Politoloq: “Artıq Ermənistanın başı daşdan-daşa dəyir” - MÜSAHİBƏ


Artıq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesi reallığa çevrilib. Rəsmi Bakı və İrəvanın verdiyi bəyənatlar göstərir ki, sülh müqaviləsi bu gün bizim üçün heç də utopiya deyil. Buna baxmayaraq təbii ki, həmişə olduğu kimi indi də prosesə müdaxilə etmək istəyən qüvvələr var. Bu, yaxınlarda Avropa İttifaqının və ATƏT-in xüsusi missiyasının Ermənistanla sərhəddə yerləşməsini müxtəlif ekspertlər fərqli cür proqnozlaşdırırlar. Bir çoxunun fikrincə, bu regionda “suları bulandırmaq” cəhdidir. Türkiyə də regionda sabitlik və əməkdaşlığın bərpasında maraqlıdır. Həqiqətən, bu il Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanacaqmı? Bu və digər suallarla bağlı, Bakı Dövlət Univerisitetinin professoru, politoloq Əlimusa İbrahimovla söhbətləşdik.

-Çexiyanın paytaxtı Praqada keçirilən görüşdən sonra Prezident İlham Əliyev bildirib ki, ilin sonuna kimi Ermənistanla sülh sazişi imzalana bilər. Ermənistan rəsmiləri də bu barədə fikirlər səsləndiriblər. Necə düşünürsünüz, ilin sonuna kimi sülh müqaviləsinin imzalanması nə qədər realdır?

– Çexiyanın paytaxtı Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişer və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Azərbaycan dövlət başçısı İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında keçirilən 4 tərəfli görüşdən sonra rəsmi Bakı ilin sonuna kimi Ermənistanla sülh sazişini imzalaya biləcəyini bildirdi. Ermənistan rəsmiləri bu barədə fikirlər səsləndirdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilin sonuna qədər Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalana bilər deyib. Nə Azərbaycan, nə də Ermənistan tərəfi bir mənalı şəkildə ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağı barədə dəqiq söz deyib və bildiyimiz kimi, təkcə Ermənistan və Azərbaycan deyil digər güclərdə var. Məsələn Avropa İttifaqı, Rusiya, Türkiyə, İran və s. Bu dövlətlər sözügedən münaqişənin həll olunmasında və sülh müqaviləsinin imzalanmasında bu və ya digər dərəcədə maraqlıdırlar. Ancaq onların heç biri ilin sonuna qədər müqavilənin imzalanması haqqında dəqiq məlumat vermirlər: Bildiyimiz kimi, Prezident İlham Əliyev ermənilərə inanmır. Çünki onlar artıq etibarlarını itiriblər. Eyni zamanda bu sülh müqaviləsi təkcə Azərbaycandan asılı deyil. Ermənistan tərəfindən də asılıdır. Əslində ən çox iş Ermənistan tərəfinə düşür. Buna görə də, Cənab Prezident “ Sülh müqaviləsi ilin sonuna qədər imzalana bilər” dedi. Ermənistan tərəfinin özünü necə aparacağı məlum deyil. Paşinyanın Praqada verdiyi sözü, üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcəyi sual altındadır. Düşünürəm ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinə, o cümlədən, Azərbaycanın verdiyi 5 tələbin həyata keçirilməsinə hər dəfə olduğundan daha yaxındılar. Son hadisələr onu deməyə əsas verir ki, şübhəsiz, Ermənistanda əvvəllərdə sülh müqaviləsinin imzalanmasına yaxud Azərbaycan-Ermənistan münasibətlərinin inkişaf etdirməsinin, Türkiyə-Ermənistan münasibətlərinin inkişaf etdirməsinin vacibliyini başa düşürdülər və bu istiqamətdə addımlar atırdılar. Paşinyanın da bir-birilə ilə ziddiyət təşkil edən müsahibələr, bəyənatlar verməsi də buna əsas yaradır. Paşinyan vəziyyətin nə yerdə olduğunu başa düşür. O, əslində Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Hökümət başçıları onu da bilir ki, bu ölkələrlə münasibəti inkişaf etdirmədən Ermənistan üçün inkişaf yolu yoxdur. Son 1 ildə baş verən hadisələr də bunu onlara bir daha sübut elədi. Mən nəzərdə tuturam ABŞ nümayəndə palatasının spikeri Nensi Pelosi Erməsintan səfərini və orada boğazdan yuxarı bəyənatlar verməsi, eyni zamanda Praqada keçirilən görüşdə E.Makronun çıxardığı oyunları nəzərdə tuturam. Çünki bütün bunlara baxmayaraq, Ermənistan başa düşür ki, nə ABŞ, nə Fransa və digər himayədarları ona sülh müqaviləsinin verdiyi imtiyazları verə bilər. Sülh müqaviləsi eyni zamanda regionun inkişafına yol açır.

– Niyə düşünürsünüz ki, Azərbaycanla Ermənistan sülh müqaviləsin imzalanmasına bu qədər yaxındır?

– Artıq Ermənilərin başları daşdan daşa dəyir və hər dəfə onlar divara dirənib qayıdırlar. Düşünürəm ki, bu son olacaq. Vəziyyətin nə yerdə olduğunu hiss edəcəklər.

-Dünya dövlətlərinin, o cümlədən Fransa və Rusiyanın bu prosesə münasibəti necə olacaq?

- Fransa öz prezidenti Makronun timsalında Praqada sülh müqaviləsinə müəyyən müdaxilələr etməyə cəhd göstərdi. O, özünü heç çəkinmədən, ört basdır etmədən açıq şəkildə bildirdi. Ona görə ki, Fransa eyni zamanda bu tərəflər arasında həm də sülh müqaviləsinin imzalanması uğrunda danışıqlar prosesində vasitəçilik rolunu öz üzərinə götürmüşdür. Bu ona imkan vermir ki, tərəflərdən kiminsə mənafeyini müdafiə etsin. Bunlara baxmayaraq Fransa istədiyi sözü deyir və heç nədən çəkinmədən elan edir ki, bu Fransanın tərəfdarıdır. Fransa maksimum çalışacaq ki, bu sülh müqaviləsindən Ermənistanın xeyrinə istifadə etsin. Müdaxilə etməyinin məqsədi budur. Bu gün Fransanın prezidentinin çalışdığı ən böyük məqsəd odur ki, özünü Ermənistanın yanındaymış kimi göstərsin və imzalanacaq müqavilədə ermənilər üçün nəyisə götürməyə cəhd etsin. Makronun bu can-fəşanlığı təbii ki, özünə qarşı qayıtdı. Bildiyiniz kimi, Praqa görüşündən sonra Rusiyanın və Azərbaycanın əleyhinə bir sıra bəyənatlar səsləndirdi. Həm Azərbayxan Prezidenti İlham Əliyev, həm də Rusiya dövlət başçısı Vladimir Putin, o cümlədən, Rusiyanın keçmiş Prezidenti Medvedev bu bəyənatları ciddi formada qınadı. Hesab edirəm ki, Makron bu qiymətləndirilmələrdən özünə dərs götürəcək. Eyni zamanda qeyd etməliyəm ki, Makron bu yaxınlarda bildirmişdi ki, Rusiya Ukraynada taktiki-nüvə silahını istifadə edəcəyi təqdirdə ona cavab verməyəcək. təkcə Rusiya, Azərbaycan, Türkiyə yanında deyil, eyni zamanda Avropa İttifaqına daxil olan ölkələr içində də özünü biabır etdi. Son zamanlar Rusiyanın Ukraynaya qarşı taktiki- nüvə silahından istifadə etdiyi təqdirdə ona cavab verməyəcək. Hərçənd ki, digər ölkələrin bu barədə mövqeləri fərqlidir. Onlar ehtimal olunun nüvə savaşı zamanı Rusiyaya cavab verəcəklərini bildiriblər. Beləliklə, Paris Avropa dövlətləri İttifaqında(Aİ) da gözdən düşdü. Prezidentimiz cavabı da çox kəskin idi.
Rusiyanın münasibətinə gəldikdə isə bildirməliyəm ki, bu dövlət Avropa İttifaqı ilə bütün sahələrdə mübarizə aparır. Keçən görüşlərin birində qeyd etmişdim ki, dünyanın digər yerlərində Rusiya- Avropa qarşıdurması yaxud da ki, qarşı silahlı insident formasında özünü büruzə verirsə, burada hələlik silahlı deyil, silahsız insidentdir, sakit mərhələdir. Təbii ki, Rusiya maksimum dərəcədə Avropa İttifaqının təşəbbüsü ələ almasına qarşı çıxır.

-Ermənistan rəsmiləri yekun sülh müqaviləsi ilə bağlı loyal bəyanatlar səsləndirsələr də, sərhəddə təxribatlar səngimir. Qarşı tərəfin davam edən provokasiyaları yaxın gələcək üçün nələr vəd edir?

Bütün tarix boyu belə olmuşdur. Həm 30 illik tariximiz zamanı, həm də 44 günlük müharibədən sonra da Ermənistan tərəfi bu provokasiyalardan danışıqlardan boyun qaçırmaq üçün bir vasitə kimi istifadə etmişdir. Hər zaman müəyyən bir məsələni imzalamaq mərhələsinə gələndə onlar bir provakasiya törətmişdilər və müqavilənin imzalanmasına imkan verməyiblər. Son mərhələ də müqaviləni pozmağa cəhd etiblər. Bu da onlardan biridir. Gördüyünüz kimi, avqust-sentyabr ayında baş verən hadisələrdə, məhz sülh müqaviləsinin imzalanmamasına yaxud prosesin uzanmağına xidmət edir. Onlar hesab edirlər ki, müddətin uzanmağı özləri üçün daha ideal şərait yaradar. Amma qarşı tərəf yanlış düşünür. Müqavilənin imzalanması müddəti uzandıqca, Azərbaycanın elan etdiyi kimi, artıq səbr kasamız dolur, sona qədər sülh müqaviləsinin imzalanmasını gözləyən deyilik. Eyni zamanda, vaxt uzandıqca ermənilər üçün daha ağır şərtlər yaranır. Bir azda uzansa, görəcəklər ki, Azərbaycan Zəngəzur məsələsini tamamilə öz xeyrinə həll etmək istəyir. Ermənilərin təxribatları onların vəziyyətlərinim gərginləşməsinə gətirib çıxarır.

-Bəs onların təxribatları sülh müqaviləsinin imzalanmasına nə qədər təsir göstərə bilər?

 Təbii ki, bu mümkündür. Həmdə təxribatların həcmindən asılıdır. Kütləvi şəkildə hücumlar olacaqsa, raketlərdən, toplardan istifadə olunacaqsa, təbii ki, bu sülh müqaviləsinin pozulmasına gətirib çıxara bilər. Bu cür genişmiqyaslı hücuma da arxalarında daha güclü yardım hiss etdiklərində başlaya bilərlər.

-Ermənistan baş naziri Nikol Paşinyan delimitasiya və təhlükəsizlik komissiyalarının növbəti iclasının bu ayın sonunda keçirilməsini təklif edib? O, niyə tələsir və ya nəyə hazırlaşır?

Ermənistanda artıq müəyyən qüvvələr və Paşinyan bu sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını vacibliyini başa düşürlər. Tələsməsinin səbəbi də budur. Paşinyan Ermənistanda kənar qüvvələrin təxribata əl atacaqlarından sığortalanmayıb. Elə təxribatlar baş verə bilər ki, bu yeni müharibənin başlanmasına şərait yaradar. Savaş başlansa, təbii ki, sülh müqaviləsi imzalanmayacaq, həm də Ermənistanın şansları daha da azalacaq. Qeyd etdiyim kimi, müqavilənin imzalanması gecikdikcə, Ermənistanın üzərinə gələn yüklər daha da artır. Paşinyan bilir ki, Azərbaycanın verdiyi şərtlər altında müqavilə imzalamasa, daha ağır şərtlər gələcək. Ona görə də bu gün ona təklif olunan şərtlər onun üçün qəbul olunandır, amma sabah verilən şərtlər qəbul olunan olmayacaq.

-Ermənistanın Türkiyə ilə diplomatik əlaqələri bərpa etməyi Azərbaycanla münasibətlərə necə təsir edir?

-Düşünürəm ki, istənilən halda Ermənistanın Türkiyə ilə diplomatik münasibətlərin bərpası və Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına eyni prizmadan baxmaq lazımdır. Bu münasibətlər bir-birini hardasa tamamlayacaqlar. Yəni, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırsa, o Azərbaycanın və Türkiyənin mənafeyinə xidmət edəcək. Eyni zamanda Ermənistan Azərbaycanla münasibətləri normallaşdırsa, bu da Azərbaycan və Türkiyənin mənafeyinə xidmət edəcək. Bu gün Türkiyə və Azərbaycanın mənafelərini bir-birindən ayırmaq mümkün deyil. Nə Azərbaycan, nə də Türkiyə bir-birilərinin mənafeyinə xələl gətirəcək addımlar atarlar.

Aytac Fuadqızı, BDU Jurnalistika fakültəsinin tələbəsi