MEDİA-nın işi təqdir edildi:"Uzunmüddətli strategiyanın başlanğıcı..."

Zahir Əzəmət:“Agentliyin həyata keçirdiyi iş yeni tendensiya hesab oluna bilər”

Bəhruz Quliyev:“MEDİA Agentliyinin müsabiqələri veb-saytlar və çap mediasında rəqabət meyllərini artıracaq”

Vasif  Həsənli:“Yeni və potensialı olan saytların qalib olması MEDİA agentliyinin işini peşəkar qurduğunu göstərdi”

Dünən Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən çap mediası subyektləri üçün təşkil edilən müsabiqə nəticələri açıqlanıb. Çap mediası və onlayn media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təşkil edilən müsabiqənin qalibləri bəlli olub.

Qeyd edək ki, həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5 000 manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15 000 manat məbləğində maliyyə yardımı göstəriləcək. Müsabiqədə qalib elan olunan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına 3 000 manat məbləğində maliyyə yardımı göstəriləcək. Qalib elan olunan qəzetin baş redaktoru müsabiqəyə müraciət ərizəsində qəzetinin eyniadlı veb-saytını əsaslı yeniləmək niyyətini ifadə etmişdirsə, maliyyə yardımı göstərilən 6 aylıq dövrün birinci ayında ona həmin veb-saytın əsaslı yenilənməsi məqsədilə 5 000 manat məbləğində vəsait ayrılır.

Agentlik tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstəriləcək.


Çap və onlayn media kapitanları müsabiqənin nəticələri barədə fikirlərini “Sherg.az”la bölüşüb.

“Qaynarinfo.az” saytının baş redaktoru Zahir Əzəmət də MEDİA-nın atdığı addımı yüksək dəyərləndirdiyini qeyd edib:

“Yalnız qəzetlərin deyil, onların onlayn versiyasının da gücləndirilməsinə hesablanmış qərardır. Bu baxımdan Agentliyin həyata keçirdiyi iş yeni tendensiya hesab oluna bilər. İlk dəfə onlayn medianın müsabiqədə iştirakı və qalib gəlməsi, say etibarı ilə çoxluq təşkil etməsi də müsbət addımdır. Müsabiqənin  daha çox kollektiv əsaslı olması, saytların gələcək inkişafına hesablanmış işlərin görülməsi xoş qarşılanır. Təbii ki, bir müsabiqədə bütün parametrləri əhatə etmək mümkün deyil. Narazı olanlar varsa da, gələcək fəaliyyətlərində daha çox çalışmalı, növbəti 6 aya üçün nəzərdə tutulan şərtlərə uyğunlaşmağı düşünməlidir. Yaxşı olardı ki, mümkün qədər daha çox  saytın əhatə olunması növbəti müsabiqələrdə nəzərə alınsın. Eyni zamanda müxtəlif sahəvi saytların da əhatə olunması lazımdır. Məsələn, Azərbaycanda iqtisadi təmayüllü saytlar var. Lakin həmin saytlar belə müsabiqələrdən kənardadır. Yaxud da reklam əldə etmək imkanları sıfır həddə olan mədəniyyət saytları var. Onlara da dövlət dəstəyi vacibdir. Gələcək müsabiqələrdə bu məqamların nəzərə alınacağını ümid edirəm. Ümumiliklikdə MEDİA-nın bu addımı daha uzunmüddətli strategiyanın başlanğıcıdır”.


“SƏS” Media Qrupunun baş direktoru Bəhruz Quliyev vurğulayıb ki, MEDİA tərəfindən onlayn informasiya subyektləri arasında keçirilən müsabiqənin qaliblərinin müəyyən edilməsindən sonra ilk növbədə həmin veb-saytların, elektron informasiya resurslarının həm iqtisadi imkanları, həm də rəqabətə davamlılığı kifayət qədər artacaq:

"MEDİA-nın addımı yalnız təqdir olunmalıdır. Bu yenilik, yaxud təşəbbüs ilk addımdır və qarşıdakı zamanlarda müsabiqənin daha da təkmilləşdirilməsi prosedurları həyata keçiriləcək. Hesab edirəm ki, istənilən sahə üzrə atılan ilk addımlarda həm uğurlar, həm də müəyyən nöqsanlar olur. Nöqsanlara görə yaranan narazılıqlar təkmilləşdirilmə yolu ilə aradan qaldırılır. Bu baxımdan MEDİA Agentliyinin reallaşdırdığı müsabiqələr gələcəkdə istər veb-saytlar arasında, istərsə də çap mediasında rəqabət meyllərini daha da artıracaq. İctimai rəydə, oxucuda daha çox rəğbət qazana bilən resurslar Agentlik tərəfindən müsabiqənin qalibləri elan ediləcək. Bu gün də məhz həmin prinsiplər əsas olaraq götürülüb. Xəbərin dolğunluğu, aktuallığı və operativliyi kimi meyarlar bu kimi seçimlərdə önəm daşımaqdadır. Ona görə də düşünürəm ki, həmkarımız olan hər hansı bir elektron media resursu qalib seçilmirsə, onlar bundan təəssüflənməsinlər. Əksinə, öz fəaliyyətləində nöqsanlarını axtarmalı, hansı boşluqlara yol verdiklərini araşdırmalı, növbəti müsabiqədə qalib olmaq üçün media məkanına öz yeniliklərini gətirməlidirlər.

MEDİA-nın həyata keçirdiyi yeni layihəsinə isə uğurlar arzulayıram. Atılan hər ilk addım, verilən hər ilk qərar uğurlu gələcəyə doğru istiqamət götürür və daha geniş standartlara əsaslanaraq təkmilləşir. Əlbəttə, biz də bütün bunları nəzərə alaraq müasir media sahəsinə daha yeni nəfəs vermək üçün fəaliyyətimizi artıracağıq”.

“Demokrat.az” saytının baş redaktoru Vasif Həsənli qeyd edib ki, müsabiqənin nəticələrini ümumilikdə ədalətli saymaq olar:

“Burada yeni və potensialı olan saytların qalib olması MEDİA agentliyinin işini peşəkar qurduğunu göstərdi. Hesab edirəm ki, dövlət dəstəyi sözügedən saytların işini daha da gücləndirəcək. Bu müsabiqə hələ ilkidir, davam etdiriləcək. Gələcəkdə digər saytlara da dəstəyin veriləcəyi şübhəsizdir. Bütün həmkara uğurlar arzu edirəm”.