“Vətən müharibəsinə gedən yol” kitabının təqdimatı olub

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Psixoloji portretologiya və siyasi analizlər mərkəzinin rəhbəri, tədqiqatçı-yazıçı Adıgözəl Məmmədovun “Vətən müharibəsinə gedən yol” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, tanınmış ictimai xadimlər, jurnalistlər və yazıçılar iştirak ediblər.

Xalq yazıçısı Çingiz Abdullayev tədbiri açaraq tədqiqatçı haqqında fikirlərini bölüşüb. Onun fikrincə Adıgözəl Məmmədovun yeni kitabı hazırki tarixi şəraitdə Azərbaycan ictimai fikrində böyük hadisədir. Xüsusi ilə Prezident, Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində xalqımızın erməni faşizmi və işğalçı ordusu üzərində böyük qələbəsinin ümumdünya tarixi əhəmiyyəti vardır.

Tədbirdə Milli Məclisin deputatları Elman Nəsirov, Ceyhun Məmmədov, ictimai xadim Elçin Quliyev, Bakı Dövlət Universitetinin professoru İradə Hüseynova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, kulturoloq-alim Fuad Məmmədov, Xalq artisti, şəhid atası Əli Nur, professorlar Ədalət Əliyev, Qulu Məhərrəmli və başqaları çıxış edilər.

Çıxış edənlər xüsusi ilə qeyd ediblər ki, respublikamızda bu cür əsərlərin nəşri indiki informasiya müharibəsi şəraitində böyük tarixi əhəmiyyətə malikdir.

İştirakçılar təşəkkürünü bildirən müəllif deyib: “2020-ci il Vətən müharibəsi zamanı dövlətimizin və xalqımızın tam səfərbər olduğu günlərdə biz ziyalıların da üzərinə çox ciddi işlər düşürdü və bu gün də düşür. Bu haqq davamızın geniş şəkildə dünya ictimaiyyətinə çatdırmaq üçün həm xarici, həm də yerli mətbuatda mütəmadi şəkildə çıxış etdim. İnanıram ki, II Qarabağ müharibəsi ilə bağlı məqalə və müsahibələrimin yer aldığı kitab oxucular tərəfindən rəğbətlə qarşılanacaq”.