Bəşər tarixinin ən dəhşətli soyqırımı

1918-ci ilin mart qırğınları xalqımızın yaddaşından heç vaxt silinməyəcək

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği 

  Erməni (daşnak) - bolşevik silahlı birləşmələrinin 1918-ci il mart-aprel aylarında törətdiyi qırğınlar, soyqırım aktları dövlətçilik tariximizin faciəvi səhifəsidir. Silahlı daşnak-bolşevik dəstələri təkcə Azərbaycan türklərinə qarşı deyil, yerli əhalidən yəhudilərə, ruslara, başqa azsaylı xalqlara qarşı da soyqırım törədirdilər. Məqsəd Azərbaycanın istiqlal yolunu kəsmək, müstəqil, azad dövlətin yaranmasını əngəlləmək idi. Tarix elmləri üzrə fəlsəfə doktoru Akif Aşırlı müəllifi olduğu “31 mart soyqırımı. 1918-1920-ci illər mətbuatında” kitabında yazır: “1918-ci ilin mart hadisələrinə baxanda görürük ki, Bakıda, Şamaxıda, Qubada törədilən qırğınlar zamanı ermənilər Azərbaycanda insan kütləsi ilə yanaşı, ziyalıları hədəfə almışdı və həm də milli təsisatlarımızı sıradan çıxartmaq yolunu tutmuşdu. Həmin hadisələr zamanı “Açıq söz”, “Kaspi” qəzetlərinin mətbəələri yandırılıb, Orucov qardaşlarının elektrik mətbəəsi dağılıb və s”. Aydın görünür ki, daşnak-bolşevik birləşmələrinin məqsədi xalqımızın milli ruhunu öldürmək, milli ziyalılığı məhv etməklə istiqlal arzularımızı da boğmaq idi. Lakin Azərbaycan milli məfkurəsini həyat amalı hesab edənlər və bu yolda yorulmadan irəliləyən milli mücahidlərimiz    istiqlal ideyalarını nəinki öləziməyə qoydu, törədilən qırğınlardan daha da alovlanan istiqlal ziyasında 2 ay sonra Azərbaycan Xalq Cümhuriyyətini elan edə bildilər. Burada A.Aşırlının “İstiqlal” qəzetinin 1919-cu il sayından gətirdiyi nümunə önəmlidir: “Dünən, martın 28-də parlaman dairəsində 300-ə qədər müsəlman əmələ və kəsibkarlarının iştirakı ilə bir konfrans əqd olundu. Rəsulzadə Məhəmmədəmin cənablarının rəyasəti və Yusif Ziya bəyin kitabəti ilə inqad edən konfrans keçən sənə martın 18-də vaqe olan (martın 30-na təsadüf edir) faciə-ələməsinin əsfi xatırlamasını yad etmək məsələsini müzakirə elədi. Üç saata qədər davam edən müzakirə nəticəsində aşağıdakı qətnamə qəbul olundu. Əmələ rayonlarının hər tərəfdən toplanan vəkillərin şurası martın 28-də əqd elətdikləri keçən yıl martın 18-də vaqe olan mart faciə-ələməsinin Azərbaycan muxtariyyat və istiqlal fikri əleyhinə icra edilmiş xainanə bir zərbə olduğunu və qəsd nəticə etibarilə Azərbaycan demokratiyasının zalımanə bir surətdə qətl və talan şəkli alaraq bu gündə tökülən nahaq qanların və verilən şəhid və qurbanların ruhunu yad eləmək üçün martın 31-də bir günlük tətil elan etmək təht qərara aldı. Konfrans tətilin icrası üçün öz arasından tətil komitəsi itxab elədi... Tətil saat 8-dən axşam 6-ya qədər davam edəcək. "İstiqlal” qəzeti, 1919-cu il 29 mart № 8.” Görünən budur ki, gənc cümhuriyyət mart soyqırımlarının ildönümünün yad edilməsinə xüsusi önəm verib. Dövlətçiliyin əsaslarından birinin xalqın iradəsi olduğunda israr edən cümhuriyyət tarixin qanlı səhifəsinin yaddaşlardan silinməməsi üçün əməli addımlar atır. Daşnak-bolşevik birləşmələrinin müstəqil cümhuriyyətimizi xaincəsinə məhv etmək niyyəti 2 il sonra, təəssüf ki, gerçəkləşsə də, tarixi ədalət yenə öz yerini tapdı və Azərbaycan eyni əsrdə ikinci dəfə istiqlalına qovuşdu. Müstəqil, demokratik ölkə oldu. Lakin yenə də bu yolda erməni xəyanətləri, erməni terroru özünü ən alçaq formada göstərdi. 31 mart soyqırımı ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) yaydığı bəyanatda da bu reallıq əksini tapıb. Bəyanatda bildirilir: "31 Mart bütün insanlığa qarşı törədilən erməni vandalizminin təzahürlərindən biri kimi tariximizə Azərbaycanlıların Soyqırımı Günü kimi daxil olmuşdur. 1918-ci ildə törədilən bu qanlı hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız etnik mənsubiyyətinə görə erməni millətçilərinin davamlı soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq qətlə yetirildi. Erməni-bolşevik birləşmələri tərəfindən insanlar evlərində diri-diri yandırılıb, həmçinin xüsusi işgəncələrlə və amansızlıqla öldürülüb. Azərbaycanlıların soyqırımı təkcə Bakı şəhəri, Bakı quberniyasına daxil olan şəhər və qəzaları deyil, həmçinin Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər müxtəlif bölgələrimizi əhatə edib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılıb, 132 min azərbaycanlı qətlə yetirilib. Milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və vətəninə bağlı xalqımız soyqırımlarına məruz qalmasına baxmayaraq, milli yaddaşını, kimliyini qoruyub və həmrəylik nəticəsində müstəqilliyimiz bərpa olunub. Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları, təcavüz siyasəti, eyni zamanda xalqımıza qarşı törədilmiş müharibə cinayətləri XX əsrin sonlarında daha da kəskin xarakter alıb, beynəlxalq səviyyədə Azərbaycanın suveren ərazisi kimi tanınmış torpaqlarının iyirmi faizi 30 ilə yaxın işğal altında qalıb. 2020-ci ildə ordumuz tərəfindən həmin ərazilər işğaldan azad olunaraq Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Təəssüf hissi ilə qeyd olunmalıdır ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarına dair kifayət qədər əsaslı sübut və dəlillər olsa da, sülh və insanlıq əleyhinə olan bu cinayətlərə beynəlxalq miqyasda hələ də adekvat reaksiya verilməyib. Dünya ictimaiyyətini və nüfuzlu beynəlxalq təşkilatları tarix boyu ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət verərək soyqırımı kimi tanımağa və ədalətin təmin olunmasına dəstək verməyə çağırıram".

  Millət vəkili, professor Kamilə Əliyeva “Şərq”ə açıqlamasında bildirdi ki, heç vaxt bir millət və xalq kimi formalaşmağı bacarmayan ermənilər həmişə digər xalqlara qarşı məkrli, düşmən mövqeyi nümayiş etdiriblər: 

- Dövlətçilik prinsiplərindən uzaq, tayfa təfəkkürünü adlaya bilməyən haylar qədim Azərbaycan torpaqlarına köçürüldükdən sonra azərbaycanlılara qarşı havadarlarının köməyi ilə vəhşiliklər, cinayətlər törətməyə başladılar. Ermənilər hər zaman dünyada baş verən əlverişli tarixi proseslərdən istifadə edərək uydurduqları "Böyük Ermənistan" ideyalarını həyata keçirmək üçün azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə həyata keçiriblər. XIX əsrdə Çar Rusiyası tərəfindən İrandan Azərbaycan ərazilərinə köçürülən ermənilər 1905-ci ildə soydaşlarımıza qarşı böyük qətliamlar törətdilər. 

Sonrakı illərdə də ermənilər azərbaycanlılara qarşı vəhşiliklər törətməkdə davam edirdi. 1918-ci ilin mart qırğınları xalqımızın yaddaşından heç vaxt silinməyəcək. 1918-ci ilin mart soyqırımı tək Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı cinayətlərdən biri oldu. Ermənilər azərbaycanlılarla yanaşı bu ərazilərdə yaşayan minlərlə ləzgi, yəhudi, avar, rus millətindən olan insanları da qətlə yetirirdilər. Ermənilər soydaşlarımızı qətlə yetirməklə yanaşı, dini, mədəni-tarixi abidələrimizi də dağıdaraq yerlə yeksan edirdi. 1918-ci ilin mart ayının 31- dən başlayaraq Bakı Sovetinin və "Daşnaksütyun" partiyasının 10 minədək silahlı dəstələri Bakı şəhərinin azərbaycanlılar yaşayan məhəllələrinə hücum edərək qocaları, qadınları, uşaqları qətlə yetirdilər. 1990-cı illərdə aparılmış tədqiqat nəticəsində məlum olub ki, ermənilər Şamaxı şəhərində 14-16 min,  Şamaxının kəndlərində isə 6-8 min nəfər azərbaycanlını xüsusi amansızlıqla qətlə yetiriblər. Quba şəhərində təxminən 2900, Quba qəzası üzrə ümumilikdə 4000 nəfərdən artıq azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib. Tədqiqatlar zamanı məlum olub ki, burada insanlar odlu silahlarla öldürülməyib, onların başları kəsilib, küt alətlərlə başlarına mismar vurmaqla qətlə yetiriliblər. Baş vermiş bu vəhşiliklər və soyqırımı siyasətinə məhz Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilib.  Ulu Öndərin 1998-ci ilin martın 26-da imzaladığı Fərmanla 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edildi. 2007-ci ildə Qubada tikinti işlərinin aparılması ilə əlaqədar aparılan qazıntı işləri zamanı üzə çıxan kütləvi məzarlıqlarda 500-dək insan kəlləsi (o cümlədən uşaq və qadınlara aid) aşkarlandı. Tədqiqatlarla sübut olundu ki, bunlar 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilmiş insanların cəsədləridir. 

Qubada törədilmiş bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması və gələcək nəsillərin yaddaşlarında qorunub saxlanılması məqsədilə Prezident cənab İlham Əliyevin sərəncamı ilə "Soyqırım memorial kompleksi”nin yaradılmasına qərar verildi, həmçinin erməni-bolşevik dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdiyi soyqırımın dünya ictimaiyyətinə çatdırılması məqsədilə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalanıb.