Mehman Əliyev: “Onlar müharibə qurtarsa da, savaşı davam etdirirlər" -MÜSAHİBƏ

Ermənistan yekun sazişin imzalanmasına hazır deyil

“Ermənistan cəmiyyəti xəstədir və çox böyük problemləri var. Mən onlarla təmasdayam, qeyri-hökumət xətti ilə təşkil edilən görüşlərdə iştirak edirəm və baxışlarını görürəm…”

“Bakı Qarabağa ermənilərin qayıdışına etiraz etmir, ancaq konkret vurğulayır ki, o zaman azərbaycanlılar da tarixi yurdlarına - Zəngəzura geri dönsünlər. Erməni tərəfi isə bunu istəmir”


  Regionda sülhün dəstəklənməsi üçün etimad quruculuğu tədbirləri üzrə Ermənistan-Azərbaycan birgə qrupu Azərbaycan və Ermənistan arasında 7 dekabrda əldə olunmuş razılaşmanı dəstəklədiyini bildirib. Birgə ekspert qrupunun bəyanatında deyilir ki, tərəflər arasında məhbusların azad edilməsi və etimadın möhkəmləndirilməsi üzrə digər tədbirlər haqqında razılaşma xüsusilə alqışlanır. Birgə qrup üzvləri hesab edir ki, bu bəyanat ikitərəfli münasibətlərin normallaşması və danışıqların bərpası prosesində mühüm addımdır. Onlar “bölgədə çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi şans var” fikrini də alqışlayır. Birgə qrup “münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsi bağlamaq” niyyətini dəstəkləyir. Xatırladaq ki, Birgə Əlaqə Qrupu 2021-ci ilin yayından etimad quruculuğu tədbirləri üçün ideyalar hazırlamaq və onların həyata keçirilməsi üçün siyasi və ictimai dəstəyi səfərbər etmək üçün fəaliyyət göstərir. Birgə qrupda iki ölkənin vətəndaş cəmiyyəti fəalları və ekspertləri yer almaqdadır. Azərbaycandan qrupa Əhməd Əlili, Mehman Əliyev, Şəhla İsmayıl, Gülməmməd Məmmədov, Ramazan Səmədov, Anar Vəliyev daxildir. 
  
Sülh prosesi ətrafında cərəyan edən hadisələrlə bağlı "Sherg.az"ln suallarını cavablandıran "Turan" İnformasiya Agentliynin direktoru, politoloq Mehman Əliyev deyib ki, 7 dekabr razılaşması sülh müqaviləsindən daha çox konkret məsələlərə yönəlik idi. Ona görə də Mehman Əliyev anlaşmanın sülh prosesinə ciddi təkan verəcəyini ehtimal etmir...

 - Mehman müəllim, Ermənistan sülhə yaxınlaşırmı? İrəvan hökumətinin "sülh yaxındır" iddiaları nə dərəcədə realdır? 
 - Ermənistan tərəfi sülhə, yekun sazişin imzalanmasına hazır deyil. Ermənistanda hələ fərqli diskussiyalar getməkdədir. Qarabağ ermənilərinin ora necə qaytarılmasından və bir çox məsələdən danışırlar. Sülh müqaviləsinin bağlanmasına qətiyyən tələsmirlər. Ermənistan-Azərbaycan arasında anlaşma rəsmi Bakıya lazım idi. Çünki Azərbaycan COP29-un ölkəmizdə keçirilməsinin marağındadır. Nəhəng, böyük və strateji əhəmiyyəti olan bir beynəlxalq tədbirin təşkil olunmasından söhbət gedir. Buna mane olacaq əsas məsələlərdən biri konsensusun əldə olunması, yəni Ermənistanın səsi idi. Ancaq sülh məsələsi başqadır.

 - Vasitəçisiz təmaslara münasibətiniz necədir? İkitərəfli danışıqlarla sülhə nail olmaq mümkündürmü? 
 - Əlbəttə, ikitərəfli görüşlərdə irəliləyiş və sülh sazişinin bağlanmasına nail olmaq mümkündür. Amma məsələ ondadır ki, bu prosesə yenə kənar güclər, məsələn, Qərb və Rusiya razılıq verməlidir. Əgər tərəflər ilk növbədə özləri qərar verərək vasitəçisiz təmasları intensiv hala gətirsələr, nəticələr ortaya çıxar. Problem odur ki, Ermənistan hökuməti özü buna hazır deyil. İrəvan danışıq formatlarından qaçmadığını göstərməyə çalışsa da, real sülh sazişinin imzalanması məsələsində qəsdən prosesi uzadır. 

 - "Ermənistan sülhə tələsmir" dedikdə söhbət konkret Nikol Paşinyan hökumətindən gedir, yoxsa İrəvana təsir göstərən kənar qüvvələrdən? 
 - Bilirsiz, Azərbaycan prezidentli respublikadır və qərarlar birbaşa qəbul olunur. Ermənistanda müxalifət də bir neçə yerə bölünüb və ümumən, ölkədə, cəmiyyətdə vahid idarəetmə sistemi yoxdur. Güclü hakimiyyət olarsa, erməni cəmiyyətinə diktə edər ki, İrəvan hökuməti fılan məsələdə fılan qərarı qəbul edib. Paşinyan hər hansı qərarı qəbul etməzdən qabaq xeyli hazırlıq gedir. Günlərlə cəmiyyəti həmin məsələyə inandırmağa çalışırlar. Yəni birmənalı olmur və cürbəcür addımlar atılır. Düşünmürəm ki, Paşinyan və komandası dedikləri kimi indiki status-kvo ilə razılaşmaq, Qarabağı tam itirmək, Azərbaycanla sülh sazişinin yollarını açmaq və s. məsələlərdə səmimidir. Buna hazır deyillər. Ermənistanın paytaxtında faşist Q.Nijdeyə heykəl qoyulanda demişdim ki, nə qədər həmin abidə orada qalacaq, erməni ictimai şüurunda Azərbaycana və Türkiyəyə qarşı münasibət dəyişməyəcək. Biz ermənilərə düşmən olaraq qalırıq. Ona görə də hansısa saziş, qalıcı sülh, uzunmüddətli ittifaqın reallaşması çətindir.  

 - Etimad mühiti çərçivəsində atılan müəyyən addımlar iki cəmiyyət arasındakı düşmənçiliyi, nifrəti azalda bilərmi? 
 - Ermənistan cəmiyyəti xəstədir və çox böyük problemləri var. Mən onlarla təmasdayam, qeyri-hökumət xətti ilə təşkil edilən görüşlərdə iştirak edirəm və baxışlarını görürəm. Erməni nümayəndələri tam hakimiyyət tərəfindən idarə olunurlar və özləri heç bir qərar qəbul edə bilmirlər. İrəvan hökumətinin mövqeyi də elədir ki, heç bir kompromisə getmirlər. Məqsəd Azərbaycanı gözdən salmaq, bizi Türkiyə və Rusiya kimi "avtoritar rejimlərin" müttəfiqi kimi göstərmək, Ukrayna savaşında Moskvanı dəstəkləyən ölkə kimi təqdim etməkdir. Bu da o deməkdir ki, ortada hələ heç bir güzəşt yoxdur. Ermənistan tərəfi Azərbaycanla savaşı davam etdirir. Müharibə qurtarsa da, savaş gedir. 

 - Qərbin Ermənistanda möhkəmlənməsi, bu ölkəni silahlandırma cəhdlərinin arxasında nə dayanır? 
 - Qərbin məqsədi Cənubi Qafqaz regionunda öz mövqelərini genişləndirmək və Rusiyanı bölgədən tamamilə çıxartmaqdır. Yəni ABŞ və Avropanın əsas qayəsi heç də Ermənistanı gücləndirmək deyil. Sadəcə, İrəvanı Rusiyanın əlindən almağa, Kremlin təsiri altından çıxarmağa çalışırlar. Hazırda bunun savaşı gedir. Paşinyan və erməni cəmiyyəti Rusiya ilə Qərb arasına çapalayır. Ermənistan hakimiyyəti Rusiyadan uzaqlaşmaqda israrlı görünür. Moskvanın təkliflərinə "yox" deyirlər, KTMT, MDB və digər qurumların tədbirlərində iştirak etmirlər. Rusiya da cavab olaraq "Lars" keçidini bağlayır və yük maşınlarını buraxmır. Yəni Ermənistan-Rusiya arasında gərginlik açıq müşahidə olunur. İrəvan Qərbə meyl etdiyini və Moskvadan qaçdığını aşkar formada göstərir. Əslində, ermənilər ruslardan it kimi qorxurlar. Görüşlərin birində hətta deyirdilər ki, "Qarabağ savaşı məşq idi, Ukrayna ilə müharibə ərəfəsində bunu sınaqdan keçirtdilər və Rusiya bu sınağı Ukraynada tətbiq etməyə başladı". Bu qədər cəfəng fikirlər səsləndirirdilər. Bəyanat hazırlayanda ermənilərə təklif etdim ki, "Rusiyanın Ukraynaya təcavüzünü pisləyirik" müddəasını ora əlavə edək. Ermənilər bunu imzalamaqdan imtina etdilər və bəyanatdan çıxarılmasını istədilər. Qərb nümayəndələrinə dedik ki, bax, görürsüz, ermənilər belədir. Dedilər ki, onsuz da erməniləri yaxşı tanıyırlar. Yəni demək istəyirəm ki, Ermənistan Rusiyadan uzaqlaşmaq istəsə də, bunu reallaşdıra bilmir. Qərbə yönəlmək də effekt vermir, amerikalılar deyirlər ki, Rusiyadan tam ayrılıb gəlin. Azərbaycan üçün isə belə problemlər yoxdur. Rəsmi Bakı tarazlaşdırılmış siyasət həyata keçirir. Hamı ilə münasibətlərimizi qururuq, öz maraqlarımızı təmin edirik. Ermənistanda, həmçinin Gürcüstanda isə bunlar, yoxdur. O tərəfə qaç, bu tərəfə qaç, nəticəsi göz qabağındadır. 

 - Sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizi və digər mühüm məqamlar sülh müqaviləsinin harasındadır? Bu məsələlərin qısa zamanda həlli mümkündürmü?
 - Zənzəgur dəhlizinin açılması 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda konkret olaraq 9-cu bənddə əksini tapıb. Ermənistan isə hələ bunu reallaşdırmayıb. İranla alternativ dəhliz razılaşması Zəngəzur dəhlizi məsələsində İranın bizə dəstəyidir. Həm də Ermənistana təzyiqdir ki, əgər razılıq verməzsəniz, yol İrandan keçəcək və siz kənarda qalacaqsınız. Məhz bu məsələ gündəmə gələndən sonra Paşinyan öz təklifləri, təşəbbüsləri ilə çıxış etdi, canlanma oldu. Amma real olaraq heç nə görmürük. Yekun sülh müqaviləsində isə sərhədlər, nəqliyyat yollarının açılması və s. məqamlar əksini tapmalıdır. Problem odur ki, ortada sülh sazişi yoxdur. Hazırda Ermənistan tərəfi Qarabağa ermənilərin qayıtması məsələsini gündəmə gətirirlər. Prezident İlham Əliyev ADA-da keçirilən Forumda çıxışı zamanı dedi ki, azərbaycanlılar da Zəngəzura qayıtmalıdır. Əlavə olaraq, anklavlardan söz açılır. Ermənistan Qazaxın 7, Naxçıvanın 1 kəndinin qaytarılmasına Gədəbəyin Başkənd kəndinin qaytarılması şərtini qoşurlar. Bu məqamları qabardaraq sülh sazişinin imzalanmasını uzadırlar. Yəni sülh sazişinin ümumi mətni hazır olsa belə, iki məsələ - anklav və kəndlər problemi qalmaqdadır. Şübhə yox ki, bunlar həllini tapsa, ermənilər başqa bəhanə tapacaqlar. Çünki strateji maraqları ondan ibarətdir ki, proses maksimum uzansın. Ümid edirlər ki, "Putin öləcək, Ərdoğan ABŞ ilə qarşıdurmaya gedəcək və s". Ermənilər bunlarla yaşayırlar. 

 - Qarabağa ermənilərin hər hansı formada qayıdışı real görünürmü? 
 - Rəsmi Bakı buna etiraz etmir, ancaq konkret vurğulayır ki, o zaman azərbaycanlılar da tarixi yurdlarına - Zəngəzura geri dönsünlər. Erməni tərəfi isə bunu istəmir. Ermənilərin özlərinin dediklərinə görə, hazırda Zəngəzurda 5-6 min adam yaşayır. Kəndlər hamısı boşdur. Azərbaycanlılar həmin bölgələrdə yaşaya bilərlər, amma İrəvan bunu qətiyyən istəmir. Ona görə Qarabağa ermənilərin geri dönüşü də real görünmür.