“Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşması müsbət amildir. Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Avropa İttifaqının rolunun artırılmasında maraqlıdır”.
Bu fikirləri beynəlxalq məsələlər üzrə şərhçi İlqar Vəlizadə Sherg.az-a Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlığı dəyərləndirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfinin Avropadan gözləntiləri çoxdur: “Bununla yanaşı Aİ də Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri, Aİ Şurasının prezidenti Donald Tusk və digər rəsmilərlə görüşləri, müzakirələr, eyni zamanda bu günlərdə Tuskun Bakıya səfəri, Azərbaycan ilə Aİ arasında əlaqələrin inkişafından məmnunluğun ifadəsi ilə bağlı verilən bəyanatlar təqdirəlaiqdir.
Bu gün Azərbaycan və Aİ münasibətləri həm region üçün, həm də bölgədə gedən proseslər baxımından önəmlidir. Son dövrlər münasibətlər hər iki tərəf üçün faydalı olacaq şəkildə inkişaf edir. Bununla belə, Azərbaycan tərəfinin Avropadan gözləntiləri çoxdur. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Avropa İttifaqının rolunun artırılmasını istəyir. Düşünürəm ki, tərəflər bu məsələ ilə bağlı da ortaq məxrəcə gələ biləcəklər”.