“Bu saat məni aparsalar, gözübağlı gedib evimizin yerini taparam. Məktəbimizin yerini taparam”
“Amma təəssüflə demək istəyirəm ki, yəqin orda izlərimiz qalmayıb. Hamısını məhv ediblər. Bilmirəm Allah niyə bizi bunlarla qonşu etdi, nə günahımız vardı?..”
“Qərbi Azərbaycandan didərgin salınan həmvətənlərimizin sənədləri arxivdə saxlanılır. Heç biri itib-batmayıb. Hamısı salamatdı. Vaxtı gələndə, hara lazımdı təqdim ediləcək”
“Əgər biz bu işə başlamışıqsa və məqsədimiz də doğma yurdumuzda yaşamaq hüququmuzu bərpa etməkdirsə, burada sənin-mənim söhbəti olmamalıdır. Bu, bütün Azərbaycanın işidir”
...Ay bulud, sən sıxma kipriklərini,
Ağlama, gözünün yaşı quruyar.
Ay bulaq, gözündə sevdiklərimin,
Şəkli var, asta ol, birdən pozular.
Şeirdən məhz bu misraları niyə önə çəkdiyimi deyim; Telli Pənahqızı əzəli yurd yerlərimiz – İrəvan, Vedibasar, Göyçə, Zəngəzur, Amasya… Azərbaycanımızın qərb bölgələri, doğulub boya-başa çatdığı torpaq haqqında danışanda “yəqin orda izimiz qalmayıb artıq. Mənfur qonşularımız bizə aid nə vardısa siliblər yer üzündən…” dedi. Bu şeir isə Telli xanımın o torpağa, bulağa, ümumiyyətlə təbiətə ismarıcıdır – nişanələrimizi biz qayıdanadək saxlayın, qoruyun ki, pozulmasın. Qayıdanda görəcəyik o nişanələri. Ruhumuzla duyacağıq. Ora qayıtmağa hazırlaşmışıq axı!.. Cismən. Ruhumuz nə vaxt o doğma torpaqlardan ayrı düşüb ki?!. Telli xanımın eynilə bu fikirdə olduğunu bilmək üçün ona hər hansı sual verməyə də ehtiyac yox idi. Telli xanımı ölkədə tanımayan, yəqin ki, yoxdur. Fəaliyyəti, yaradıcılığı da göz önündə, bəllidir. Ruhuna da bələdik. İndiyədək Azərbaycan Dövlət Televiziyasında hazırladığı və rəhbərlik etdiyi proqramlar, qələmindən çıxan məqalələr, şeirlər, fikirlərini daim tər-təmiz ana dilimizdə mirvari kimi sıralaması, şirin danışığı, səsində aşkar hiss olunan Vətən həsrəti onun cisminin paytaxtda, ruhununsa… yox, təkcə Vedibasarda deyil, bütün Azərbaycanda dolaşdığına sübutdur. Telli xanımla söhbətimizin mövzusu əslində, keçmiş deyil, bu günümüz və gələcəyimizdir. Doğma torpaqlara qayıdışıla bağlı nəhəng işlərə başlanılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış oldu və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü. Dövlətimizin başçısı bu görüşdə bütün dünyaya mühüm mesajlar verdi və azərbaycanlıların doğma yurdlarına qayıdacağına əminliyini ifadə etdi. Məlumdur ki, Qərbi Azərbaycana qayıdış konsepsiyası artıq hazırlanıb. Qədim yurd yerimiz Vedibasar mahalının Böyük Vedi kəndində anadan olmuş Telli Pənahqızı qayıdışı necə görür və hansı işlərin icrasını vacib sayır? Hazırlanmış konsepsiyaya Telli xanımın da təklifləri olubmu?
- Cənab Prezidentin ziyalılarla görüşündə mən də iştirak edirdim. Cənab Prezident həmin görüşdə hansı işlərin görülməli olduğunu diqqətə çatdırdı. Amma gəlin, biz məsələni belə qoymayaq; kim nə təklif verdi, hansı təkliflər qəbul olundu… Bu, bizim ümumi işimizdir. Azərbaycan xalqının işidir. Bu gün biz hamımız Qərbi azərbaycanlıyıq. Harada doğulmağımızdan asılı olmayaraq. Çünki əgər 44 günlük müharibədə biz bunu bacardıqsa, deməli, yenə bacaracağıq. Məqsədimiz, niyyətimiz budur ki, doğma yurd-yuvasından, elindən-obasından didərgin salınanların hüquqları bərpa olunsun. Kar, kor dünya başa düşsün ki, haqqı tapdanan da bizik, qovulan, didərgin salınan, hüquqları pozulan da bizik. Dünya ictimaiyyəti də anlasın artıq, yalan danışan kimdir, böhtan atan kimdir. Uzun illərdən bəri fəaliyyət göstərən Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyinin artıq icma halında öz işini davam etdirməsi, mənə belə gəlir ki, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışını sürətləndirəcək addımdır. Cənab Prezidentin icmanın inzibati binasında görülən işlərlə tanış olması, orada ziyalılarla görüşü həm də Azərbaycan dövlətinin öz xalqına, millətinə olan böyük sevgisinin təzahürüdür. Xalqımız əsrlərlə o torpaqlarda yaşayıb, maddi sərvətlər yaradıb. Tarixi abidələr, qəbirlər, hansı ki onlarla tariximizi ayırd edə bilirik. Çox təəssüf ki, artıq o məzarlıqlar dağıdılıb. Uşaqlıq illərində yadıma gəlir, yaylağa gedəndə köhnə qəbirlərə rast gələrdik. Deməli, o yaylaq yerlərində əcdadlarımız yaşayıb, məskən salıbmış. Orda evlər olub, sonrsa həmin ərazilərdən yaylaq yeri kimi istifadə edilirdi. Erməni goreşənləri onları zaman-zaman yer üzündən sildi, məqsəd nəydi? Özgənin torpağına sahiblənmək. Təkcə torpağa deyil, maddi-mədəni sərvətlərə də. Necə ki, hər bir xalqın özünü təyin etmək, öz hüququnu tələb etmək haqqı var, biz də öz hüququmuzu tələb edirik. 1988-ci ildə insanlarımız hər şeylərini qoyub gəlmək məcburiyyətində qaldılar. Uşaq, körpə, qoca, cavan… insanlarımız qətlə yetirildi. Bu, birinci dəfə deyildi. Xalqımız bu ağrını dəfələrlə yaşayıb. Amma inanıram ki, insanlar doğma yurdlarında yaşamaq haqqını qazanıb ora qayıtdıqdan sonra bu ağrı da yavaş-yavaş azalacaq, səngiyəcək. Bu işdə bütün Azərbaycan birdir. Nəzərə alsaq ki, 1905-ci ildən üzü bəri köç daimi olub. İnsanlarımızı o torpaqlardan qovublar, nəsillər dəyişib, artıq uzun illər öncə rəhmətə gedənlər var, amma bura pənah gətirmiş insanların ailə üzvləri, nəvə-nəticələri həyatdadır. 1988-də Qərbi Azərbaycandan 350 minə yaxın həmvətənimiz qovuldu. O hissləri onları yaşamamış insanların anlaması çətindir. Amma bizim inamımız böyükdür. Cənab Prezidentin Qərbi Azərbaycan torpaqlarına qayıdışı bilavasitə gündəmə gətirməsi və Qayıdış konsepsiyasının hazırlanmasına göstəriş verməsi, bu işə birbaşa rəhbərliyi bizim üçün böyük üstünlükdür və biz hazırkı situasiyadan mütləq istifadə etməliyik.
- Telli xanım, doğulduğunuz yurd, ocaq yerini düşünəndə, daha çox nəyi xatırlayırsınız, nələr gəlir gözünüzün önünə?
- Uşaqlıq yaddaşı hər bir insanda güclü olur. Məktəbə getməyim, dostlarım, qonşularımız, atalı-analı günlərim… Təbii ki, illər keçib, nələrsə unudula bilər, amma Vətən sevgisi heç vaxt korşalmır.
- Təhsil aldığınız məktəb evinizə yaxın idimi?
- Bilirsiz… bunlar nostalji hisslərdir. Uşaq evdən çıxır, qışın soyuğunda dərsə gedir, yazda yol boyu çiçək açan ağacları görür, bulaqları görür, bu hissləri qələmə almaq da mümkün deyil… Çox adam bu sözü deyir, mən də deyəcəm; bu saat məni aparsalar, gözü bağlı gedib evimizin yerini taparam. Məktəbimizin yerini taparam. Qonşuluqdakı evlərin də yeri, kimin harada yaşadığı da yadımdadır. Amma təəssüflə demək istəyirəm ki, yəqin orda izlərimiz qalmayıb. Hamısını məhv ediblər. Məscidləri dağıdan, məsciddə donuz saxlayanlardan danışırıq! Onlardan başqa nə gözləmək olar?!. Nə bilim… Bilmirəm Allah niyə bizi bunlarla qonşu etdi, nə günahımız vardı?..
- Yəqin bu da bir imtahandı, Telli xanım…
- Nə qədər olar?.. İmtahan da bir dəfə olar, iki dəfə olar… Nə bilim… Nə günahımız var ki, bu əclafların zülmünü çəkdik?! Amma həm də düşünürəm ki, günah bizdə deyil. Günah Çar Rusiyasındadı ki, onları Qafqaza, Azərbaycana yerləşdirdi, günah müxtəlif marağı olan qüvvələrdədir. Nəyə görəsə onlara arxa duranların sayı da çoxdu. Onları müdafiə etmək üçün başqa arqumentlər gətirirlər, lakin bu arqumentlərin heç bir əsası yoxdur. Erməni başını örtə bilər, məscidi ziyarət edə bilər. Amma bu, onun başqa bir dinə hörmət bəslədiyinə, başqa bir xalqı sevdiyinə dəlalət etmir. Çünki onların hamısı şeytandı. Özlərinə nə vaxt lazım oldu, simalarını dəyişirlər.
- 1988-ci il hadisələri başlayanda valideynləriniz həyatda idimi?
- Atam gənc yaşlarında dünyasını dəyişib, 37 yaşında. Buna da erməni həkimlər bais olub. Mədə xorası vardı. Mədə xorası nə vaxtdan ölümə səbəb olan xəstəlikdi? Xüsusən insan gəncdirsə, düzgün müalicə alırsa, sağalır. Amma atamı sağaltmadılar. Biz böyüdük, Bakıya ali təhsil almağa gəldik. Sonda anam gəldi.
- Yəqin ki, siz də sənədlərinizi təqdim etmisiniz icmaya?
- Mən sənədlərimizi 1988-də təqdim etmişəm. O zaman Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyində sənədlər, pasportlar toplandı. İnsanların mal-varlığı siyahıya alındı. Hansı rayonda, hansı kənddə nə qədər əhali yaşayıb, məhəllələrin, küçələrin adlarını qeyd etdilər. Bu sənədlərin hamısı arxivdə saxlanılır.
- Bayaq dediniz, yəqin o torpaqlarda izimiz qalmayıb. Siz də mənimlə razılaşarsınız ki, əsas insanın ruhudur. Ora qayıtsaq, ruhumuzun köməyi ilə hər şey bərpa olunacaq.
- Təbii ki. Amma ermənilər evlərimizi söküb, dağıdıb. Onlar harda tarixi abidə görürlərsə erməni xaçı çəkirlər. Alçaq qonşularımız bizi min-bir əziyyətlə evlərimizdən çıxardı, insanlar özləriylə heç nə götürə bilmədilər. Bakıdakı ermənilərin çoxu isə rahatca evlərini dəyişdilər. Onlara yardım edənlər də oldu, hətta sərhədə qədər ötürdülər. Əyri-üyrü qazanlarını da apardılar. Gözümüzün qarşısında olub bunlar hamısı. Əlbəttə, əsas ruhun ölməməsidir. Şükür ki, Allah bizi çətin imtahana salıbsa da, sarsılmaz ruh da ehsan edib. Bu ruh ki bizdə var, abidələrimizi də bərpa edəcəyik, evimizi, ocağımızı da.
- Telli xanım, hazırlanan sənədlər hansı qurumlara göndəriləcək?
- Toplanan sənədlərin hansı təşkilatlara göndəriləcəyi yaxın zamanda bilinəcək. Bizim sənədlərimiz məlumdu, beynəlxalq təşkilatlara təqdim olunacaq. Bu təşkilatlar əgər istəsələr, kimin harada yaşadığını müəyyən edəcəklər.
- Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasını əks etdirən kadrlar televiziyada nümayiş olunur, hamımız baxırıq, görürük. O kadrlar yəqin beynəlxalq təşkilatlara da təqdim olunmalıdır.
- Əlbəttə, hamısı təqdim olunub. Amma yenə onların havadarları həqiqəti danmağa çalışır. Erməni xisləti belədir, utanmadan, çəkinmədən alçaqlıq etməyi bacarırlar. Müstəqilliyimizin bərpasından sonra Sahil bağındakı “26 Bakı komissarları” kompleksi söküləndə məlum oldu ki, orada kimsə dəfn edilməyib, məzar da yoxdur, qaniçən daşnak Şaumyan da sağ imiş, hansısa xarici ölkədə uzun illər yaşayıb. Onlar bunu bacarırlar. Özlərinə dövlət qurdular, başqasının torpağını öz adlarına çıxdılar. Onlar utanmaz, abırsız, həyasız məxluqlardır. Qərbi Azərbaycandan didərgin salınan həmvətənlərimizin sənədləri arxivdə saxlanılır. Heç biri itib-batmayıb. Hamısı salamatdı. Vaxtı gələndə, hara lazımdı təqdim ediləcək. Bədbəxtliyimiz bundadır ki, bu boyda vacib işimiz var, amma yenə də işimizə xələl gətirən adamlar tapılır. Kiməsə böhtan atırlar, “mən niyə olmamalıyam” deyirlər. Sən bir önə çıx, bir işin qulpundan da sən yapış. Bəzilərinə şəxsən müraciət edib deyiblər ki, ərazi barədə məlumat lazımdı, gəlin, məlumat verin, bildiyiniz faktları paylaşın, yaxın durmayıblar. Yorulmadan çalışan, gecəsini-gündüzünü bu işə sərf edən insanlar var. Heç bir umacaqları olmadan bu işləri görürlər. Nəyin naminə? Yalnız həqiqət naminə. Əgər biz bu işə başlamışıqsa və məqsədimiz də doğma yurdumuzda yaşamaq hüququmuzu bərpa etməkdirsə, burada sənin-mənim söhbəti olmamalıdır. Bu, bütün Azərbaycanın işidir. Bilmirəm, siz harda doğulmusunuz, amma bilirəm ki, sizin də qəlbinizdə Qərbi Azərbaycan həsrəti var.
- Çox sağ olun, Telli xanım, gərgin iş şəraitində bizə vaxt ayırdığınız üçün. İnşallah, arzularımız çin olar. Doğma yurd yerlərimizə qayıdarıq.
- İnşallah!
Söhbətləşdi, Məlahət Rzayeva