Xalq artisti Aftandil İsrafilovla vida mərasimi başa çatıb - YENİLƏNİB


Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilovla vida mərasimi başa çatıb.

"Report" xəbər verir ki, mərhumun cənazəsi dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılıb.

11:50
Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilovla vida mərasimi keçirilir.

"Report" xəbər verir ki, Heydər Məscidində keçirilən vida mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, xalq artistinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Xalq artisti Sadıq Zərbəliyev ustad sənətkarla bağlı xatirələrini bölüşüb: "Böyük bir itkimiz oldu, ikinci Aftandil olmayacaq. Bütün məclislərdə birlikdə olmuşuq. Zeynəb xanım (Zeynəb Xanlarova-red) özü gələ bilməsə də, başsağlığı verdi".


Daha sonra mərhum dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılacaq.

Qeyd edək ki, A.İsrafilov 1941-ci il yanvarın 24-də Bakı şəhərində anadan olub. İfaçılıq sahəsində öz dəsti-xətti olan sənətkar yaratdığı musiqi parçaları ilə milyonların qəlbini fəth edib.

O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mülki tikinti fakültəsinə qəbul olub. Qarmona olan marağı onun təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr etməsinə səbəb olub.

A.İsrafilov dinləyicilərin qəlbində silinməz izlər buraxmış ”Zemfira”, “Kəmalə”, “Nazilə”, "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir.

O, Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb. O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.