Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 6 faiz azalıb.
Bu ilin yanvar-avqust aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsilə 1 419,6 milyon manatlıq əməliyyat aparıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”da bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 5,5 faiz azdır. Təkcə bu ilin avqust ayında isə xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 200,9 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 6,4 faiz azdır.
İqtisadçı Natiq Cəfərli "Sherg.az"a bu azalmanın əsas səbəblərindən söz açıb:
"Maraqlı faktdır, ancaq turist sayına baxanda azalma görülmür. Əksinə, keçən ilin eyni dövrünə baxsaq, nisbətən artım müşahidə olunur. Digər ölkələrdən gələn turist saylarında azalma var. Çox ehtimal, onun təsiri olsun. Çünki keçən ilin eyni dövrü ilə müqayisədə Ərəb körfəzindən gələn turistlərin sayında azalma mövcuddur. Onlar daha çox bank kartları ilə ödəniş edirlər. Rusiyadan gələnlərdə isə əksinə müşahidə edilir. Rusiyadan gələnlərin kartı işləmir deyə, nağd valyuta (dollar, avro) ilə gəlib, burada nağdlaşdırma məntəqələrində vəsaitlərini nağd şəklində rəsmiləşdiriblər. Bu proses isə hesabatlarda görünmür. Azalmanın əsas səbəbləri bununla əlaqəlidir".