“Şəhid ailəsindən pul almaq böyük cinayətdir” – Medianın “Qara yarası”

“Belə adamlar dərhal aşkar olunmalıdır”


Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə şəhid ailələrindən pul alaraq, övladları haqqında sujet, məqalə hazırlayan bir qrup şəxs haqqında xəbərlər tirajlanır.
İddia olunur ki, özünü jurnalist kimi təqdim edən həmin şəxslər rayonları, kəndləri gəzərək şəhid ailələrinin evlərinə yollanır, şəhidlərimizlə bağlı çəkiliş edirlər. Qarşılığında isə müəyyən məbləğdə pul tələb edirlər. Sosial mediada həmin “jurnalist”lərin qurbanı olan şəhid ailələrinin siyahısı da yayılıb.

Mövzu barədə “Sherg.az”a danışan tanınmış media eksperti, professor Qulu Məhərrəmli bildirib ki, reket və jurnalistika anlayışları bir-birinə ziddir. Onun sözlərinə görə, “reket” jurnalistikası ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır:

“İstənilən qanun pozuntusu, o cümlədən də medianın, redaksiyanın adından sui-istifadə edib pul "qopartmaq", kimisə şantaj etmək cinayət əməlidir. Ona görə də bununla xüsusi orqanlar məşğul olmalı və effektiv nəticə əldə edilməlidir. Mətbuat Şurasında da “reket” jurnalistika ilə mübarizə komissiyası yaradılmışdı. Hesab edirəm ki, bu, effektsiz bir şeydir. Mübarizə ona görə effekt vermir ki, üsullar yanlışdır. Elə nümunələr və metodlar tətbiq olunmalıdır ki, “reketlər” bu hərəkətlərindən çəkinsinlər. Daha çox məmurlar, vəzifə sahibləri şantaja məruz qalırlar. Onlar da çox vaxt sərt tədbirlər tətbiq olunmasından çəkindikləri üçün adlarının hallanmasını istəmirlər. Hesab edirəm ki, heç nədən qorxmadan, çəkinmədən həmin adamları ifşa etmək lazımdır ki, təkcə jurnalistikanın deyil, hüquq-mühafizə orqanlarının da adına xələl gəlməsin".

Q.Məhərrəmli şəhid ailələrindən pul alan bəzi "jurnalistlər"in olması haqda da danışıb. O bildirib ki, bunu etmək mənəviyyatsızlıqdır:

"Şəhid məsələsi bizim cəmiyyətin ən ağrılı yeridir. Mənəviyyatsızlıq o həddə çatmalıdır ki, övladlarının həyatını işıqlandırmaq üçün gedib şəhid ailəsindən pul alasan. Hesab edirəm ki, bu, daha böyük cinayətdir. Belə adamlar dərhal aşkar olunmalıdır. Onlar bu cəmiyyətin qara yaralarıdır və həmin şəxslərdən təcrid olunmaq çox önəmlidir. Şəhid ailələri də bu məsələdə ayıq olmalıdırlar. Bilməlidirlər ki, heç bir dürüst insan onlardan bu məqsədlər üçün pul istəyə bilməz. İşimiz ona yönəlib ki, şəhid ailələrinə kömək edək. Xəbər saytları, televiziyaların şəhid ailələri ilə bağlı materiallar verdiklərini görürəm. Bu, bir tərəfdən onların borcu, digər tərəfdən vətənə, dövlətə xidmət işidir. Ona görə, həmin ailələri məlumatlandırmaq lazımdır ki, belə məsələlərdə həddən artıq ayıq olsunlar. Heç bir halda bu tip davaranışlara yol vermək olmaz. Çünki o cür addımların atılması hər iki tərəfdən şəhidlərin adının üstünə kölgə salmaqdır. Onlar bizim üçün müqəddəsdirlər. Ona görə onların adı ilə hər hansı qanunazidd hərəkət pislənməlidir".