Fransalı deputat “Qarabağ Azərbaycandır” dedi, Ermənistanda bunt yaşandı – ORİJİNAL MÜSAHİBƏ + Video

Avropa Parlamentinin fransalı üzvü, Fransanın keçmiş nəqliyyat naziri Tyeri Maryani  "BFMTV" də Jan Jaq Burdinin moderatorluğu ilə reallaşan "Bourdin Direct" verilişinin qonağı olub.  T.Maryani Qarabağ münaqişəsinə dair suallara beynəlxalq hüquqa söykənən tutarlı cavablar verib. Qərəzli sualları ilə diqqət çəkən aparıcı obyektiv izahı eşitdikcə hiddətini gizlədə bilməyib. 


Müsahibənin Azərbaycanın Qarabağla bağlı ədalətli mövqeyini əks etdirməsini və həqiqətlərimizi fransız deputatın dili ilə dünya ictimaiyyətinə çatdırılmasını nəzərə alıb, tərcümə etdik.

"Sherg.az" söhbəti təqdim edir.

J.J.Burdin:

-Qarabağda Azərbaycanın ermənilərə qarşı müharibə cinayətlərini qınayırsınızmı?

T.Maryani:

-Bunu "müharibə cinayəti" adlandırmazdan əvvəl düşünmək lazımdır. Bu və ya digər formada kimlərinsə təxribat "tələ"sinə düşmək olmaz. Qarabağ məsələsi ilə bağlı Beynəlxalq İstintaq Komissiyası var. Bu Komissiya bütün həqiqətləri bilir.  Nəyin, necə baş verdiyindən xəbərdardır.

Aparıcı qonağın sözünü yarıda kəsir və qəzəbli halda dillənir: 

-Azərbayanlılar bəyan edirlər ki, erməniləri Qarabağdan iti qovan kimi qovmaq lazımdır...

T.Maryani:

-Bəli, bir az sərt bəyanatdır, amma əminəm ki...

Bu məqamda J.J.Burdin yenə müdaxilə edir:

-Siz Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyirsiniz?

T.Maryani:

-Mən heç kəsi dəstəkləmirəm, tərəflərlə hər hansı bir əlaqəm də yoxdur. 3 il Fransa-Azərbaycan Dostluq qrupunun prezidenti olmuşam. 5 il Qazaxıstan, 5 il də Ukrayna ilə Dostluq qrupunun rəhbəri kimi fəaliyyət göstərmişəm. Cənab Renod Müzelyenin (T.Maryaninin keçmiş rəqibi, 2019-cu ilə qədər Avropa Parlamentinin fransalı üzvü) mövqeyi ilə tanışam. O da həmin ölkələri yaxşı tanıyırdı. Bu barədə internetdə materiallar var, baxa bilərsiniz. 2003-cü ildə R.Müzelye və dövlət katibi Azərbaycana rəsmi səfər etdilər. Səfər zamanı imzalanan sənəddə biz nə görürük? O, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını yazır. Hər şey bu qədər aydındır.

J.J.Burdin:

-Sizin kimi?

T.Maryani:

-Əlbəttə, mən də fikrimi dəyişmirəm... R.Müzelye Bakıda olarkan açıq şəkildə bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.  Münaqişə ilə bağlı real mənzərə bundan ibarətdir. Bu, islamçıların xristianlara qarşı münaqişəsi deyil. Mən dünyanın dörd bir yanında olan xristianları müdafiəyə qalxmışam, qalxıram. Hətta buna görə cənab R.Müzelye məni tənqid etmişdi. Suriya və İraqdakı 1 milyon xristianı dəstəkləmək üçün o ölkələrə səfər etmişdim. Bu mənada hesab edirəm ki, son Qarabağ müharibəsi müsəlman ölkəsi olan Azərbaycanın xristianlara qarşı savaşı deyil. Bu, Azərbaycanın milli məsələsidir. Ən azı 10 dəfə Cənubi Qafqaz regionunda olmuşam. Həqiqətən də, bu bölgəyə kömək etmək istəyiriksə, tərəflər arasında dialoq mühiti formalaşdırmalıyıq. 

J.J.Burdin qəzəbli halda bir də təkrar edir:

- Erməniləri it kimi qovmaq lazımdır, hə?

T.Maryani:

-Xeyr, qovmaq lazım deyil, sadəcə...

J.J.Burdin yenidən T.Maryaninin sözünü kəsir:

-Qarabağ Azərbaycanın ərazisidir?

T.Maryani:

-Bəli, beynəxalq hüquqa görə, Qarabağ Azərbaycandır.  Və biz bu gün o ərazidə sülhə nail olunmasına çalışmalıyıq. Qarabağ Almaniya və Fransa arasında Elzas-Lotaringiyaya bənzəyir. Əsas məsələ odur ki, Azərbaycan vəErmənistan arasında dialoq mühiti yaradılmalıdır, uzun illər birgə yaşayan Azərbaycan və erməni xalqları arasında ünsiyyət, kommunikasiya bərpa edilməlidir. Qarabağdakı münaqişə ocağını söndürmək lazımdır.

Qeyd edək ki, bu müsahibədən sonra Ermənistan cəmiyyətində bunt yaşanıb. Rəhbəri erməni olan fransızdilli sayt “armenews.com”da  “Tyeri Maryaniyə görə Qarabağ Azərbaycandır” başlıqlı məqalə dərc olunub. Yazıda qəzəbini və qərəzini gizlədə bilməyən müəllif fransız deputatın "Qarabağ Azərbaycandır" mesajını nonsens kimi dəyərləndirib.  

Fotonu  təqdim edirik.




HAZIRLADI: AYYƏT ƏHMƏD