«Azərbaycanda yazar olmaq, könüllü dəlilikdi» - Bəxtiyar Hidayətlə SƏRT SÖHBƏT  

Müsahibimiz Qazaxda yaşayan şair Bəxtiyar Hidayətdir. Onunla ötən həftə söhbələşəcəkdik, alınmadı. Gah şairin, gah da mənim işlərim araya «hava» saldı. Nəhayət bu gün söhbətimiz baş tutdu. Əslində suallarım da başqa idi, intonasiyam da. Amma şair nədənsə sərt başladı, söhbəti elə o minvalla da bitirdik. 

Müsahibəni təqdim edirik:

-Bəy, söhbətləşəkmi?
-Mən hazır, amma bir şey var ki, «Sherg.az» hökumətin saytıdır, ədəbiyyat barədə fikirlərim veriləcəkmi?

-A bəy, dövlətin saytıdır...

-Dövlətdəkilər dövləti də hökumət bilir.

-O ayrı məsələ, malı-malı qatmayaq. Biz dövlət və hökumət sözlərinin məna yükünü bilirik, anlayırıq. Fikilərinizi olduğu kimi dərc edəcəyik. 

- Onda sualları gözləyirəm...

- Elə burdan başlayaq ki, dünya informasiya və ya media məkanında mətbuatla bağlı bu sayaq ayrımçılıq-iqtidar, müxalifət mediası anlayışı- yoxdur, amma bizdə sanki insanlar özləri mətbuatı sinifləşdirirlər. Siz də belə etdiniz. Mediadan narazılığınız aydın sezilir, səbəb nədir?

-Media bizdə komediyadı, bəlkə də, tragikomediya. Baxın xəbərlərə, şou, zorlama, qarət... İşıqlı bir şey yox. Adını unutduğum bir şairin sözüdür: 

-Boğulduq informasiya dənizində 
Bir damla həqiqət verin

Bax o bir damla həqiqət yoxdu.

-Bəy, bir ədəbi dərgi, sayt yaradın, dərcini başqasından gözlədiyiniz həqiqətlərinizi yazın. Bunu niyə etmirsiniz?

-Vaxt yoxdu, ikinci də vaxt itkisidir. Qazanc yoxdu, gərək çılpaq şəkil qoyasan ki sayt oxuna. Və sonra sayta reklam verələr. 
Yəni: 

çılpaqlıq baş alıb getsə də qardaş 
Çılpaq həqiqətə yer yoxdu indi

-Jurnalist sənətkarlığı və yazıçılıq bir az cəmiyyətə və sosial tələbə bağlıdır. Bu gün, tutalım, Bəxtiyar Hidayətin təcnislərinə lüzum görülmürsə, niyə yazsın? Təsəvvür edin, adam var, tində piştaxtanın üzərində meyvə-tərəvəz satır, gileylənir, hətta mənə eyham vurur ki:- Jurnalistlər də yazmırlar, yaza bilmirlər. Telefonu çıxarıram ki, dərdini «ağla», izhar elə, çəkim, üzünü ovcuna büküb  qaçır. Vətəndaş etirazı pıçıltı ilə edir. "Dişsiz" cəmiyyətin "dişli" mediası ola bilərmi? Yazıçısını yaşada bilməyən cəmiyyət üçün yazıçı nə edə bilər ki? Axı ədəbiyyat da, media da cəmiyyətin güzgüsüdür, cəmiyyət necədirsə, nədirsə, media da, ədəbiyyat da ondan o tərəfə deyil... 

-Ədəbiyyat cəmiyyətin güzgüsüdür. Amma evdə ölü düşəndə güzgünün üzərini pərdələyirlər. Ölü cəmiyyətin pərdəli güzgüsü kimidi ədəbiyyat. Amma bəlkə də belə deyil, axı ədəbiyyat var, yaranır. Sadəcə ədəbiyyatın yiyəsi olüb. Tənqid yox, təbliğat yox, kitab sənayesi yox, ədəbi inhisar meydan sulayır. Tərcümə Mərkəzi yalnız biznes kimi işləyir, xaricilərin tərcümə edirlər. Özümüzü xaricilərə təqdim etmirlər. Amma Şusikəndin bir ermənisini Qarabağ erməniləri Amerikada çap etdirir. Məsələ budu. Bizdə istedadlar da «n» qədərdir, əngəllər də...

-Ədəbiyyatın yiyəsi kimdir? Bu problemlərin həllini kimdən və ya kimlərdən tələb etməliyik?

-Bilmirəm! Gürcü, erməni müəlliflər Avropaya çıxır, dilləri ayrı, əlifbaları ayrı. Sayları da az. Amma bizdə bu yoxdu. Onlarda bunu yoluna qoyanlar dolayısıyla ədəbiyyatın yiyəsidir. Yoxsa bizdə necədi? AYB nə işə yarayır? Dövlətin 203 minini bir gündə sovurdular. Yenə də köhnə hamam, köhnə tas. "Pitiminutka" da olsa bir" azadlıq fonu yaradardılar. Halbuki mən 150-200 manat artırıb bir hekayəmi tərcümə etdirə bilmirəm. Mənim kimi də nə qədər yazar var. Bir sözlə Azərbaycanda yazar olmaq, könüllü dəlilikdi. Axı bunun sənə heç bir xeyri, köməyi yoxdu. Heç öləndən sonra da kimsənin vecinə olmayacaq.

-Amma Ramiz Rövşən əksini düşünür, deyir. Son müsahibəsində Azərbaycanda oxucunun olduğunu, kitabın da, kitab sənayesinin də mövcudluğunu ifadə etdi.  Bir yanda 200 manat tapa bilməyən şair, digər yanda hər şeydən razı qalan qələm adamı. Necə olur bu?

-Ramiz ədəbiyyatın təhqiramiz üzüdür. Özündən sonra kimsəni qəbul etmir. Əli Kərim ucalığından şeiri başı kəsilən kötüyünü ucalığına qaytardı. Halbuki ağacın başı yox, ayağı kəsilir. Frazeoloji birləşmələri, idiomları hərfi mənasında vermək şairlik deyil. Deyir: 

Nə çoxdu kefinə soğan doğrayan
 Kefindən xörəkmi bişirəcəklər.

Birinci soğan ayrılıqda bişiriləndə çiban üçün bişirilir. Soğan bişirilməsi nə demək? Özündən sonra da bu ənənə oldu. Salam "ana məni ağlayarsan, boyumu soxduğun yerdə" yazdı. Biri yazdı: 

- Mən sənin eşqindən sərxoş olmuşam, 
əgər inanmırsan itlə ağzımı. 

Başqası yazdı:

Gözlərim yol çəkir, 
asfalt qırağında dəfnə ağacları bitib. 

Bu, poeziya deyil. Və dilin üstündə saxtakarlıq edəndə axır belə olmalıydı. Bir dəfə Əli Kərimin bir tədbirində çıxış edirdi- yalnız "Qayıt yerinə qoy ayı, günəşi" bu şeirdən danışdı. Əli Kərim ucalığının qabağında kötük ucalığı neyləyə bilər?! 

- Deyirsiniz ki, ədəbi tənqid yoxdur və yaz öləziyir. Bəzən belə fikirlər eşidirəm ki, bir hinduşqa kababına həll eləmək olur, tənqid məsələsini. Burada da "bazar açıblar?"

-Bu bazar da örtülü bazardır. Amma öz ayıblarını və AYBlarını örtürlər. İstəmirlər millətin istedadlıları üzə düşsün.

-AYB-dən söz düşmüşkən bu təşkilatın ötənlərdə baş tutan qurultayı və növbəti 5 il nə vəd edir?

-Heç nə, it otu, bağayarpağı. Mənimçün lazımsız bir qurumdur. Amma bu qurumu süpürgənin qabağına vermək olmur. Hörümçək burda tor qurmayıb, karkas toxuyub.

-Qeyd etdiniz ki, 150-200 manat artıra bilmədiniz, kitab satılmır, şeirlə qarın da doymur. Dolanmanı necə təmin edirsiniz?

-Müəllim işləyirəm. Şükür idarə edirik. Əvvəllər mal saxladım, dana bordadım. Amma o da əldən çıxdı, vəhşi kapitalizm imkan vermədi. Bir qarış örüş qalmadı. Hər yeri aldılar. 

Artırıb bir- iki inək elədim. 
Yaman dara düşdü yüzünün yeri 
İki yol örüşü bir naxır basdı 
Qaldı ot yerinə izinin yeri

 Mənnən ötrü həftə qara, ay ara 
Payız qara, bahar qara yay qara 
Daş yeridi, mal yeri döy çayqara 
Heç yoxdu qoyunun, quzunun yeri 

Burda mal otarmaq çox işgəncədi 
Örüş yeri bircə, qoruq oncadı 
Bu yan süpürgədi, bu yan yoncadı 
O yan da kartofun, pazının yeri 

Mən dedim dolanım üçünnən babat 
Qurd yedi ağacı içinnən babat
Qorunur Şuşadan, Laçınnan babat 
Buraxma tulanın, tazının yeri
 
Görən yaraları kimlər qanatdı 
Hər gün sındırılan qoldu, qanaddı
 Pres beş manatdı, süd bir manatdı 
Odlanır bağrımın közünün yeri 

Sözünü qaytardım sözü dəyənin 
Yalanı dəyənin, düzü dəyənin 
Mallara nəzəri, gözü dəyənin 
Kalafa qalaydı gözünün yeri 

Əyrilər düzləri hey danlar indi 
Allahlıq eyləyir şeytanlar indi 
Qalıb gədələrə meydanlar indi 
Yoxdu Bəxtiyarın sözünün yeri

-Tam ifadə... Var olun, şair!

-Region ədəbiyyatında durum nə yerdədir? Axı ora bir az da gözdən uzaq, könüldən qıraqdır. Nələr baş verir?

-Maraqlı deyil mənimçün. Hərdən tədbir keçirirlər. Deyilənə görə istedadlar var. Mən yazdığımı Feysbukda, İnstagramda, Vatcapda, Tik-Tokda paylaşıram. Onlara ehtiyacım yoxdu.

-"Sosial medi ədəbiyyatı" deyimi yaranıb, bəzən də biraz aşağılayıcı intonasiya ilə ifadə edirlər. Sosial şəbəkə ədəbiyyatının nəyi və niyə pisdir?

-Niyə pisdir ki. O da olmasa gərək daşa divara yazaq. Bu son imkanımızdır. Kitab çıxartmaq yox, qəzet yox, jurnal yox, tərcümə yox. Bu da olmasa batdıq. Amma burda da şou, bayağılıq var. Di gəl bunsuz da olmur

-Xarici dilə tərcümə olunmaq işini AYB etmir, Tərcümə Mərkəzi də merkantil maraqlarını güdür. Bəs XXI əsrdə, yazarların dünya ilə dialoqa girməli çağında xarici dilə tərcümə olunmama, xarici ədbiyyat mühitinə çıxa bilməməyin zərbələri nələrdir?

-Çatlamaq. Təsəvvür et əlində bahalı nəsə var, amma satılmır. Ölmüş kapitaldır. Nə etmək olar? Bunu işləyən yoxdur. Dövlət əl qoysa da, alınmayacaq. Çünki məmur yazarları imkan verməz. Axı əvvəlcə onlardır, biz qara camaatıq. Elə sovet vaxtı da beləydi. Yaxın sosialist ölkələr üçün tərcümələr vardı. Amma yenə Anar, Elçin. Çıxış yolu yoxdu, pis də çıxmasın, çıxış yolu əl çəkməkdir. Bu işi həyatından rədd etməkdir. Amma məndə alınmır. Öz-özünə gəlir şeirlər. Yazmamaq da olmur.

-Qazaxda rəhmətlik Mövluda baş çəkirsinizmi, neynir, necədi?

-Hərdən baş çəkirəm, gülümsəyir. Dünya vecinə deyil.

-Həmişə üzü gülsün !

-Nəinki rayonlarda, elə paytaxtın özündə də kitab mağazaları azdır və ya yoxdur. Bu məsələ rayonlarda daha məşəqqətlidir. Kitab tapmaq olmur, hər rayona gedəndə dosta-tanışa gücüm çatandan alıram, niyə ləğv olundu ki?

-Vəhşi kapitalizm kitabxanaları kababxanaya çevirdi.

Qələmdaşı Aqşin Yenisey sual verir: 

- Bəxtiyarın şairi hansıdır, Səməd Vurğun, yoxsa Hüseyn Cavid?

-Mənim ən çox sevdiyim şair Əli Kərimdir. Qaldı Cavid və Vurğun məsələsinə, yalnız dilə görə Vurğun. Amma qətiyyətə, şəxsiyyətə, idealogiyaya, ədəbi taleyə görə əlbəttə ki Cavid.

Şair Taleh Mansurun sualı : 

O gün tanımayıb keçdi Əzrayıl, 
Hələ də axtarır baxışı məni, 
Nə yaxşı tanıdın, nə yaxşı, məni..."- deyən şairin adamlar daha çox üzünü tanıyır, özünü, ya sözünü? Necə deyərlər, adı Bəxtiyar şair bilər düzünü. Sonu qafiyəli bu sualımı mənim tanıdığım Bəxtiyar Hidayət qafiyə ilə də cavablaya bilər, qafiyəsiz də, lap elə cinasla da. Hər bir halda, əminəm ki, sərbəst və sərrast cavablayacaq.

Bəxtiyar Hidayət:

Yusif İlhamoğlu üçün 

Düzü deyə-deyə düzdə qalmışam, 
Sözümü qoymuşam söz yerinə mən
 Əlimnən o təhər dağlar çıxıbdı, 
Kaş dağda qalaydım, düz yerinə mən. 

Yormuşam yolları, yola salmışam 
Gedilən yolları gedib- gəlmişəm 
Mən dağlar oğluyam, düzdə qalmışam 
Onçu sayılıram toz yerinə mən 

Mənə can əvəzi söz verib Tanrı 
Bildim hər vəzini, hər cürə janrı 
Kazım Körpüsünü keçsəydim anrı 
Üzümü sürtərdim yüz yerinə mən

 Gözüm gördü Qazançının başını 
İşğal etdi sinəmi qəm qoşunu 
Xəzəllinin torpağını, daşını 
Mal kimi yalaram duz yerinə mən 

Varmı Bəxtiyara bu halında bab 
Ürəyim köz oldu, ciyərim kabab 
Yolum gedərgəlməz, izim iztirab 
Sözümü qoyuram iz yerinə mən

Yazıçı Ayxan Ayvaz bilmək istəyir:

-Bəxtiyarın həyatdakı ən böyük peşmanlığı nə olub?
-Gücsüzlüyüm. Məcburi susqunluğum. Əlacsızlığım.

Şair Emil Rasimoğlu soruşur:

-Çağdaş ədəbi prosesin problemlərini, problemlərin əsasındakı səbəbləri və mövcud problemlərin həlli yolunu necə təsəvvür edir?

-Mən adi bir insanam. Mənim işim problemin ədəbiyyatını yaratmaqdır, ədəbiyyatın problemini həll etmək deyil. Buna nə gücüm nə vaxtım var. Kimlər 100 minləri yeyir onlar maraqlansın.

-Amma Anar deyir Çingiz bilir, Çingiz də jurnalisti və Azərbaycan dilini təhqir edir. Xalq yazıçısı xalqın dilində danışmağı bacarmır, amma milli valyutasını xərcləməyi bacarır. 

-Bizim pul tanıdığı ən sonuncu puldur. Xarici volyutalardı onlarınkı. Onlar ədəbi inhisarı bilirlər. İstedadları məhv etməyi bilirlər. Şaiq Vəli və övladları o binada aksiya keçirdi. Sonu necə oldu, faciə. Şaiq üçün bir qəpik tapılmadı, amma özləri komfort həyat yaşayırlar. Qulbeçələri elə, xoruzları elə. Mövludun sağ əli bizim kimilərinin başına.

-Məncə, yaşama zamanı...

Hə, yalnız uşaqlara görə, vəssalam

-Sizin mənə sualınız varsa, buyurun!

-Sağ olun, minnətdaram !