Sensasion İDDİA:«Bakıda belə zəlzələnin 2028 və 2030-cu illərdə təkrarlanacağı...»

Memarlıq üzrə elmlər doktoru Elçın Əliyevin  “Sherg.az” a müsahibəsini təqdim edirik.

- Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycanda hər kəsi bu sualın cavabı düşündürür: Belə bir hadisə paytaxt Bakıda yaşansaydı, binalarımız tab gətirə bilərdimi?

- Azərbaycanda çox gözəl tikinti qanunları var. Möhkəm tələbli ekspertizalar mövcuddur. Mən bir memar olaraq lahiyələrimi işləyərkən görürəm ki,bizim qarşımıza necə yüksək konstruktiv tələblər qoyulur. Məncə, problem ondan başlayır ki, binanın lahiyəsini yaxşı səviyyədə təsdiq edirlər. Ancaq tikinti zamanı nəzarət lazımi qədər güclü olmur. Burda faktiki olaraq binanın taleyi tikintini aparan biznesmenin vicdanına buraxılır. İnsanlığı yerində olanlar verilən lahiyəni olduğu kimi, yerinə yetirir. Lakin bəzi biznesmenlər burdan özlərinə qazanc tutmağa çalışaraq binanın gələcəyini təhlükəyə atırlar. Əsas məqsədləri binanı tez tikib mənzilləri satmaqdır. Təəssüf olsun ki, belə binalar Bakıda həddindən çoxdur. Kim tərəfindən və necə tikildiyi çox zaman bilinmir. Bu şəxslər bəzən də saxta şəxsiyyət vəsiqələrindən istifadə edərək məqsədlərinə çatdıqda ortadan yox olurlar. Bu da tikinti nəzarətsizliyinə gətirib çıxarır.  Yəni zəlzələ olduqda burada zərər çəkən binalar elə məhz bu binalar olacaq. 


- Bakıda neçənci ildən bu yana inşa edilmiş binalar təhlükəli  hesab edilir?

- Əslində binaların təhlükəsizliklərini illə demək düzgün deyil. Elə binalar var ki, 100 ildir, tikilib, ancaq heç bir təhlükəsi yoxdur. Çox gözəl və davamlı olduqlarını görürük. Lakin dönüb dünən tikilib istifadəyə verilmiş binalara baxdıqda bir çox təhlükəli məqamlara rast gəlirik. Yenə deyirəm, bu biznesmenin insanlığından aslıdır. Hesab edirəm ki, bu məsələyə baxan müvafiq qurumlar insanların təhlükəli binalarda yaşamasına göz yummazlar. 

- Hazırda Bakıda hansı binalardan insanlar təxliyə edilməlidir?     

- Bir neçə ay bundan əvvəl hörmətli şəhər başçımızın çıxışını dinlədim. Eşitdim ki, Bakıda bir neçə bina qəza şəraitindədir.Həqiqətən, bir memarlıq tarixçisi olaraq həmin binalara baxdıqda çox təəssüflənirəm. Belə binalarda yaşamağa davam etmək ölümə atılmaqdır. Dövlət tərəfindən qəzalı şəraitdə olan binaların siyahısı tərtib edilərək insanlar təxliyyə edilməlidir. 2000 -ci ilin noyabırında baş vermiş zəlzələdən sonra çoxlu materiallar toplayırdım. Qəzetlərdən birində belə bir xəbər oxudum . O dövrün məşhur zəlzələşünası Xəlilov çıxışlarının birində Bakıda belə zəlzələnin təxminən 2028 və 2030 –cu illərdə təkrar olacağını deyirdi. Biz bu müddət ərzində nə etmişik bilinmir. Nəyə görə hələ də qəzalı binalardan danışırıq bəlli deyil. Bunu neçə il Bakının başçısı olan Hacıbala Abutalıbovdan soruşmalıyıq ki, nə edilib bu sahədə ? Əgər edilməyibsə, mütləq məhsulliyyətə cəlb etmək lazımdır. 

- Memar gözü ilə baxanda Bakı necə görünür və ya siz onu necə görmək istərdiniz?

- Sizə bir mütəxəssis olaraq deyə bilərəm ki, Bakı dünyanın ən  gözəl şəhərlərindən biridir. Bakı qədim dövr,arnavul dövrü, stalin memarlığı dövrü,  sovet və müasir dövrdə memarlıq baxımdan çox gözəl inkişaf etdi. Müasir memarlığın mərkəzindən birinə çevrilib.  Müasir Bakının ruhu həqiqətən də cəlbedicidir. Qədim tarixlə zəngin Bakı bu gün də dinamik inkişaf edir. Səyahətlər zamanı hər yerdə bütün mərkəzi binaların quruluşunun bir-birinə bənzədiyini görürük. Ancaq Bakıda baxırsan ki, ayrı-ayrı memarlıq üslubunda tikilən binalar var. Bakı əvəzolunmaz şəhərdir. O əsrarəngiz gözəlliklərə sahibdir. Biz onu qoruyub saxlamalıyıq ki, bütün dünya görüb tanıya bilsin. 

-Bəzi iddialar dolaşır ki, binaların birinci mərtəbələri obyekt olarq istifadəyə verilir. Bunun təhlükəsi varmı, varsa niyə icazə verilir?

- Bəli belə hallar var və çox təhlükəlidir. Bunun ən böyük səbəbi də rüşvətxorluqdur. Rüşvət aradan qalxmadığı müddətcə biz bu kimi məqamlarla daha çox qarşılaşacağıq. Dəfələrlə bu barədə yazmışam. Tarixi binaların qapılarını böyüdüb pəncərə edərək təhlükə yaradırlar. Buna nəzarət edən orqanlar işlərinə düzgün yanaşmırlar. Qeyri-peşə sahibini gətirib, bu orqanın başına qoyaraq daha çox problemlərə səbəb olurlar. Bu baxımdan biliyi,təcrübəsi olmayan biri düzgün addımlar ata bilməz. Ona görə də hansısa, orqanın başına kimisə təyin etməzdən əvvəl düşünmək və bu sahəyə uyğun olub olmadığını bilmək lazımdır.  

- Türkiyədə ki, zəlzələ zamanı bəzi binalar külə döndü sanki. Bu zəlzələnin gücündənmi asılıdır,  yoxsa keyfiyətsizliyindənmi irəli gəlir?

- Hər iki məqam burda vacibdir. Çoxlu sayda bina dağıldı. Bunlardan bəziləri davamlı olduqları halda zəlzələyə tab gətirə bilmədi. Tamamən dağılmış, belə desək kül halına gəlmiş binalar isə keyfiyyətsizlik səbəbindəndir. Tikintilər zamanı nəzarət düzgün şəkildə olmayıb. Acı bir haldır ki, birinin vicdansızlığı və acgözlüyü səbəbindən günahsız insanlar həyatını itirir. Buna nəzarət etmək lazımdır. Tikintilər zamanı dərin baxışlar keçirilməlidir ki, bu gün bunlar yaşanmasın.

- Sovet dövründə bakıda 5- 6 mərtəbəli binalar tikilirdi. Lakin indi çoxmərtəbəli göydələnlər inşa olunur. Bakının relyefi, quruluşu buna icazə verirmi?

- Bu problemə iki nöqteyi-nəzərədən yanaşmaq olar. Birincisi, keyfiyyət məsələsidir ki, keyfiyyətdə problem yoxdursa, qorxulu hal da yoxdur. Keyfiyyət yerində olduqdan sora dənizin ortasında çoxmərtəbəli mərtəbəli bina tikmək olar. Müasir memar olaraq çoxmərtəbəli binaları sevirəm. Tikilməsində və istifadəyə verilməsində heç bir problem görmürəm. Digər məqam isə Bakının tarixi mərkəzi abu-havası illərdir, formalaşır. Bakının çox gözəl dəniz panoraması var. Durub onun qarşısında yüksək mərtəbəli bina tikərək bu mənzərənin qarşısını almaq mədəniyyətsizlik olar. Buna görə də dövlət orqanları belə məqamların qarşısını almalıdırlar. Hesab edirəm ki, mərkəzdə çoxmərtəbəli binalar tikmək olmaz. Bakının anfiteatrlığını qoruyub saxlamalıyıq.

Söhbətləşdi: Şərqiyyə Nəbi