“Xocalıda nəslimdən 51, ailə üzvlərimdən isə 4 nəfər şəhid olublar və azad şəhərə onlarsız qayıdacam”
“Sherg.az” Xocalı sakini, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Səriyyə Müslümqızı ilə həmsöhbət olub.
Söhbəti təqdim edirik:
- Bir Xocalı sakini kimi Xocalının işğaldan azad olunması sizə necə təsir edir? Vətən həsrəti sona çatdı deyə bilərikmi?
- Siz mənə ürəyimdən keçən sualı verdiniz. Bu gün Azərbaycan əsgərinin ayağı 31 il həsrətində olduğum Xocalıya dəyib. Onları dünyaya gətirən və yetişdirən valideyinlərin hər birinə təşəkkür edirəm. Çünki məhz həmin igidlərin qanları hesabına 31 illik həsrət sona çatdı. Bir Xocalı sakini kimi bu məni həm qürurlandırdı, həm də kədərləndirdi. Artıq inanıram ki, tezliklə öz evimə gedəcəm (ağlayır). Mən uzun illər Xocalını yuxularımda görmüşəm. Bu gün isə həmin yuxular çin oldu. O torpaqlar bizi gözləyirdi. Çünki əsl sahibləri biz idik.
- Azərbaycan polislərinin və əsgərlərinin ermənilərə bu qədər humanist yaxınlaşmasını necə dəyərləndirirsiniz?
- Ermənilər artıq torpaqlarımızı tərk edirlər. Onlar əvvəldən bilirdilər ki, bu torpaqlar bizimdir. Polislərimiz isə su paylayaraq, qocalara və xəstələrə kömək edərək dünyanı heyrətə gətirirlər. Ermənilər isə vaxtilə 366-cı motoatıcı alayla birgə nə qocaya, nə qadına, nə də uşaqlara rəhm etmişdilər. Bu gün onlara yardım edən polislərimiz və əsgərlərimiz isə həmin meşə ilə ayaqyalın qaçan oğullardır. Onlar artıq əsgər çəkməsi geyinib öz yurdlarına qayıdıblar.
- Digər Xocalı sakinləri bunu necə qarşıladılar? Öz yurdlarına qayıtmağa hazırdırlarmı?
- Xocalılılar hər zaman öz yurdlarının həsrətində olublar. Çünki vətən həsrəti çox böyük dərddir. Düzdür, Azərbaycanın hər bir guşəsi bizə əzizdir. Ancaq vətən adamın evindən başlayır. Xocalı isə bizim evimizdir. Hələ Xocalıdan cıxdığım o lənətlənmiş gecədə mən bilirdim ki, nə vaxtsa, geri qayıdacam. Düzdür, böyük itkilər vermişəm. Nəslimdən 51, ailə üzvlərimdən isə 4 nəfər şəhid oldular və onlarsız qayıdacam. Lakin üzülmürəm. Çünki ən azından onların yurdumuzdakı ruhlarını, nəfəslərini duyacam. Evimin qapısını açacağım gündən şərəfli bir an isə təsəvvür edə bilmirəm. Mən dövlətimizə, Prezidentimizə və qəhraman oğullarımıza yaşımın bu çağında yurdumu görməyi nəsib etdiklərinə görə minnətdaram.
- Xocalıda və Qarabağda cinayət törədənlər bir-bir qanun qarşısına çıxarılır. Bu, yaralarınıza az da olsa su səpirmi?
- Mən hər zaman düşünmüşəm ki, Xocalıda soyqırım törədən ermənilər və ruslar öz əcəli ilə ölməyəcək. Onlar mütləq bir gün ədalətin qarşısına çıxacaqlar. Bu 31 il ərzində ərsəyə gətirdiyim filmlər və kitablarda həmin cinayətkarların Haaqa Məhkəməsi qarşısında cavab verməsi üçün müraciətlər etmişəm. Amma biz illərdir buna nail ola bilmədik. İndi isə Prezident səviyyəsində bu proses başlayıb. İnanıram ki, Xocalı və Qarabağdakı cinayətlərdə barmağı olan hər bir şəxs mütləq layiqli cəzasını alacaq. Çünki onlar Azərbaycanın genefonduna zərbə vurublar.
- Bu 31 il ərzində yurd həsrətinə necə tab gətirmisiniz?
- Mən heç vaxt ümidimi itirməmişəm. Bir jurnalist olaraq qələmə sarılmışam. Həmçinin 21 kitabın müəllifiyəm. Kitablarım 11 dildə işıq üzü görüb. Hər il Xocalı hadisələrinin anım günündə mənim kitablarım Xarici İşlər Nazirliyinin xətti ilə yayımlanır. Həmçinin Avropa və müsəlman ölkələrində xeyli tədbirlər həyata keçirmişəm.
- Artıq ermənilərlə birgə yaşama və onların reinteqrasiya məsələsi gündəmdədir. Bir Xocalı sakini kimi ermənilərlə birgə yaşaya bilərsinizmi?
- Bu sual hər kəsi düşündürür. Hətta dünyanın da maraq dairəsindədir. Çünki təcrübədə belə hallara rast gəlinib. Mən 3 il öncə Bosniya və Hersoqovinadaydım. Bilirsiniz ki, boşnaklar da serblər tərəfindən soyqrımına məruz qalıb. Sarayevada xorvatlar, boşnaklar və serblər birgə yaşayırlar. Bizdə isə yaralar çox təzədir. Ermənilərlə birgə yaşamaq indiki şəraitdə çətindir. Hələ Qarabağ hadisələrindən öncə biz ermənilərlə birgə yaşayırdıq. Yadıma gəlir ki, biz dostluq görüşləri üçün erməni kəndlərinə gedirdik. Ən çox da Xocalı ilə üzbəüz olan Noragohda olurduq və birgə qardaşlıq mahnıları oxuyurduq. Lakin elə o zamanlardan erməni uşaqlarının bizə qarşı sevgisinin olmadığını hiss edirdik. Bunu isə məharətlə gizlədirdilər. Yəni onlar bizə qarşı hər zaman kin bəsləyib. Əgər bəsləməsəydilər, bu qədər qanın tökülməsinə imkan verməzdilər. Bu qanlar isə hələ qurumayıb. Ona görə də Xocalıda ermənilərlə birgə yaşamaq hələlik mümkün deyil.