QAZİ tələbə:“Vətəni qorumağa öhdəçilik deyil, borc kimi baxmaq lazımdır”

Aprel döyüşlərinin iştirakçısı və İkinci Qarabağ müharibəsi qazisi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4-cü kurs tələbəsi Əzizov Fariz İdris oğlu “Sherg.az”a müsahibə verib. Söhbəti təqdim edirik.

- Öncə özünüz və döyüşlərdə iştirakınız barədə məlumat verin. Necə oldu ki,  könüllü kimi döyüşə yollandınız?


-1996-cı ilin 20 oktyabrında anadan olmuşam. 2016-cı ildə Tərtərin “N” saylı hərbi  hissəsində xidmətdə olmuşam. Aprel döyüşlərində Tərtər istiqamətində iştirak etmişəm. Hərbi xidmətdən sonra 2018-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnşaat mühəndisliyi” fakültəsinə daxil olmuşam. 2020-ci ildə, 3-cü kursun əvvəllərində döyüşmək üçün könüllü olaraq qeydiyyatdan keçdim.


2020-ci ilin yay aylarında Tovuzda düşmən təxribatları baş verdi. Şəhidlərimiz oldu. Generalımız Polad Həşimov həmin döyüşlərdə şəhid oldu. Onun şəhid olması mənə də təsir etdi. İçində Vətən ruhu olan insanların hər biri anladı ki, düşmən nə dərəcədə baş qaldırıb ki, bizim generalımızı belə şəhid etdi. Bundan sonra Ali Baş Komandanın əmri ilə səfərbərlik elan olundu. Mən və digər əsgər yoldaşlarım könüllü olaraq qeydiyyatdan keçdik.

- Ailənizin buna münasibəti necə oldu?  

-Mənim döyüşlərə getməyimdən ailəm məlumatsız olub. Döyüşlər başlayan ərəfələrdə onlar xəbər tutdular ki, mən artıq cəbhədəyəm. Öyrəndikdən sonra hər bir valideyn kimi mənə ehtiyyatlı olmağı, özümü qorumağı tövsiyə etdilər. Ümumilikdə, müsbət yanaşdılar.

- İlk döyüşünüz haradan başladı?

- Sentyabrın 27-dən Füzuli istiqamətində döyüşlərdə iştirak etdim. Ardınca digər istiqamətlərdə - Hadrut, Cəbrayıl, Xocavənd, sonda isə Şuşa istiqamətində döyüşlərdə iştirak etdim. Noyabrın 8-i Şuşada düşmənlə açıq döyüş şəraitində yaralanmışam.
- Necə oldu? 
-Noyabr ayının 8-i saat 16:00-17:00 radələrində Şuşa dəhlizində meşəlik adlanan ərazidə yanıma mərmi düşdü və baş nahiyəmdən 3 qəlpə yarası aldım. İkinci mərmi təkrar yaxınlığıma düşəndə mərminin küləyi məni böyük daş parçasına çırpdı. Bel hissəmdən zədə aldım. Başımdan yaralandığıma görə, özümdə olmamışam. Sonra nələr olub bilməmişəm. 17saat sora noyabr 9-u saat 11:00-da məni döyüş meydanından təxliyyə ediblər. Bu qədər gec təxliyyə olunmağımın səbəbi düşmən hədəfində qaldığımız idi. Həmin ərazi nəzarətə götürüləndən sonra təxliyyə edə bildilər.  İlk olaraq Şuşada çadıra gətirdilər ve başımda təhlükə yaradan ilk qəlpə cərrahi əməliyyatla çıxarıldı. Daha sonra Ucar rayon mərkəzi xəstəxanasına gətiriblər, bu zaman şok vəziyyətində olmuşam. Ardınca Ucar rayon mərkəzi xəstəxanasında başımdan ilk əməliyyat oldum. Ordu sıralarından təxris olunandan sonra Bakı şəhərində özəl klinikalarin birində bel və qarın hissəmdə yaranan zədə ilə bağlı əməliyyat oldum. Hazırda müalicələrim davam edir.

- Savaş zamanı nə kimi unudulmaz hadisələrin şahidi oldunuz? 


-Müharibənin hər saniyəsi insanın yadında xatirə kimi qalır. 44 günün hər anı insanın xatirəsindədir. Daha çox yadımda qalan  sentyabrın 27-si Füzuli istiqamətində əks hücuma keçərkən düşmənin güclü istehkamları ilə qarşılaşmağımız olub. Onlar bizim hücumu oradan gözləyirdilər. Düşmən bizi çox saylı canlı qüvvə ilə qarşıladı. Təqribi 20 gün biz həmin istimətdə döyüşlərdə olduq. Digər rayonların alınma müddətinə baxanda da görürük ki, Füzulinin azad olunması çətin oldu. Səddin yarılmasında çox əziyyət çəkdik. Oktyabrın 17-si Füzuli artıq azad olundu. Bütün cəbhə boyu Azərbaycan bayraqları dalğalandı. Bayraqlara baxanda insanda sözlə ifadəsi çətin olan qürur hissi yaranırdı. Axır ki, o xətti yardıq.  O 20 günə çəkdiyimiz əziyyət, bəlkə də, 44 gün çəkdiyimiz əziyyətdən qat-qat çox idi. Düşmənin oradakı əzmini qırandan sonra çox rahatlıqla irəli gedə bildik. Çünki onlar artıq həm texnika, həm də canlı qüvvə cəhətdən sarsılmışdı. Bütün texnikalarını tərk edib getmişdilər. Canlı qüvvələri məhv olmuşdu, qalanlar isə qaçırdılar. Hətta elə döyüş nöqtələrimiz olub ki, biz orada bir güllə belə atmamışıq. Çünki gəlib görürük ki, düşmən silahı qoyub, qaçıb. Bu anlar unudulmazdır. Xoş xatirələrdir.

 - Xoş xatirələrlə yanaşı,  yəqin təəssüf etdiyimiz məqamlar da  olmamış deyil…

-Döyüş yoldaşlarımızla hər birimiz bir yumruq şəkilində birləşmişdik. Regionlara görə bölünmə yox idi, hamı azərbaycanlı idi. Milliyyətindən asılı olmayaraq, hamı Azərbaycan uğrunda döyüşürdü. Amma bəzi insanlar olurdu ki, daha yaxın olurduq, daha doğma gəlirdi. Onların şəhid olması biraz mənfi xatirə kimi qalır.

-Müharibədən sonra bəzi iştirakçılaretiraz edirlər, onlara yetərli diqqət və qayğı göstərilməməsində şikayətlənirlər. Sizin belə şikayətləriniz varmı?

-Müharibədən yeni çıxmış dövlətik deyə, qısa zamanda hər şeyin bərqərar olmasını gözləmək düzgün qərar olmaz. Müharibə elə bir şeydir ki, nə qədər güclü olursan ol, iqtisadiyyatın nə qədər güclü olur olsun, təsirsiz ötüşmür. Bəzi haqsızlıqlar ola bilər. Bəlkə, kimsə bunları dilə gətirir. Mən isə bunları dilə gətirmirəm. Buna o cəhətdən ixtiyarım yoxdur ki, mən özüm  müharibəyə könüllü getmişəm. Mən döyüşlərdə nəyinsə qarşılığında iştirak etməmişəm.

-Medallarla təltif olundunuzmu? 


- Bəli, ümumilikdə 6 medalım var. “Füzulinin azad olunması görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın  azad olunmasına görə”, ““Döyüşdə fərqlənməyə görə”. “Cəsur döyüşçü” medallarım var. Bundan əlavə, iştirak edən hər kəsə verilən “Veteran” medalım da var.

Həm Aprel döyüşlərinin iştirakçısı kimi, həm Vətən müharibəsinin qazisi kimi  deyə bilərəm ki, yenidən ehtiyac olarsa, könüllü döyüşməyə hazıram. İki müharibədə iştirak etmişəm. 

Mənim gözümdə üçüncüsü üçün qorxacaq heçnə yoxdur. Vətəni qorumağa borc kimi baxmaq lazımdır, dövlətin bizim qarşımıza qoyduğu öhdəçilik kimi yox.