“Vedidə mənim baba yurdum var”


Yeganə Kərimzadə: “Mən orada bir dəfə atamla olmuşam və o an da Vətən sevgisinin nə olduğunu dərk etmişəm”
“Əlbəttə, ora getmək mənim ən böyük arzumdu. Onda babamın, nənəmin, bibilərimin, əmilərimin və atamın da ruhu şad olar”
“Bu missiya - Vətənə qayıdış mənə qismət olarsa, deməli, bu dünyada əbəs yaşamadım”
 
  Novruz bayramı günlərində  xalqımızın sevimlilərini yad etmək “Şərq”də ənənə halını alıb artıq. Müsahibimiz Yeganə Kərimzadədir – xalqın yazıçısı, ustad Fərman Kərimzadənin övladı. Bayram günlərində Yeganə xanım “Şərq”ə deyil, biz ona qonaq olduq.  İşi başından aşsa da, bizə vaxt ayırdı. “El içində, öl içində” deyən Fərman Kərimzadənin övladıdır çünki. Fərman Kərimzadə ocağının qapısı isə kimsəyə bağlı qalmaz!..  Yeganə xanımla söhbət etmək istədiyimizi bildirəndə nəzakətlə “bir az işim var, biş-düş, xəmir işi… Olar sabah danışaq?” soruşdu.  Azərbaycan xanımlarının bayramqabağı iş-gücü bitirmi ki?!. Təbii, razılaşdıq. Hələ “əl Amanda” sual da verdim: “Yeganə xanım, Bakı şirniyyatı bişirirsiniz, yoxsa İrəvan?” O da “mən Bakıda doğulub böyümüşəm. Amma İrəvan yeməkləri də hazırlayıram”, dedi.   
  Bayram hazırlıqlarına ertəsi gün qısa fasilə verən Yeganə xanımla söhbətimiz başladı:        
- Yeganə xanım, bizə vaxt ayırdığınız üçün sizə minnətdarıq. Bilirsiniz ki, atanız – hamımızın sevimlisi Fərman Kərimzadəyə sayğımız sonsuzdur. Allah ustad yazıçımıza, xalqımızın sevimlisinə qəni-qəni rəhmət eləsin. Ruhu şad olsun. Novruz günlərində Fərman müəllimi yad etmək boynumuzun borcudur. Atanızın axır çərşənbəyə, bayram axşamına xüsusi önəm verdiyini, ailə üzvlərinin mütləq bir masa arxasında olmasına çalışdığını qeyd edirsiniz. Fərman müəllimin bu inancı sizcə nəyə bağlı idi? İstəyirəm bir qədər dərinə enək. O mənada ki, hamımız bayram axşamları evdə, ailə ilə birlikdə olmaq istəyirik, maksimum buna çalışırıq. Bu inancın altında nə yatır sizcə? Bu, sadəcə ənənəyə kor-təbii bağlılıqdır, yoxsa hər bir azərbaycanlının şüuraltısından, kökdən, mayadan qaynaqlanan istək, vacibat?  
- Əvvəlcə, Fərman Kərimzadə adına, şəxsiyyətinə dəyər verib yad etdiyiniz üçün sizə minnətdaram. Suala qalanda isə məncə, onun dərin kökləri var. Atam adət-ənənələrə çox bağlı insan idi. Onun "Vedinin yanı dağlar" adlı etnoqrafik romanı atamın el-obaya. vətənə, adət-ənənələrə necə bağlı olduğundan xəbər verir. Ailəmizdə də Novruz bayramı xüsusi qeyd olunardı. Hətta yadımdadı ki, biz balaca olanda atam bibim Sara xanımla Novruz bayramında oynanılan oyunları bizə öyrədirdilər. Uşaq vaxtı evimizdə ən maraqlısı atamın "rejissorluğu" ilə bizim tamaşa hazırlamağımız olurdu. Sonra da atam özü, bibilərim, anam, nənəm tamaşaçı kimi bizi seyr edərdilər. O dövr üzlərdə kədər yox, sevinc vardı. Xoşbəxt günlərimizi yadıma saldınız… 
- Atanız vəfat etsə də, hər bayramı, şübhəsiz, həm də onunla keçirmisiniz. Və keçirirsiniz. Necə hissdir bu, atalı-atasız bayram keçirmək?  
- 1989 cu il 17 mart ən ağır axır çərşənbə oldu mənim üçün. O gündən otuz dörd il keçsə də, o yoxluğa hələ də alışa bilmədim. Düz otuz dörd ildir hər bayram mənim süfrəmdə bir əlavə qab olur. Atasız, anasız, hansı yaşda olursan ol, onlarsız boynu bükük olursan.
- Ananız haqqında da danışın. Ananız Novruza neə hazırlaşardı? Onun hansı adətlərini siz yerinə yetirirsiniz, “anam belə edərdi” deyib onu təkrarlamağa çalışırsınız? 
- Anam yeddi uşaqlı evin ikinci ərköyün qızı olub. Oxumaq, təhsil almaqdan başqa fikri olmayıb. Ailəsi ona bu şəraiti də yaradıb. Atamla tələbə vaxtı  evlənsələr də, atam da anamın təhsil almasına mane olmayıb. Anama yemək bişirməyi atam öyrədib. Amma anam da pis "tələbə" olmayıb. Çox evdar qadın idi. Gözəl əl qabiliyyəti vardı. Dörd övlad anası idi, hər şeyin gözəlini bizim üçün edərdi. Çox qürurlu qadın idi. Bir çətinliyi olsa onu biz övladlarına belə bildirməzdi. Biz evdə rahatlıq, təmizlik, isti yemək görərək böyüdük. Anam bizə kitab oxumağı sevdirdi. Özünün bir günü də mütaliəsiz  keçməzdi. Atam yazanda onu bizdən belə qoruyardı. Evdə sakitlik yaradar, barmaqlarının ucunda kişinin çayını, suyunu aparıb yanına qoyardı. Atam evdən gedəndə də, gələndə də biz onu ayaq üstə yola salıb qarşılardıq. Bu, anamın qaydası, ərinə olan sevgisi, hörməti idi. Hər bir addımımda anama bənzəməyə çalışıram. Bəlkə də çalışmağa ehtiyac yoxdur, çünki övladlar ata-analarının davamıdı.
- Yeganə xanım, doğma yurdda, Vedidə Novruz adətləri necə idi? Bu haqda nə bilirsiniz? Yaxın qohumlar bu barədə danışırdımı? 
- Bibilərim, atam danışardı, o söhbətlərdəki həsrət daha çox yadımdadı...
- Maraqlı həm də budur ki, Fərman Kərimzadə Ə.Əzimzadə adına rəssamlıq məktəbini bitirib. Səhv etmirəmsə, sonra da Moskva Kinematoqrafiya İnstitutunda təhsil alıb. Yəni filologiya, ədəbiyyat, dil üzrə təhsil almayıb, amma nəhəng əsərlər yazıb, bizə miras qoyub. Yəqin ki, mayalandığı torpaq, nəsil-kök özünü göstərir. Həm də yəqin ki, xalq, millət yanğısı. Tariximizi xalqa olduğu kimi çatdırmaq yanğısı. 
- Atam əslində tarixçi olmaq istəmişdi. BDU-nun tarix fakültəsinə də imtahan verir. Balı aşağı olduğu üçün Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olur. Sonradan məlum olur ki, atam sən demə, tarix fakültəsinə qəbul olunubmuş, amma zaman elə imiş ki, bu xəbəri ona gec çatdırıblar. Rəssamlıq məktəbindən sonra müəllim işləyir və Moskva Kinemotaqrafiya İnstitutuna qəbul olunur. O, yaradıcı insan idi. Harda təhsil almağından asılı olmayaraq o, yazıçı olacaqdı. Yaşadığı dövr, tarixi hadisələrin cərəyanı, uşaqlıqdan ürəyində yaşadığı köçürülmə onun yaddaşına hopmuşdu. Bu insan hər bir olanın cavabını tapmağa çalışan biri idi. Cavabsız suallar qarşısında aciz qalmaq ona aid deyildi. Araşdırmaları, tarixə bağlılığı onu yazıçı etməyə bilməzdi, etdi də. Atam beş tarixi roman yazıb, hər biri tariximizin araşdırılmamış mövzusu idi. Yazıçı kimi o, vətəndaş mövqeyini əsərləri ilə göstərməyi bacardı. Bu sözü övladı kimi yox, bir Azərbaycan ziyalısı kimi tam məsuliyyətimlə deyirəm. 
- F.Kərimzadənin rəsm əsərləri də varmı? Çəkilən filmlərdə özü, yaradıcı, istedadlı insan olaraq, məsələn, rəssamlıqla, səhnələrin qurulması, quruluş verməklə bağlı hansısa məsləhətlər verirdimi? 
- Atam yazıçı idi. Rəssamlıq təhsili içindəki istedadın üzə çıxmasında ona kömək etmişdi. Mən özüm də bu yolu keçmişəm. İlk təhsilim rəssamlıq məktəbi olub. Sonra başa düşdüm ki, mən çəkməsəm qala bilərəm, yazmasam ölərəm. Atamı onda dərk etdim. Bəli, onun rəsm əsərləri var. Amma filmlərə rəssam kimi quruluş verməyib. Etsəydi, məncə, çox uğurlu olardı. O, yazmağı üstün tuturdu. Tələsirdi. Bəlkə də belə tez gedəcəyini duymuşdu, deyə bilmərəm… 
- Maraqlıdı, məsələn, hansı mövzularda rəsmlər çəkirdi?   
- Atam adətən natürmort və portretlər çəkərdi. Peyzajlar da vardı. Anamın portretini çox gözəl işləmişdi. Qardaşımın portreti də maraqlı idi. Amma məni çəkmədi. Deyirdi sənin xarakterini müəyyən edə bilmirəm. Onun portretlərində xarakter vacib idi.
- Yeganə xanım, tarixi torpaqlarımıza qayıdışla bağlı sizin fikrinizi bilmək istəyirəm. Bu məsələyə baxışınız necədi? Hansı hissləri keçirirsiniz... 
- Tarixi torpaqlarımıza qayıdış əlbəttə həyəcanvericidir. Ən böyük arzum bir daha Vedidə olmaqdır. Ora mənim ata yurdumdur. İrəvan bizim torpağımızdır. Vətəndən vətənə qayıdış arzuların reallaşması ola bilər. Bu yolda Ali Baş Komandanımıza yalnız uğurlar arzulaya bilərəm.
- Atanız olsaydı, sizcə indi o, hansı işlərlə məşğul olardı? Məncə, tək-tək axtarıb arayacaqdı vedililəri. Kim həyatdadır, kim köçüb. Məlum məsələdir, həyatda ikən də belə idi, Bakıda yaşasa da, Vedidən kənar olmayıb heç vaxt. Sırf iş görmək, yardım etmək baxımından nəzərdə tuturam. 
- Atam sağ olsaydı... O, yüz faiz biznesmen olmazdı. "El içində, öl içində" deyən adam əvvəl necə idisə, yenə də elə olardı. Atam başqa insan idi. Düşmənlərimiz ona Koroğlu deyirdilər, çəkinirdilər ondan. Dostları onu bir  gün görməyəndə darıxardılar, evimiz aşıb-daşardı gedib gələnlərlə. Onu çox sevirdilər. Bu sevgini mən 1989-cu il martın 17-də bir daha gördüm. Atamı evdən aparırdılar, izdiham vardı yolda. İnsanlar onun cənazəsini maşına qoymaq istəmirdi. Çiyinlərində aparırdılar onu. Tbilisi prospektində maşınlar belə dayanmışdı. Prospekt boyu insan axını vardı. Onu yola salıb, eyvandan arxasınca əl edirdim. Eyvanımıza ağ göyərçinlər qonmuşdu. İzdiham getdikcə göyərçinlər də onların ardıycan uçurdu. Sonra mənə dedilər ki, atamı torpağa qoyanda iki dəqiqə yağış yağdı. Bu, mistika deyil, göylər də onu sevirdi. Belə insan çox yaşaya bilməzdi...
- Vedidə yaşamağa hazırsınızmı? Gedərsinizmi ora? Evinizi, yurdunuzu bərpa etmək istəyirsinizmi? 
- Mən Vedidə bir dəfə atamla olmuşam və o an da Vətən sevgisinin nə olduğunu dərk etmişəm. Vedidə mənim baba yurdum var. Əlbəttə, ora getmək mənim ən böyük arzumdu. Onda babamın, nənəmin, bibilərimin, əmilərimin və atamın da ruhu şad olar. Bu missiya - Vətənə qayıdış  mənə qismət olarsa, deməli, bu dünyada əbəs yaşamadım. Mənə qismət olmasa, oğullarımız - atamın adını daşıyan qardaşım oğlu Fərman Kərimzadə var, o mütləq dədə-baba yurduna sahib çıxar. Təki, bunu görmək bizə nəsib olsun... 
- Yeganə xanım, siz atanızla bağlı sənədli film üzərində işləyirsiniz. Vəziyyət necədi? Hansı mərhələdədi film?  
- Sənədli filmə maliyyə məsələsini həll etməyə çalışıram. Hələ ki, bu dəstək yoxdu. Mən adi sənədli film istəmirəm. Bu film sənədli-bədii film olmalıdı. O da bir qədər maliyyə tələb  edir. Hər halda həll etməyə çalışacam. 
- Kim yaradacaq Fərman Kərimzadənin obrazını? 
- Obrazı yaradacaq adamı gözaltı eləsəm də, özünə heç nə deməmişəm. Gəncliyini biri, 50 yaşlarındakı dövrünü isə digər aktyor canlandırmalıdır. “50 yaşlı” Fərman Kərimzadəni tapmaqda çətinlik çəkirəm, amma axtarıram... 

Söhbətləşdi: Məlahət Rzayeva