Barış Mançonun vəsiyyəti...

Vəfatından 24 il sonra gündəmə gəldi

  Azərbaycanda, eləcə də türk dünyasında çox sevilən rok, pop musiqisinin “ulduz”u, ifaçılığı ilə yanaşı, həm də bəstəkar, aktyor, teleaparıcı kimi məşhurlaşmış Barış Mançonun vəfatının 24-cü ilində vəsiyyəti müzakirə mövzusuna çevrilib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, müğənninin həyat yoldaşı Lalə Manço Ahıskalı “bunu biz vəsiyyət olaraq, hətta mütləq yerinə yetirilməli bir əmr kimi qəbul etmişik və onu yerinə yetirəcəyik” söyləyib. 

Sənətçinin yaşadığı mənzilin qapısı hər il olduğu kimi yenə ziyarətçilərin üzünə açılacaq, Barış Mançonun adını daşıyan gəmi də fevralın 5-də sərnişinlərə xidmət göstərəcək. Lalə Manço deyib ki, Barış Mançonun rəhbəri olduğu və aparıcılıq etdiyi “7-dən 77-yə” proqramı 10 il efirdə olub, proqram 1998-də bağlanıb, Barış Manço isə 1999-da vəfat edib: “İnsanın çox bağlandığı, sevdiyi şeylər ortadan qalxırsa, həyatında əskiklik yaranır. Bəlkə də Barışın həyatında yaranan ən böyük əskiklik bu proqramın dövrünü başa vurması oldu”. Həyat yoldaşı qeyd edib ki, bu gün də insanların Barış Mançoya sevgisini görür və bu sevgi 24 ildir ki, azalmır. Yalnız yanvar ayında müğənninin mənzilini 13 min nəfər ziyarət edib. Həyat yoldaşı bildirib ki, Barış Manço evdən çıxıb işə gedərkən yol boyu rastlaşdığı insanlarla salamlaşar, onlarla söhbət edərdi. Onun bəstələdiyi mahnılar da beləydi – hamı üçün. Kim bu mahnıları dinləyirsə, sanki öz həyatını yaşayır. Barış Manço xalqını sevdi, xalq da onu. “Məni xalqımdan kim qoruya bilər?!”, deyərdi və küçələrdə rahat-rahat dolaşardı. Barış Mançonun “Qayaların oğlu” ifadəsinin yer aldığı şeirlə oxunan mahnı isə “2023” adlanır. Bu şeirli mahnı Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə ithafdır. B.Manço deyərdi ki, 2023-cü ildə 80 yaşında olacam. Bəlkə oğlumun qolundan tutaraq səhnəyə çıxdım və “2023” mahnısını simfonik orkestrin müşayiəti ilə ifa etdim. Biz Barış Mançonun bu vəziyyətini yerinə yetirəcəyik. Cümhuriyyətimizin 100-cü ildönümündə Barış Manço bir daha “səhnəyə çıxacaq”. Və öz mahnısını “ifa edəcək”.