Azərbaycanın tale kitabının müəllifi...

Fuad Heydər: "Heydər Əliyevin yeni tarixi dövrdə apardığı müstəqil Azərbaycanın dövlət siyasətinin əsasında məhz azərbaycançılıq ideologiyası dayanırdı"

 Azərbaycançılıq ideyasının təbliği

  Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, onların ölkəmizə münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri müəyyənləşdirən konsepsiyadır. Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq istiqamətində ardıcıl və sistemli iş aparmaqdadır. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I Qurultayı keçirilib. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı Sərəncama əsasən keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi üçün şərait yaradıb. Ulu öndərin həmin tarixi tədbirdəki çıxışında dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi qurultayın qarşıya qoyduğu başlıca vəzifələr olub. Azərbaycançılıq konsepsiyası bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır. Bu ideologiyanın çağdaş təkamül mərhələsi özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir.   Azərbaycançılıq ideologiyasının formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Ümummilli lider Azərbaycan üçün böyük tarixi nailiyyətlər, tarixi uğurlar və dövlətçilik təcrübələri qoyub getdi. Ulu öndərin milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi. 
  Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı. Ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı. Heydər Əliyevin azərbaycançılıq təlimində dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələri səylə nəzərə alınır. Bununla belə, onun konsepsiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti əsas yer tutur ki, bu da həmin təlimin gələcəyə yönəlməsini təmin edir. “Əsrin müqaviləsi” ilə ümummilli lider həm müstəqil Azərbaycanın iqtisadi strategiyasını müəyyənləşdirdi, həm də müstəqil dövlət ideologiyası olaraq azərbaycançılığın iqtisadi təməllərini formalaşdırdı. Bununla da Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi. Azərbaycançılığa əsaslanan milli dövlət yaratdı. Xalqda dövlətçilik hissini formalaşdırdı. Məhz onun sayəsində xalqda dövlətə inam hissi, taxt-taca hörmət gücləndi. Ulu öndər təkcə dövlətçiliyə, milli ideologiyaya deyil, ümumən mənəvi mədəniyyətin tarixi taleyinə dil prizmasından nəzər salırdı. Çünki dil milli-mənəvi varlığın ifadəsidir. Dilin inkişafı milli şüurun dirçəlişini əks etdirir, milli-mənəvi özünüdərk ana dilinə münasibətdən başlanır. Ulu öndər öz dövlət siyasətini, ideoloji fikirlərini həyata keçirərkən, Azərbaycan xalqını özünə və dünyaya tanıtdırmaq üçün mədəniyyət amilindən bacarıqla istifadə edirdi: “Xalq bir neçə xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində seçilir. Bu xüsusiyyətlərdən ən böyüyü mədəniyyətdir”. 
   “Sherg.az"a açıqlamasında deyib ki, ümummilli lider özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etmişdi. Cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər etməyi bacarmışdı: “Onun parlaq siyasi zəkası, müdrikliyi sayəsində xalqımız bütün maneələri dəf edərək öz milli-mənəvi dəyərlərini qoruya bilmişdi. Azərbaycan xalqı tarixə həm də ona görə minnətdardır ki, Heydər Əliyev kimi böyük dühanı bir daha özünə qaytardı. Azərbaycanın tale kitabını mahir bir memar kimi ulu öndərin özü səhifələdi. Həlli vacib məsələləri yoluna qoydu, Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli lider dövlətçiliyimizi məhv olmaqdan qorudu, onu dağılmaq təhlükəsindən xilas etdi və möhkəmləndirdi. Milli həmrəylik və bütövlük yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi. XIX-XX əsrlərin hüdudunda yaşayan milli maarifçilərimizin ideya əsaslarını qoyduğu azərbaycançılıq ümummilli lider Heydər Əliyevin çıxışlarında özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva edən, həmrəyliyi təmin edən təkmil ideologiya halını aldı.   Azərbaycançılıq təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi. Heydər Əliyev Azərbaycanın yaxın və uzaq tarixini dərindən bildiyindən, beynəlxalq aləmdə tükənməz nüfuz qazandığından, zəngin dövlətçilik təcrübəsinə və fenomen yaddaşa malik olduğundan ayrı-ayrı dövrlərdə tarixi şəraitə uyğun və dövlətçilik baxımından düzgün qərarlar qəbul etdi. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı da dünyanın ən böyük azərbaycanlısı, ulu öndər Heydər Əliyevə məxsusdur”. 
  F.Heydər vurğulayıb ki, azərbaycançılıq ideologiyasının fəlsəfi təlim kimi sistemə salınması və müstəqil Azərbaycan dövlətçiliyinə tətbiqi dövlət idarəçiliyində zəngin təcrübəsi olan böyük şəxsiyyətin tarixi xidmətidir: “Böyük nəzəri-tarixi ənənələri olsa da, azərbaycançılıq yeni siyasi dövrün ifadəsi, yeni təfəkkür mərhələsinin fəlsəfəsi kimi formalaşmışdı. Heydər Əliyevin yeni tarixi dövrdə, 15 iyun 1993-cü ildən etibarən apardığı müstəqil Azərbaycanın dövlət siyasətinin əsasında məhz azərbaycançılıq ideologiyası dayanırdı. Böyük dövlət xadimi çətin tarixi-siyasi situasiyalardan asanlıqla baş çıxaran, polad kimi möhkəm siyasi iradəyə malik lider, tarixin gedişatını öncədən görməyi və istiqamətləndirməyi bacaran böyük strateq idi. O, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün zəngin nəzəri irs və qüdrətli tarixi təcrübə, idarəçilik təcrübəsi qoyub getmişdi. Onun dərin məzmunlu tarixi irsində Azərbaycana bağlanmayan, Azərbaycanın milli və tarixi taleyini əks etdirməyən bir fikir belə tapmaq mümkün deyil. Çünki azərbaycançılıq onun təkcə əməllərində deyil, qəlbində və zəkasında, daxili-mənəvi varlığında, əzəmətli şəxsiyyətində idi. Zaman keçdikcə ümummilli lider Heydər Əliyevin şəxsiyyəti daha möhtəşəm görünür. Qoca tarix onun cahanşümul əməllərini, dövlətçilik ideallarını və azərbaycançılıq nəzəriyyəsini təsdiqləyir”.