Mirələmovun davranışı ziyalıya, yazıçıya yaraşmayan hərəkətdir

Sabir Rüstəmxanlı: "Lakin cəmiyyətə daha çox ziyan vuran siyasi, iqtisadi əxlaqsızlar da var"

Ölkə gündəmi kifayət qədər zəngindir. Bir tərəfdə korrupsionerlərə qarşı mübarizə, bir tərəfdə cəmiyyətdə ikrah yaradan davranışlar, bir tərəfdə isə Qarabağın dirçəldilməsi ilə bağlı atılan addımlar... İslahatlar davam edir. Lakin neqativ hallar da az deyil. Odur ki, “Şərq” olaraq ölkə gündəmi barədə millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı ilə söhbətləşdik:

- Bu günlərdə Şəmkirin icra başçısı Alimpaşa Məmmədov da vəzifəsindən azad edildi. Deməli, vəzifəsindən sui-istifadə edən məmurlara qarşı mübarizə davam edir. Bu barədə nə düşünürsünüz?

- Aparılan islahatlar göz qabağındadır. Özü də bu islahatlar bütün sahələri əhatə edir. Gəncləşmə gedir, bürokratik mexanizmlər sadələşdirilir. Atılan addımların nəticəsi də olur. Onu da deyim ki, icra başçıları köhnə raykom katiblərindən az seçilir. Adları dəyişsə də, onlar əvvəlki iddiaları ilə yaşayırlar. Lakin iddia olsa da, imkan yoxdur. İcra başçılarının əvvəlki təsir mexanizmi qalmayıb. Onların bəziləri nüfuzlarını qorumağa çalışırlar. Bu isə nəticə etibarı ilə cinayətə gətirib çıxarır. Ona görə sistem dəyişməlidir, icra hakimiyyətləri başqa qurumlarla əvəz edilməlidirlər. Biz bunun üçün fərqli ölkələrin təcrübələrindən yararlana bilərik.

- İslahatlar səhiyyə sistemi üçün də istisna deyil. Səhiyyə naziri Oqtay Şirəliyevin vəzifəsindən azad edilməsi bu sahə ilə bağlı yeni ümidlər yaradır...

- Mən sahiyyə sisteminə o qədər də bələd deyiləm. Amma bilirəm ki, əsas problemlərdən biri icbari tibbi sığorta ilə bağlıdır. İkincisi isə dövlət xəstəxanalarında bu və ya digər xidmətdən istifadə üçün pul tələb olunur, dərmanlar çox bahadır.

- Bəs çıxış yolu nədir?

- Cəmiyyətin mənəvi kamilliyi düşünülməlidir. Kamil olmayan insan həmişə oğurluğa meyilli olur.

- Mənəvi kamillikdən danışmışkən, keçmiş deputat Hüseynbala Mirələmovun əxlaqsız videosuna dair sizin münasibətiniz necədir?

- Bu, ziyalıya, yazıçıya yaraşmayan hərəkətdir. Eyni zamanda Cəmil Həsənlinin qızı ilə bağlı hadisə barədə də demişdim ki, belə məsələlər birmənalı qınanılmalıdır. Oxşar davranışlara yol verənlərə haqq qazandırmaq olmaz. Belələri səhvlərinə uyğun cəzalanmalıdırlar. Çünki şəxsi əxlaqsız nümunəsi ortaya qoyulur. Lakin cəmiyyətə daha çox ziyan vuran siyasi, iqtisadi əxlaqsızlar da var. Həmin məqamları da unutmaq, yalnız bir məsələyə köklənmək olmaz.

- Narahatedici məqamlardan biri də qazilərə lazımi qayğının göstərilməməsi ilə bağlıdır. Belə hallar dövlətin siyasətinə nə qədər uyğundur?

- Dövlətin şəhid ailələri və qazilərlə bağlı siyasəti məlumdur. Səlahiyyətli qurumlara ciddi tapşırıqlar verilib. Lakin bəzən də məmurlar səviyyəsində həmin göstərişlər yerinə yetirilmir. Bu isə haqlı narazılıqla nəticələnir. Biz sözügedən məsələni dəfələrlə Milli Məclisdə müzakirəyə çıxarmışıq. Qazilərimiz cəmiyyət həyatından kənarda qalmamalı, işlə təmin olunmalıdırlar.