşı gələn ilin proqnozlaşdırmasında ehtiyatlı olmaq lazımdır”.