Bahalı biletlər və itirilən imkanlar -Azərbaycanın turizm dilemması

2025-ci ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1% azalaraq 508 min nəfərə düşüb. Bu, ölkənin turizm sektorunda müəyyən durğunluğun və ya çatışmazlıqların mövcud olduğunu göstərir. Turist sayında azalma bir sıra amillərlə – vizaların verilməsində çətinliklər, təbliğatın zəifliyi, regional rəqabətin artması və ya daxili infrastruktur problemləri ilə izah oluna bilər.
Eyni dövrdə qonşu Gürcüstana gələn turistlərin sayı isə 1,2% artaraq 1,3 milyon nəfərə çatıb. Gürcüstanın turizm sahəsində apardığı fəal siyasət, xidmət keyfiyyəti, liberal viza rejimi və beynəlxalq bazarlarda aktiv təbliğatı nəticə etibarilə müsbət dinamika ilə özünü göstərib. Bütövlükdə, 2025-ci ilin ilk üç ayı ərzində Gürcüstana Azərbaycandan 2,5 dəfə çox turistin gəlməsi ölkələr arasındakı turizm potensialının reallaşdırılmasında ciddi fərqin olduğunu ortaya qoyur. Bu göstərici Azərbaycanda turizm sahəsində strategiyaların yenidən nəzərdən keçirilməsinin vacibliyinə işarə edir.

Mövcud durumu "Sherg.az"a şərh edən iqtisadçı- ekspert Natiq Cəfərli bildirib ki, turizmin inkişafı üçün açıq quru sərhədləri əsas şərtlərdən biridir:
  "Quru sərhədləri bağlı olan ölkə turizmi inkişaf etdirə bilməz – bu aksiomdur. Amma Azərbaycanın problemi təkcə bununla bitmir. Qiymət və keyfiyyət tarazlığı yoxdur, hekayə quruculuğu yoxdur."

Ekspertin fikrincə, Azərbaycan öz turizm potensialını beynəlxalq auditoriyaya düzgün təqdim edə bilmir. İqtisadçı bu fikrini Qobustan misalı ilə əsaslandırıb:
 "İstənilən başqa ölkədə Qobustan kimi bir tarixi məkan olsaydı, ətrafında ciddi hekayə qurulardı və bütün dünya ora maraq göstərərdi. Qobustan hekayə quruculuğu üçün ideal yerdir – hər cür imkan var. Gürcüstan 2014-cü ildə elan etdi ki, 8 min il əvvəl onların ərazisində şərab istehsal olunub. İndi həmin kəndlərə – Şulaveri və Qadaçreliyə – ildə 400 min turist gəlir."

N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda bu cür imkanlardan səmərəli istifadə olunmaması ilə yanaşı, son günlərdə atılan bəzi addımlar da narahatlıq doğurur: 
"8 may 2025-ci il tarixindən etibarən Qobustan Qoruğuna giriş biletlərinin qiyməti əhəmiyyətli dərəcədə artırılıb. Əvvəllər yerli ziyarətçilər üçün 4, əcnəbilər üçün 10, tələbələr üçün 1, məktəblilər üçün isə 0.40 manat olan qiymətlər müvafiq olaraq 7, 20, 3 və 2 manata yüksəldilib. Turistlər üçün muzeylərə, qoruqlara baha qiymət tətbiqi bir çox ölkələrdə mövcuddur, bu başadüşüləndir. Amma bu addım yalnız məkanın PR-ı düzgün qurulduqdan sonra atıla bilər. Məsələn, Türkiyədə "Aya Sofya"nı tanımayan yoxdur – orada qiymət fərqi anlaşılandır. Amma biz Qobustanı hələ dünyaya tanıda bilməmişik ki, qiymətləri artırırıq."

Ekspert eyni zamanda məktəblilər və tələbələr üçün də bilet qiymətlərinin artırılmasını yanlış addım hesab edir:
 "Türkiyədə məktəblilər üçün muzeylər çox vaxt pulsuzdur. Bu, hekayə quruculuğunun bir hissəsidir. Gənclər dünyaya daha açıqdır və xarici həmyaşıdları ilə əlaqə quraraq ölkənin turizm təbliğatçısına çevrilirlər. Bütün bu faktorlar onu göstərir ki, Azərbaycanda turizm sektorunun inkişafı üçün təkcə infrastruktur və təbii mənbələr kifayət etmir. Turizm strategiyasının yenilənməsi, səmərəli təbliğat, rəqabətədavamlı qiymət siyasəti və yerli auditoriyanın cəlb edilməsi üçün uzunmüddətli və peşəkar yanaşma tələb olunur".