"Laçın dəhlizi mütləq nəzarətə alınmalıdır" - MÜSAHİBƏ

Toğrul İsmayıl: "Cəbhədəki zəfərlər sonda təzyiqləri də bitirəcək"

"Paşinyanın davranışları Azərbaycanın işinə yarayır və Ermənistanın tam məğlubiyyətinə şərait yaradır"

30 ildir danışıqlar yolu ilə bir qarışı belə qaytarılmayan torpaqlarımızın önəmli qismi ordumuzun rəşadəti sayəsində 30 gün ərzində azad edildi. 1 ay müddətində şanlı ordumuz 166 kənd, 4 şəhər, 3 qəsəbə, bir neçə yüksəkliyi düşməndən təmizlədi. Düşmənin 2 milyard dollarlıq hərbi texnikası məhv edildi, qənimət kimi götürüldü. Əslində İrəvana da Ermənistan silahlılarının Azərbaycan Ordusundan qat-qat zəif olması məlum idi. Lakin bununla belə, rəsmi İrəvan havadarlarının dəstəyilə 30 il ərzində əldə etdiyi təmənnasız silah-sursat, maliyyə yardımı və “keçilməz” adlanan “Ohanyan səddi” ilə məğlubedilməzlik mifi yaratmışdı.

Lakin arxada qoyduğumuz bir ay müddətində Ermənistan ordusunun “yenilməzlik”  mifi darmadağın edildi. Bu gün cəbhədə Azərbaycan Ordusunun qarşısından qaçan, fürsət düşdükdə məğlubiyyətin acığını mülki şəxslərdən çıxan zəif, aciz, çarəsiz bir Ermənistan ordusu var. Bu ordunun cəbhədə əldə etdiyi ən yaxşı nailiyyət minimum itkilərlə geri çəkilməkdir. Ancaq düşmən bunu da bacarmır. 

Türkiyədə fəaliyyət göstərən professor, beynəlxalq məsələlər üzrə mütəxəssis Toğrul İsmayıl “Şərq”ə müsahibəsində Azərbaycan Ordusunun bir aylıq uğurunu, “atəşkəs” anlaşmalarını və qarşıdakı prosesləri şərh edib. Professor bildirib ki, 30 günlük müddət bir daha göstərir ki, beynəlxalq hüquq sadəcə güc prinsipindən asılıdır.

 - Azərbaycan Ordusuna 1 ay kifayət etdi ki, düşməni pərişan etsin. Bu müddət ərzində əldə olunan uğurlarımızı, ordumuzun irəliləyişini necə dəyərləndirirsiniz?

- Azərbaycan Ordusu bir ay ərzində uğurlu hərbi taktikalarla, modern silahlardan istifadə etməklə əhəmiyyətli dərəcədə irəliləyib, torpaqların mühüm hissəsini erməni işğalından qurtarıb. Strateji mövqeləri düşməndən təmizləyib. Qarabağda mühüm hərbi nöqtələrə Azərbaycan Ordusu nəzarət edir. Ən əsası isə düşmənə böyük zərbə vuruldu. Ermənilər həm canlı qüvvə, həm də hərbi texnika baxımından böyük itkilərə məruz qaldılar. Düşmənin hərbi texnikasının 30 faizi məhv edildi. Hava hücumundan müdafiə sistemləri sıradan çıxdı ki, bu da milyard dollar dəyərində ölçülür. İndiki halda Ermənistandan Qarabağa gedən yola, Laçın dəhlizinə nəzarətin ələ keçirilməsi olduqca zəruridir. Hərbi əməliyyatların ilkin mərhələsində Laçın dəhlizi mütləq götürülməlidir. Bu dəhlizin nəzarətə alınması Ermənistanla əlaqəsi kəsilmiş düşmən qüvvələrinin vəziyyətini daha da ağırlaşdıracaq. Erməni silahlılarının əlavə canlı qüvvə və maddi-texniki təminatla təchiz edilməsi mümkünsüz hala gələcək. Əgər bu müddət ərzində Ermənistan kapitulyasiyaya razı olmasa, yubanmadan Laçın və Kəlbəcərin düşməndən təmizlənməsi prosesinə başlanılmalıdır. Əlbəttə, müəyyən çətinliklə olacaq, çünki bundan sonra lokal qruplarla mübarizə aparılmalıdır. 

 - Çökməkdə olan Ermənistan tərəfi müzəffər orduzumun qarşısında uzun müddət dayana bilərmi? 

 - Ermənistan silahlıları Azərbaycanın güclü ordusu qarşısında tab gətirmir və bundan sonra da məğlub olmağa məhkumdur. Ola bilsin, düşmən yeni təxribatlar planlayır, yaxud üçüncü dövləti, xüsusən Rusiyanın işə qarışmasına nail olmağa çalışır. Ona görə də hələlik dirənir. Azərbaycanın sivil yaşayış məntəqələri də bu məqsədlə Ermənistan tərəfindən vurulur. Belə məqamda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin telefon danışıqları çox maraqlı və lazımlı idi. Xüsusən, Ərdoğanın “qırmızı xəttimiz keçilməməlidir, əgər keçilərsə, Türkiyə üzərinə düşəni dərhal icra edəcək” ifadəsi ermənilərə və onları himayə edənlərə xəbərdarlıq mahiyyəti daşıyır. Erməni təxribatları ciddi səviyyəyə yüksəlib. Döyüş meydanında ağır məğlubiyyət yaşayan düşmənin istənilən təxribata əl atacağı gözləniləndir. Daha diqqətli və həssas davranmalıyıq. 

 - Rusiya və Fransadan sonra ABŞ-ın "humanitar atəşkəs" təşəbbüsü də boş çıxdı və ermənilər tərəfindən dərhal pozuldu. Ağır durumda olan ermənilərin “atəşkəs”ə əməl etməməsinin səbəbi nədir? 

 - Əslində “humanitar atəşkəs” beynəlxalq hüquq tərəfindən qəbul edilən, müharibə qanunlarına tamamilə uyğun gələn insani davranışdır. Azərbaycan tərəfi bundan qətiyyən imtina etmir və humanitar təklifləri normal qarşılayır. Amma ermənilər üçün “atəşkəs” məfhumu yoxdur, bütün addımları atəşkəsi, bəşəri anlaşmaları pozmağa hesablanıb. Səbəb aydındır, ermənilər itirdikləri ilə barışmaq istəmir, illuziyalardan qurtulub reallığı görə bilmirlər. Məğlub olduqlarını, itkilərini yavaş-yavaş etiraf edirlər. Ancaq həmsədr ölkələrin təşəbbüsləri ilə razılaşdırılmış “humanitar atəşkəs” məsələsində əsl məqsədlər tədricən üzə çıxmaqdadır. Hər “atəşkəs”dən sonra ermənilərə növbəti dəstəyin, silah-sursat yardımının şahidi oluruq. Erməni tərəfi aldığı dəstəklə “atəşkəs”dən dərhal sonra qərəzli şəkildə Azərbaycan şəhərlərini, mülki insanları raket atəşinə məruz qoyur. Buna “atəşkəs” adı verilsə də fakt odur ki, bu cür əhəmiyyətsiz anlaşmalar Azərbaycanın əleyhinə işləyir. Görünür, beynəlxalq aləmin müəyyən təzyiqlərini önləmək üçün humanitar anlaşmalara ehtiyac duyulur. Ümumiyyətlə, diplomatik yolları tamamilə bağlamaq olmaz. 

- Paşinyan hökumətinin təslimçi sülhə razılıq verməsi mümkündürmü? 

- Paşinyan öz rizası ilə təslimçi sülhə razı olmayacaq. Ermənistan baş nazirini sülhə məcbur etmək lazımdır. Bu məcburiyyət isə cəbhədə üstünlüyü tamamən ələ keçirməklə mümkündür. Əslində Paşinyanın bu cür davranışları Azərbaycanın işinə yarayır və Ermənistanın tam məğlubiyyətinə şərait yaradır. Düşmən tərəf ilkin günlərdə danışıqlar masasına dönməyə razılıq versəydi rəsmi Bakının tələbləri yarımçıq qala bilərdi. Paşinyan erməni xalqına özünü “güclü” göstərmək üçün bacardığı hər şeyi edir, bütün imkanlardan yararlanır. Lakin son nəticədə Azərbaycan tərəfi sözünü deyəcək və qələbə bizim olacaq. Vətən müharibəsi aparan Azərbaycan xalqı savaşa da, ölümə də gülə-gülə gedir. İşğalçı erməni ordusu isə haqsız olduğu üçün cəbhədən qaçır, vuruşmaqdan imtina edir.

 - Həm Azərbaycan, həm də qardaş Türkiyə açıq və üstüörtülü ciddi təzyiqlərə məruz qalır. Cəbhədə hərbi uğurlarla yanaşı, diplomatik müstəvidə təzyiqlərə sinə gərmək nə qədər mühümdür?

 - Müharibə davam etdiyi müddətcə Azərbaycana, Türkiyəyə təzyiqlər olacaq. Bu, qaçılmaz və gözləniləndir. Dünya ölkələri fərqindədir ki, hazırda cəbhədə hərbi əməliyatları davam etdirən Azərbaycan və ona mənəvi dəstək verən Türkiyə çox güclüdür. Fikrimcə, beynəlxalq təzyiqlərə son qoymaq üçün cəbhədəki hərbi uğurlarımızı davam etdirməliyik. Çünki cəbhədəki zəfərlərimiz eyniylə diplomatik müstəviyə də daşınacaq. Düşmənin təxribatlarını və xarici güclərin təzyiqini bitirmək Azərbaycan Ordusunun uğurlarından asılıdır. Ordumuzun qələbələri çox olduqca beynəlxalq aləmdə də sözümü eşitdirəcəyik. Şanlı əsgərlərimiz üçün dua edirik. Allah xalqımızı, ordumuzu qorusun, millətimizə güc versin. Şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm”.