"Yaşıl Enerji" layihəsi: Bu nüans Azərbaycanın enerji-tranzit potensialını artıracaq

Biz həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında söyləyib.
Bunlardan birinin Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi olduğunu söyləyən dövlət başçısı qeyd edib:
“Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki potensialı və yeri gəlmişkən, texniki əsaslandırma işləri bu yaxınlarda bitəcəkdir. Onun imkanları iki giqavat olacaqdır. Bu, yalnız başlanğıcdır”.

İqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanın iştirakçısı və əsas donorlarından biri olan "Yaşıl Enerji" layihəsinin kabellə Xəzər dənizinin o tayından başlayan Orta Asiya respublikalarından keçməklə, Gürcüstan üzərindən Qara dənizin dibi ilə Avropaya çatdırılması çox böyük addımdır:                       

"Bu, beynəlxalq strukturların da diqqət mərkəzindədir. Həmçinin, layihəyə kifayət qədər maliyyə resursları və kreditlər ayrılıb. Bu nüans Azərbaycanın enerji-tranzit potensialını artıracaq. Əlavə olaraq yeni iş yerlərinin açılmasına səbəb olacaq. Çünki alternativ enerjinin istehsalı üçün yeni qurğular qurulmalıdır. Bu da əlavə iş yerləri yaranması deməkdir. Ümumilikdə  götürsək, yeni tendensiya ölkəmizin enerji təchizatçısı imicini və rolunu yüksəldə bilər".